Çılpaq qadın heykəli Bakıya necə gəldi? - Bu barədə ÇOX DANIŞIRIQ...
6-11-2024, 15:51
Paytaxta yeni heykəl gəlib. Dünyanı xilas edən və ya etməyə çalışan qadın heykəli. Amma geyimsizdi, libası yoxdur. Bilmirik, italyan heykəltəraş (həm də aktyordur – M.R.) Lorenzo Quinn bu qadını əzəldən çılpaq yaradıb, yoxsa sonra soyundurub. (Moşu Göyəzənlinin “Bəxt üzüyü”ndə Sedaya sualı yadıma düşdü; “a Seda, sən əvvəldən belə sırtıq olmusan, yoxsa sonradan?). Təəccüblü budur ki, eyni heykəl ABŞ-də, Böyük Britaniyada, Çində, Qətərdə də qoyulub. Amma oradakı qadın lüt deyil. Əynində libas var. Bizim şəhərdə isə qadının “əynində, elə əynidi” (Bu da “Yaşıl eynəkli adam”dan olsun – M.R.). Sual doğuran məhz budur. Nyu-Yorkda, Londonda, Şanxayda, Dohada paltarlı olan qadın Bakıda niyə çılpaqdır? Sosial şəbəkə istifadəçiləri də bunu müzakirə edir. Həmişə olduğu kimi, müzakirələrin qızğın çağıdır. Sabah nə olacaq, bəs? Müzakirələr bitəcək, çılpaq qadınsa oradaca qalacaq. Məşhur italyan heykəltəraşın əsərinə “hörmət” etməliyik. Tolerantlığımızı göstərməliyik. Yəni dözümlü olmalıyıq. Sosial şəbəkə demişkən, maraqlı, yarı-zarafat, yarı-gerçək rəylər də yazılıb. Məsələnin kökündə bəlkə, daha ciddi məqamlar dayanır.
Sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında bildirdi ki, uzun illərdir milli-mənəvi dəyərlərimizə qarşı hücuma keçən şəbəkənin fəaliyyət göstərdiyini media da qeyd edir:
- Deməli, bu şəbəkə bir çox orqanlara nüfuz edib, Azərbaycan xalqının milli-dini dəyərlərini, ailə institutunu, mənəvi nəyi varsa, kökündən məhv etməyə, bütün mümkün imkanlarla xalqın evini yıxmağa çalışırlar. Dünyanın namuslu, qeyrətli, əxlaqlı xalqını rəzil, murdar, əxlaqsız bir kütləyə çevirməyə çalışırlar. Və çox ciddi nəticələr də əldə ediblər. Dünyada ən möhkəm ailə institutuna sahib olmuş ölkəmiz 50 faiz boşanmalar olan bir ölkəyə çevrilib. Ortada əxlaqsızlıq yayılır. Özəl televiziyalar əxlaqsızlığı, mənəviyyatsızlığı təbliğ edir, uşaqların da, böyüklərin də tərbiyəsini pozur. İnternet resurslarında, ictimai yerlərdə əxlaqsızlıq adiləşdirilir. Bunlar xüsusi bir proqramla, məşhur “Overton pəncərəsi” üzrə həyata keçirilir. Hər zaman milli-mənəvi dəyərləri yüksəkdə tutan, şəxsi həyatı ilə milli-mənəvi dəyərlərə sadiqliyini təsdiq edən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin qarşısında gah murdar satanist kompozisiyalar qurulur, gah da lüt qadın heykəli gətirib qoyurlar. Bu, birbaşa xalqı aşağılamaqdır. Bu heykəlin orada qoyulmasına kim göstəriş verib, hansı əsasla? Hansı məntiqlə o heykəli qoyublar? Bu, açıq şəkildə xalqın hissləri ilə oynamaqdır. Əgər biz qeyrət, namus deyiriksə, milli dəyərlərə sadiq olduğumuzu durmadan təkrarlayırıqsa, o zaman belə hallara qarşı mübarizə aparmalıyıq. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib biz heç yerə inteqrasiya etmirik. Nə Avropaya. Nə də digər mədəniyyətlərə. Bizim özümüzün milli dəyərlərimiz var. Azərbaycan gənci milli dəyərlər üzərində inkişaf edəcək. Cənab Prezidentin siyasətinə qarşı çıxan kimdirsə müəyyənləşməlidir. Bu formada milli dəyərləri aşağılamaqda məqsəd nədir, qoy izah etsinlər.
E.Bayramlı qeyd etdi ki, milli-mənəvi dəyərlərə qarşı hücum uşaq bağçalarından, orta məktəblərdən başlayır:
- Uşaq bağçalarında, orta məktəblərdə “Halloven” – Cadılar bayramı keçirilir. Nədir bu bayramın mahiyyəti? Şeytani geyimlər geyindirilir, eybəcər libaslar, maskalar, ən mənfi personajlar canlandırılır. Nəyə lazımdır bu və kimə lazımdır? Niyə bizim körpə balalarımız cadugər olmalıdır?! Bunlar hamısı Azərbaycan xalqına qarşı mənəvi hücumun parçalarıdır ki, müxtəlif maskalar altında həyata keçirilir. Bütün bunlar xalqda, cəmiyyətdə psixoloji-mənəvi problemlərə, aşınmalara səbəb olur. Buna “dur” deyilməlidir. Bizim özümüzün möhtəşəm incəsənət əsərlərimiz, memarlıq, heykəltəraşlıq nümunələrimiz var. Onlar nümayiş etdirilməlidir. Bu biabırçılığa isə son qoyulmalıdır.