“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam

Bu gün, 11:18           
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam
Ukraynanın tərəfdaşları Kiyev və Moskva arasında barışıq üçün vahid formul axtarışlarını davam etdirirlər. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hətta Rusiya-Ukrayna müharibəsini kimin bitirməli olduğu haqda da qərar verib. Ancaq hər şey o qədər də sadə deyil. Trampın seçkidə qalib gəlməsi Rusiya-Ukrayna müharibəsinin sülhlə bitməsi məsələsini gündəmə gətirsə də, informasiya məkanını növbəti dəfə “sülh planları” dalğası bürüsə də, hələlik Trampın əsas ideyası seçki kampaniyası zamanı səsləndirdiyi ideya olaraq qalır.

“Mən prezident olsaydım, bu müharibəni bitirərdim və bu, 24 saat çəkərdi. Mən Zelenskini yaxşı tanıyıram. Mən Putini yaxşı tanıyıram. 100 faiz müharibəni bitirə biləcəyəm", - Tramp bu ilin may ayında bəyan etmişdi.

Görünür, Tramp həqiqətən də Rusiya-Ukrayna müharibəsini bitirmək istəyir. ABŞ-da seçkiqabağı vədlər boş sözlər deyil. Daha doğrusu, söhbət ondan gedir ki, Amerika maraqları birmənalı olaraq yalnız Ukrayna və Rusiyaya yönəlməyib. Digər geosiyasi oyunçularla, xüsusən də “əsas düşmən” Çinlə dialoq aparmaq üçün ABŞ Rusiya-Ukrayna problemini tez bir zamanda həll etməyə çalışır.

Məhz bu kontekstdə Trampın ilk prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış istefada olan general-leytenant Keyt Kelloqun Ukrayna üzrə xüsusi nümayəndə təyin edilməsi məsələsinə baxılmalıdır. "Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcəyik, Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik", - Tramp təyinatı şərh edərkən deyib.

Amma indiki xüsusi nümayəndənin Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirəcəyinə dair baxışı əslində bir qədər bəllidir. Kelloqun "sülh planı" iyun ayında “Reuters” tərəfindən açıqlanan Amerika Birinci Siyasət İnstitutunun planıdır. Qeyd edək ki, Kelloq İnstitutun rəhbəridir. Planlar bunlardır: Ukraynanın NATO-ya üzvlük deyil, ABŞ ilə ikitərəfli təhlükəsizlik sazişi; Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərin hərbi deyil, diplomatik yolla qaytarılması ilə bağlı faktiki razılığı; əgər Kiyev Moskva ilə danışıqlara razı olarsa, Ukraynanı silahla gücləndirmək...

Sadə dillə desək: Ukraynanın danışıqlardan imtinası Amerika yardımının dayandırılmasına, Rusiyanın imtinası ABŞ-ın Ukraynanı silahlandırmasına gətirib çıxaracaq.

“Tramp Rusiyanı idarə edən qaniçən keçmiş DTK polkovnikinə, yəni Rusiya diktatoru Vladimir Putinə bunları deyəcək: siz dərhal danışıqlar masasına əyləşməlisiniz, yoxsa bizim Ukraynaya artıq göstərdiyimiz yardım daha da çoxalacaq”, amerikalı jurnalist, 2017-ci ildə ABŞ Prezidentinin köməkçisinin müavini olmuş respublikaçı Sebastyan Qorka “Times” radiosunda deyib.

Ukraynalı politoloq Vadim Denisenkanın fikrincə, Tramp 2025-ci il yanvarın 20-dən, yəni andiçmədən əvvəl Ukraynadakı münaqişənin dondurulması məsələsini həll etməyə çalışacaq. Analitik UNİAN-a deyib ki, bunun baş tutması ehtimalı “hazırda azdır” və vəziyyət hər gün dəyişir: “İndi deyə bilərik ki, Ukraynanın məsələsi Trampın dünya üzrə böyük razılaşmalarının bir hissəsi olacaq. Amma görünən odur ki, tərəflərin mövqelərini uzlaşdırmaq çox çətin olacaq. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa artıq ABŞ Konqresində dinləmələr zamanı bəyan edib ki, Ukrayna ərazi bütövlüyü məsələsində güzəşt etməyəcək və Moskva ilə heç bir razılaşmaya getməyəcək”.

Qeyd edək ki, nazir belə deyib: "Ukrayna bizim suverenliyimiz və ya ərazi bütövlüyümüzlə bağlı kompromisləri nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək. Bizim iştirakımız olmadan hazırlanmış heç bir təşəbbüsü qəbul etməyəcəyik... Biz sülh naminə torpaqlarımızı itirməyi qəbul etməyəcəyik".

“Vaşinqton Moskvanı heç olmasa Ukraynaya qarşı hərbi əməliyyatların və hücumların dərəcəsini azaltmağa inandıra bilmədi. Trampın andiçmə mərasiminə qədər vaxt keçdikcə Rusiya Ukraynanın mümkün qədər böyük bir hissəsini ələ keçirməyə çalışır, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin ilhaqını tanımaqda israr edir və bütün Zaporojye və Xerson vilayətlərinə iddia edir. Hələ mən hütləvi raket hücumlarının artmasını demirəm”, - politoloq qeyd edib.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun şöbə müdiri Aleksey Yijak isə deyib ki, Trampın andiçmə mərasimindən əvvəl ruslar əllərindən gələni edəcəklər ki, uğur qazansınlar: “Belə şəraitdə, Rusiyaya ciddi təzyiq olmadan Ukraynaya birtərəfli təzyiq Trampın yəqin ki, ümid edə biləcəyi effekti verməyəcək. Birtərəfli təzyiq problemi həll etmir, sadəcə müvəqqəti status-kvo yaradır”.

Məlumdur ki, məqsədlərinə çatmaq üçün Rusiya hər şeyə hazırdır - o cümlədən, “son arqument” olan növbəti nüvə şantajına da. “Oreşnik” qitələrarası ballistik raketinin Dneprdə istifadəsi Qərbi heyrətləndirməsə də, bu nümayiş hücumu Rusiyanın müharibəni bitirməyi planlaşdırmadığını göstərir.

Bu fikri təsdiqləyən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilən sammitində Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, “Oreşnik”in vuracağı növbəti hədəf Kiyevdəki “qərar qəbuletmə mərkəzləri” ola bilər. Kreml rəhbəri bildirib ki, Rusiya guya Kursk və Bryansk vilayətlərinin ərazisinə Ukraynanın ATACMS-dan zərbələrinə cavab olaraq ballistik raketin döyüş sınağını keçirməyə “məcbur olub”, indi isə Rusiya Federasiyası Müdafiə Nazirliyi və Baş Qərargah yeni hədəflər seçirlər.

Politoloq Vadim Denisenko Rusiyanın 2022-ci ilin fevralında qoyduğu məqsədlərə nail ola bilməməsinə diqqət çəkib. Onun fikrincə, müharibənin davam etməsinin əleyhinə bir neçə amil çıxış edir: “Birincisi, Rusiya texnoloji cəhətdən Çindən asılı vəziyyətə düşür və Çin olmadan iqtisadiyyatını ümumiyyətlə qura bilməyən ölkəyə çevrilməmək üçün iki-üç il vaxt lazımdır. İkincisi, Rusiya neftin qiymətinin düşməsindən qorxur. Çünki Tramp neft qiymətlərinin düşəcəyi ilə hədələyir. Neftin qiymətinin düşməsi isə Rusiyada gəlirlərin azalmasına, daxilində problemlərə səbəb olacaq. Sadə dillə desək, Putinin danışıqlar prosesində dilemması var: ya müharibəni davam etdirmək və praktiki olaraq qeyri-real olan 2022-ci ildə qarşıya qoyulan məqsədlərə nail olmağa çalışmaq, ya da geriyə addım atıb sanksiyaların ləğvinə nail olmaq. Bu sualın cavabı isə heç Putinin özündə yoxdur”.

Putin Astanada KTMT sammitində bildirdi ki, Rusiyanın hələ də müharibə aparmaq üçün kifayət qədər pulu var. Lakin Ukrayna Geosiyasət və Geostrategiya Akademiyasının müxbir üzvü, analitik Stanislav Jelixovski UNİAN-a deyib ki, Putin inadkarlıq nümayiş etdirməkdə davam edərsə, acı nəticələri olacaq: “ABŞ tərəfindən Rusiya və Ukraynaya təzyiq əhəmiyyətli dərəcədə artırılacaq. Rusiyaya qarşı əlavə sanksiyalarla yanaşı, Trampın qərarları məsələn, enerji daşıyıcılarının qiymətlərinə də təsir edə bilər ki, bu da Rusiya iqtisadiyyatına zərbə vura bilər. Bundan başqa, təzyiqlər Rusiyanın hərbi müttəfiqi olan ölkələrə də edilə bilər. Beləliklə, Tramp “Şər Oxu”nu parçalamaq öhdəliyini yerinə yetirəcək”.

ABŞ Senatında Respublikaçılar Partiyasının rəhbərliyinin Rusiyanın dərinliklərindəki hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə dair Ukraynaya qoyulan məhdudiyyətləri ləğv etməsini təsdiqləməsi onu göstərir ki, hətta Rusiyanın nüvə ultimatumları da Vaşinqton tərəfindən rədd edilir. Amma Ağ Evin yeni administrasiyasının Rusiya-Ukrayna müharibəsini dayandırmaq planlarını həyata keçirməyə nə dərəcədə hazır olacağı və bu planların arxasında duran məqsədin sülhə nail olmaq olub-olmadığı qarşıdakı həftələrin və ayların məsələsidir.

Ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.