TRAMPIN KABİNETİNDƏ KİMLƏR OLACAQ? – Ən mühüm dövlət postlarına namizədlərin adları açıqlanıb + FOTOLAR
8-11-2024, 15:54
Noyabrın 5-də ABŞ-da keçirilən və Trampın qalib gəldiyi prezident seçkilərindən sonra ictimaiyyət "Trampın kabinetində kimlər olacaq" sualı ətrafında baş sındırmağa başlayıb.
2016-2020-ci illər arasında prezidentliyi dövrünün ilk ilində bir çox tanınmış isimləri kabinetinə toplayıb, daha sonra istefaya göndərən Respublikaçı liderin bu dəfə yeni kabinetini necə formalaşdıracağı maraq doğurur. 2025-ci il yanvarın 20-də and içəcək Trampın komandasında xarici işlər naziri, müdafiə naziri, xəzinədarlıq naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşavirinin kimlər olacağı barədə müxtəlif versiyalar səsləndirilir.
Qeyd edək ki, Trampın vəzifəyə təyin edəcəyi 4000-dən çox şəxsin təxminən 1200-ü Senatın təsdiqindən keçməlidir. 2016-cı ildəki prezidentliyi dövründə Tramp demokratların Senatda üstünlüyündən əziyyət çəkmişdi, çünki onun namizədlərinin təsdiq prosesləri uzun zaman almşışdı. Bu dəfə vəziyyət tamamilə fərqlidir, Senatda hakim Respublikaçılar həlledici səs çoxluğuna malikdirlər. Ona görə də prezidentin müxtəlif vəzifələrə təqdim edəcəyi namizədlər qısa müddətdə təsdiq prosedurundan keçəcəyi gözlənilir.
Xarici işlər naziri (dövlət katibi)
Amerika mətbuatında əksini tapan xəbərə görə, yeni kabinetdə dövlət katibi postunu Trampın əvvəlki prezidentliyi dövründə də eyni vəzifəni icra edən Mayk Pompeo tuta bilər. Trampa yaxınlığı ilə tanınan Pompeo 2017-2018-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində də çalışıb. Uzun illər Florida senatoru kimi respublikaçılar arasında nüfuzlu yer qazanan və Trampla yaxın münasibətdə olan Marko Rubio da dövlət katibi postu üçün nəzərdən keçirilir.
Marko Rubio
Senatda Xarici Əlaqələr Komitəsində çalışan və Rusiya, İran və Çinlə bağlı kəskin fikirləri ilə tanınan Rubio yerli mətbuata açıqlamasında əgər bu posta namizədliyi irəli sürülərsə, qəbul edəcəyini bildirib.
Bu adlara əlavə olaraq Arkanzas senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Tom Kotton, Tramp dövründə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışan Robert O'Brayen, Tramp dövründə ABŞ-ın Berlindəki səfiri vəzifəsində çalışmış Ric Grenell və Tennessi ştattının senatoru Bill Hagertyin də adları xarici işlər naziri və ya milli təhlükəsizlik müşaviri postlarına potensail namizədlər kimi çəkilir.
Müdafiə naziri kim olacaq?
Amerika mətbuatının yazdığına görə, yeni müdafiə naziri vəzifəsinə namizədlər sırasında Mayk Pompeo və Tom Kottonun adları hallanır.
Onlarla yanaşı, Florida ştatından Nümayəndələr Palatasının üzvü, əvvəllər Əfqanıstanda xidmət etmiş “yaşıl beretli” keçmiş hərbçi Mayk Uolsun adı da Pentaqon şefi postuna mümkün namizədlər sırasında hallandırılır.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi, Xarici Əlaqələr Komitəsi və Kəşfiyyat Komitəsində də çalışmış Uols keçmiş müdafiə nazirləri Donald Ramsfeld və Robert Geytsə məsləhətlər verib və Dik Çeyninin vitse-prezidentlik dövründə Ağ Evdə çalışıb.
Xəzinə nazirinə potensial namizədlər
Nazirlər Kabinetinin ən mühüm postlarından biri olan Xəzinədarlıq Nazirliyi rəhbərlik üçün adı çəkilən şəxslər arasında investorlar, keçmiş kabinet üzvləri və iş adamları var. Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki addan biri olan Howard Lutnikin adı xəzinədarlıq naziri üçün hallanır. Trampa yaxınlığı ilə tanınan Lutnik, seçki dövründə Trampa etdiyi külli miqdarda ianə ilə diqqət çəkib.
Howard Lutnik
İlk dövründə Trampın kabinetində 4 il Ticarət Nümayəndəsi vəzifəsində çalışan Robert Lighthizer də xəzinə naziri postuna namizəd hesab olunur.
Digər tərəfdən, bu siyahıda Trampın ilk dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, Trampın ilk dövründə Milli İqtisadiyyat Şurasında da rol oynayan Larri Kudlou və milyarder investor Con Paulson kimi adların olduğu ifadə edilir.
Ağ Evin apparat rəhbəri kim olacaq?
Amerika mətbuatında əksini tapan iddialara görə, daha əvvəl Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən, respublikaçıların mühüm simalarından biri olan Kevin Makkartinin Trampın yeni aparat rəhbəri ola biləcəyi bildirilir.
Kevin Makkarti
Digər tərəfdən, bu vəzifə üçün Trampın seçki kampaniyası menecerlərindən olan Susie Wiles və Trampın Ağ Evdəki keçmiş məsləhətçilərindən Bruk Rollinsin də adlarının çəkildiyi qeyd edilir.
Trampın digər kabinet üzvləri
Seçki kampaniyası dövründə Trampın xeyrinə yarışdan geri çəkilən Robert Kennedinin də Trampın yeni kabinetində çalışacağı ehtimal edilir.
Robert Kennedi
Mediada əksini tapan xəbərlərdə Kennedinin yeni kabinetdə səhiyyə naziri və ya məsləhətçi vəzifəsinə təyin oluna biləcəyi proqnozlaşdırılır.
Yuta ştatının senatoru Mayk Linin yeni kabinetdə ədliyyə naziri ola biləcəyi qeyd edilir. Ancaq Trampın 2020-ci il seçkilərindən sonra üzləşdiyi məhkəmə proseslərində keçmiş federal prokuror Linin Respublikaçı prezidentə pərdə arxasında kömək etdiyi ortaya çıxıb.
İlkin seçki prosesində Trampla yarışan, lakin bir müddət sonra Trampın lehinə yarışdan geri çəkilən Vivek Ramasvaminin adı Daxili Təhlükəsizlik Nazirliyi üçün keçir. Bildirilir ki, Şimali Dakota ştatının qubernatoru Duq Burqum enerji və ya daxili işlər nazirliyi vəzifələrindən birinə təyin oluna bilər.
Kampaniya zamanı Trampa güclü dəstək verən amerikalı milyarder, sahibkar İlon Maskın da kabinetdə müşavir vəzifəsində çalışacağı gözlənilir.
Rasim Əliyev
“AzPolitika.info”