“Bakıda bu qiymətlərlə yaşamaq mümkün deyil” - Maaşlar iki dəfə ARTIRILACAQ?
6-11-2024, 10:30
Paytaxt Bakıda orta maaş son üç ayda 9.8 manat azalıb və 1258 manat 90 qəpiyə düşüb.
Sosioloq Elçin Bayramlı Referans.az-a açıqlamasında bunu paradoksal hal adlandırıb.
“Son dövrlərdə davamlı olaraq bütün məhsul və xidmətlərin qiymətində bahalaşmalar gedir. Son vaxtlar müəyyən enerji daşıyıcılarının qiyməti, ərzaq, qeyri-ərzaq məhsullarının qiyməti artdı. Ümumiyyətlə, davamlı bahalaşma gedir. Maaş və pensiyalarda isə uzun müddətdir ki, artım baş vermir. Bu, özəl sektorda da belədir. Bunu da qeyd edim ki, Bakıda orta maaşın 1258 manat olması cəmiyyətdə istehza ilə qarşılanıb. Bunun həqiqət olduğu düşünülmür. İqtisadçı-ekspertlər tərəfindən median əməkhaqqı 400-500 manat qiymətləndirilir. Çünki orta əməkhaqqı ümumiyyətlə, anlaşılmaz və əsassız termindir. Median əməkhaqqı sistemi daha adekvat və düzgün, dünyada qəbul olunmuş bir sistemdir”.
Ekspert bildirib ki, Azərbaycanda əhalinin 80 faizi 400-500 manat əməkhaqqı alır. Digər qalan hissə isə aylıq 500-1000 manat arası maaş əldə edir. Çox az faizin isə aylıq əməkhaqqı 1000 manatdan yüksək məbləği təşkil edir.
“Bunu bilmək üçün orta təbəqə işçilərin maaşını soruşmaq və yaxud da ölkədə günəmuzd işləyən şəxslərin günlük gəlirlərinə baxmaq kifayətdir. Belə ki, kütləvi şəkildə işlənən işlərdə gündəlik 15-20 manat olaraq qiymətləndirilir. Bura gündəlik kuryer, satıcı, ofisiant və s. işlər daxildir. Dünyanın ən bahalı şəhərlərindən biri olan Bakıda bu əməkhaqqı dəhşətlidir. Bu əməkhaqqı ilə nəinki Bakıda, hətta regionlarda belə yaşamaq mümkün deyil. Dörd nəfərlik ailənin gəliri 1000 manatı keçməlidir. Əgər 1000 manatdırsa, bu, artıq yoxsulluq həddidir. Dörd nəfərlik ailədə bir nəfər işləyir və 500 manat alırsa, bu artıq yoxsulluq həddindən də 2 dəfə aşağıdır. Hazırda ümumi olaraq, minimum əməkhaqqı, orta əməkhaqqı, pensiya məbləğini götürsək, əhalinin çox böyük hissəsi dövlətin rəsmi müəyyənləşdirdiyi yoxsulluq həddindən aşağı yaşayır”.
Elçin Bayramlı qeyd edib ki, bahalaşmalar davam etdikcə əhalinin alıcılıq qabiliyyəti aşağı düşür.
“Hər hansı bir artım olduqda isə inflyasiya o artımı iki dəfə artıq yeyir. İnflyasiyanın cilovlamaq mümkün deyilsə, artımların da bir mənası qalmır. Ölkənin ən yaxşı əməkhaqlarının olduğu iddia olunan Bakıda belə bu qiymətlərlə yaşamaq mümkün deyil. Bu da daha dəhşətli nəticələrə yol açır, ailə quranların azalmasına gətirib çıxarır”.