“Dərin dövlət” hərəkətə keçdi: Sabotaj var... - Trampı Rusiya ilə “vuracaqlar”?

6-11-2024, 18:48           
“Dərin dövlət” hərəkətə keçdi: Sabotaj var... -
Şimali Amerikaya uçmalı olan yük və ya sərnişin təyyarələrində baş verən yanğın geniş müzakirələrə səbəb olub. “The Wall Street Journal” adı açıqlanmayan Qərb təhlükəsizlik rəsmilərindən əldə etdiyi məlumata görə, yanğının arxasında Rusiyanın dayandığını iddia edib.

Qəzet Britaniyanın Birminhem və Almaniyanın Leypsiq şəhərlərində qlobal yükdaşıma şirkəti DHL-in deposunda alışan qurğuların Rusiyanın planının sınaq mərhələsi olduğunu yazıb. Məlumata görə, Moskvanın tapşırığı ilə əməliyyatı keçirən qrupun məqsədi kamuflyaj olunmuş partlayıcıları və təhlükəli materialları sabotaj üçün Avropa İttifaqı ölkələrinə və Böyük Britaniyaya göndərmək olub. Bağlamaların sınaqlardan sonra ABŞ və Kanadaya göndərilməsi nəzərdə tutulub. Rusiya məsələyə hələ ki, münasibət bildirməyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, “The Wall Street Journal”da Rusiya ilə bağlı səsləndirilən iddia skandal hesab edilə bilər:

“Qərbin təhlükəsizlik rəsmilərinə istinadla yayılan xəbərdə, Şimali Amerikaya uçmalı olan yük və ya sərnişin təyyarələrində yanğın törətməyə yönəlmiş əməliyyat haqda yazılıb. Əməliyyatın təşkilatçısı qismində isə Rusiyanın adı hallanır.

Maraqlıdır ki, bu iddianın səslənməsi ABŞ-da prezident seçkilərinin keçirildiyi günlərə təsadüf edir. Fikrimcə, sözügedən sabotajın rəsmi Moskva tərəfindən həyata keçirilməsi ağlasığmazdır. Çünki bu, Qərblə, xüsusilə ABŞ-la açıq savaşa getməyə bərabər akt kimi qiymətləndirilə bilər. Belə bir iddianı səsləndirməklə məhz Qərbdəki hansısa dairələr ABŞ-Rusiya münasibətlərində gözlənilən normallaşmaya kölgə salmağı hədəfləyiblər. Çünki Donald Trampın seçkidə qələbə qazanması halında iki dövlət arasında gərginliyin aradan qalxması və gələcək üçün yaxşı perspektivin açılması ehtimal olunur. Bu isə ABŞ dərin dövləti də daxil olmaqla bir çox dairələri indidən narahat edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.