Fransalı nazir Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda günahlandırıb, Bakı ittihamı rədd edib
27-01-2025, 17:24
Rəsmi Paris Azərbaycanı yenidən Yeni Kaledoniyanın və Fransanın digər dənizaşırı ərazilərinin daxili işinə qarışmaqda və “sabitliyi pozma” əməliyyatlarında günahlandırıb. Bakı ittihamları rədd edib.
Yanvarın 25-də Fransanın xarici işlər naziri Jan-Noel Barro “Bakı Təşəbbüs Qrupu”nun növbəti dəfə Yeni Kaledoniyada siyasi proseslərə pozucu müdaxiləyə cəhd etdiyini bildirib.
“Azərbaycanın bizim ərazilərimizdə bu nəticəsiz cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır”, Barro X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ötən gün Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals da Azərbaycanın Fransanın xarici ərazilərinə müdaxiləsini pisləyib.
“Mən Azərbaycanın xarici ərazilərimizə müdaxiləsini və sabitliyi pozan əməliyyatları qətiyyətlə pisləmək istəyirəm. Onlar hamı tərəfindən yekdilliklə qınanmağa layiqdirlər. Bu rejim açıq-aşkar və zərrə qədər tərəddüd göstərmədən bizim bütövlüyümüzə və təməl prinsiplərimizə hücum edir. Bu, qəbuledilməzdir”, Vals Ouest-France qəzetinə müsahibəsində deyib.
Rəsmi Bakı, öz növbəsində, Fransa xarici işlər nazirinin “Azərbaycan əleyhinə” iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini açıqlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Jan-Noel Barronun şərhinin Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu deyib və “Bakı Təşəbbüs Qrupu”nun fəaliyyətini müdafiə edib.
“Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir”, Hacızadə X səhifəsində qeyd edib.
23-24 yanvar tarixlərində Fransanın dənizaşırı ərazilərindən və Korsikadan olan müstəqillik tərəfdarı hərəkatların nümayəndələri Yeni Kaledoniyada “Beynəlxalq Dekolonizasiya Cəhbəsi”nin təsis qurultayında bir araya gəliblər.
Belə bir ümumi “azadlıq cəbhəsi”nin yaradılması barədə razılıq 2024-cü ilin iyulunda Bakıda “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil olunan konqres zamanı əldə edilmişdi.
“Fransa müstəmləkəçiliyinə” qarşı mübarizə aparmaq məqsədi ilə 2023-cü ilin iyulunda yaradılan “Bakı Təşəbbüs Qrupu”nun icraçı direktoru Abbas Abbasov yanvarın 24-də qurultaya videomüraciətində “Beynəlxalq Dekolonizasiya Cəbhəsi”nin yaradılmasına və gələcək fəaliyyətinə dəstəyini ifadə edib.
O həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin “kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini” xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında Bakıda COP29 zamanı Fransa və Niderlandı neokolonializmdə ittiham etmiş, habelə “Prezident Makron rejimi”nin Yeni Kaledoniyada etirazlar zamanı etirazçılara qarşı cinayətlər törətdiyini, insan hüquqlarını pozduğunu qeyd etmişdi.
Digər tərəfdən, yanvarın 21-də Bakıda həmçinin Fransanın dənizaşırı departamenti Reyunyona həsr edilmiş “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilib.
Azərbaycan-Fransa münasibətlərinin Fransanın Ermənistanı dəstəkləməsinə görə pisləşməsi fonunda Paris son aylarda dəfərlərlə Bakını Yeni Kaledoniyanın və digər dənizaşırı ərazilərin daxili siyasətinə qarışmaqda ittiham edib.
Ən son yanvarın 6-da Parisdə səfirlər konfransında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron Fransanın əksər dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada Azərbaycan tərəfindən “qəbuledilməz müdaxilələrlə” hücuma məruz qaldığını deyib. Makron əlavə edib ki, “Fransanın beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyini anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.
Rəsmi Bakı cavab olaraq Fransa Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi “növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamalarının” qəbuledilməz olduğunu bildirib və Fransanı Cənubi Qafqaz regionunda sabitliyi pozmaqda günahlandırıb.
Rəsmi Paris 2024-cü ilin mayında Yeni Kaledoniyada baş verən iğtişaşlar fonunda Azərbaycanı müdaxilədə günahlandırmış, Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidməti - “Viginum” Azərbaycanın sosial şəbəkələrdə Fransanı hədəf alan qaralama kampaniyası apardığını bildirmişdi.