Revanşistlər Trampa ümid etməsin ... - Ermənistan müharibə hazırlığına son qoymasa...
11-11-2024, 00:14
Ermənistan lobbisi və kapitulyant Ermənistan ABŞ-da Donald Trampın növbəti 4 illik prezidentliyi dövrünə hazırlaşır. Bu xüsusda şübhəsizi, onların yaxın-uzaq hədəflər var. Əlbəttə ki, Azərbaycanın milli maraqları ilə uzlaşmayan hədəflər. Söhbət xüsusən də faşist ideologiyalı, iki qonşu xalqın barışığını istıməyən erməni diasporu və onun kapitulyant ölkədəki uzantılarından, o cümlədən radikal-revanşistlərdən, daşnaklardan gedir...
“Ermənistan Azərbaycanla müharibəyə hazır deyil”.
Bunu özünü hərbi ekspert sayan Leonid Nersisyan yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan belə bir duruma tezliklə hazır olmayacaq. “Hələ üzərində işləməli olduğumuz çox şey var. Kiçikmiqyaslı toqquşmalar mümkündür, amma söhbət daha böyük, genişmiqyaslı müharibədən gedirsə, hələ çox iş görməliyik. Anlamaq lazımdır ki, hər şeyi bir gündə etmək mümkün deyil, vaxt lazımdır”, - Nersisyan bildirib.
Erməni revanşistin məntiqinə diqqət edin. Nersisyan sülhün yox, müharibənin xiffətini çəkir! Müharibə üçün darıxır. Bu dığa heç də demir ki, Ermənistana müharibə yox, sülh lazımdır, deyir ki, biz hələlik müharibəyə hazır deyilik, bu yöndə ciddi işləməliyik və...
Və günün birində Azərbaycana qarşı yeni işğalçı müharibəyə başlasınlar. Bundan ötrü “hüquqi” əsasları da var əllərinin altında – Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan konstitusiyası. Məhz elə bu məqsədlə - gələcək hədəf naminə həmin müddəanı konstitusiyadan çıxarmırlar.
Ötə yandan, Nersisyan tək deyil. Gerçəkdə o, erməni toplumundakı dominant ovqatı, Türkə nifrəti ifadə edir...
Az öncə “Gellup”un keçirdiyi sorğu müəyyən etmişdi ki, ermənilərin böyük əksəriyyəti konstitusiyadan ərazi iddiası barədə bəndin çıxarılmasının qəti əleyhinədir. Nə demək bu? Əlbəttə ki, gələcək üçün, münasib vaxt üçün müharibə sifarişi, revanşizm sifarişi!
Əgər Ermənistan rəhbərliyi də vaxtaşırı bəyan edirsə ki, “Bakının konstitusiya tələbinin sülh müqaviləsinə heç bir dəxli yoxdur, bu, bizim daxili işimizdir”, üstəgəl, İrəvan yaxın keçmişin qalığı olan bədnam Minsk Qrupundan hələ də bərk-bərk yapışıbsa, o zaman Paşinyan iqtidarının revanşist zümrə ilə aşağı-yuxarı eyni mövqedə olduğuna şübhə qalmaz...
O səbəbə iki gün öncə, Zəfər Günündə Prezident İlham Əliyev bir daha İrəvana ismarış göndərdi ki, Ermənistan silahlanmanı dayandırmalıdır. Gözlənildiyi kimi, qonşu ölkədə bu mesaj yenə süngü ucunda qarşılanıb. “Motiv” də budur ki, Azərbaycan silahlanırsa, Türkiyə, İtaliya kimi NATO dövlətlərindən silah-sursat, hərbi texnika alırsa, Ermənistan niyə eynisini edə bilməz?
Edə bilməz, ona görə ki, Azərbaycan işğaldan təzəcə qurtulmuş və heç bir ölkəyə, o cümlədən Ermənistana torpaq iddiası olmayan dövlət. 44 günlük müharibədə Müzəffər Ordumuzun İrəvana kimi getməsinə, yaxud sərhəd boyu Ermənistan tərəfdən “təhlükəsizlik zolağı” yaratmasına heç bir maneə yox idi.
Ermənistanın silahlanması isə qonşusuna hələ də ərazi iddiası olan dünənin işğalçı ölkəsinin, təcavüzkar siyasətdən imtina etmək istəməyən bir ölkənin silahlanması və müharibə hazırlığı. Aradakı əsas fərq bu, cənab haylar. Bizim də, dünyanın da gözünə kül üfürə bilməzsiniz...
Odur ki, erməni tərəfi nə qədər gec deyil, Bakının xəbərdarlıqlarını ciddiyə almalı, daşı ətəyindən tökməli və siyasi populizmlə məşğul olmağa son qoyub sülh müqaviləsinin imzalanması yönündə real addımlar atmalıdır, nəinki savaş hazırlığını davam etdirməlidir.
Elə addımlar ki, müharibəni deyil, məhz sülhü yaxınlaşdırsın. Əks təqdirdə günün birində Ermənistan adlı qondarma dövlətin özünün varlığı sual altına düşəcək və müharibə əleyhdarı olan Tramp da ona kömək edə bilməyəcək...
Musavat.com