İqtisadi inkişaf, rifaha aparan yol daha mürəkkəb, əlavə dəyər yaradan iqtisadi model tələb edir
1-12-2024, 09:54

Bu ilin oktyabr ayının 1-nə ölkə banklarının kredit portfeli 27 mlrd. manat olub. Bu məbləğın 13,5 mlrd. manat yaxını istehlak-ipoteka kreditləridir. Əhalinin banklara son 1 ildə borcu 10%-dən çox artıb, istehlak kreditlərinə müraciətlər çoxalıb. 2024-cü il 1 oktyabr tarixinə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi: kredit kartı vasitəsilə verilən kreditlər üzrə 24%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16%, avtomobil kreditləri üzrə 12% və digər istehlak kreditləri üzrə 20% təşkil edib.
Belə yüksək faiz dərəcələri vətəndaş üçün əlavə yükdür, dolayı vergiləndirmədir. Çox sadə dildə desək (əslində fərqli, daha qəliz hesablamalar olur), dəyəri, məsələn, 100 manat olan məişət avadanlığını, vətəndaşa 125 manata satırlar – hələ onu da deyim ki, malın-məhsulun özünün nəğd satış qiymətləri də bizdə qonşu ölkələrdən yüksəkdir.
Əhəli sürətlə borclanır və bunu kefindən etmir, qazancları aşağı düşdükcə, kreditə ehtiyaclar da artır. Heç də təsadüfi deyil ki, son 1 ildə vaxtı keçmiş, problemli istehlak kreditləri 26,6% artıb, yəni, vətəndaş kredit yükü altında əzilir, borcunu geri qaytarmaqda problem yaşayır – bu da dolayısı ilə, vətəndaşın gəlirlərinin azalmasına işarədir.
Biznes-kommersiya kreditlərində də vəziyyət heç ürək açan deyil – 14,6 mlrd. manat həcmində kommersiya krediti var, bu məbləğın də SON ödəyicisi yenə vətəndaşdır, yəni, biznes satdığı malın, göstərdiyi xidmətin, istehsal etdiyi məhsulun qiymətinin üzərinə kredit faizlərini də gəlir, deməli, malı, xidməti, məhsulu alan vətəndaş o kreditləri də ödəyir. Biznes kreditləri əlavə dəyər, əlavə iş yerləri yaratmaqda çətinlik çəkir, faizlər yüksək, müddətlər qısadır – deməli, əslində biznes krediti kimi rəsmiləşdirilən borcların bir qismi də istehlak üçün mal-məhsul gətirilməsinə və satılmasına xidmət edir. Çünki, qısa müddətli kreditlər və yüksək faizlər iş adamlarına istehsal sahələri yaratmağa mane olur, onlar da “aldım-satdım” rejiminə üstünlük verirlər.
Bütün bunlar nəticədir – səbəb isə primitiv iqtisadi model, anormal vergi-gömrük qanunvericili, rəqabətsizlik və ədalətsizlikdir. İqtisadi inkişaf, rifaha aparan yol daha mürəkkəb, əlavə dəyər yaradan iqtisadi model tələb edir – bizim hökumətin isə mürəkkəb, elmə əsaslanan məsələlərdən heç xoşu gəlmir. Çünki, mürəkkəb iqtisadi model başqa idarəetmə sistemi tələb edir, bu addımı isə atmaq istəmirlər…
Natig Cəfərli
TEREF