Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı hesab olunacaqmı?
Bu gün, 08:38
Bələdiyyə seçkilərinə bir neçə gün qalıb. 29 yanvar tarixdə vətəndaşlarımız seçki məntəqələrinə gedib səs verəcəklər.
Məntəqələrdə vətəndaşlarımız necə identifikasiya olunacaq ? Artıq dövlət resursunda, myGov-da vətəndaşın şəxsi məlumatları rəsmi məlumat olaraq qəbul edildiyi bir vaxtda MSK yenidən fiziki şəxsiyyət vəsiqəsi tələb edəcəkmi?
Görünən odur ki, hələlik yenə də MSK və İRİA bu haqda ağlabatan bir açıqlama verməyiblər.
Baxmayaraq ki, İRİA şəxsiyyət vəsiqəsindəki məlumatların oxunması üçün imkanlar yaradıb. Bu məqsədlə xüsusi rəqəmsal platforma da yaradılıb.
Amma məntəqələrdə bu prosesə hazırlıqla bağlı heç bir açıqlama yoxdur.
Ötən seçkilərdə isə bu mexanizm işləməyib.Yəni seçicilər dədə-baba qaydasında, fiziki şəxsiyyət vəsiqəsi təqdim etməklə səs veriblər.
Hələlik görünən odur ki, bu dəfə də MSK və RİNN seçki məntəqələrində seçicilərin identifikasiyası üçün MyGov-dakı məlumatların yetərli olması haqqında razılığa gələ bilməyiblər.
Yəni vətəndaşla bağlı MyGov-da olan məlumat MSK üçün sadəcə bir "məlumatdır", "rəqəmsal sənəd" statusuna malik deyil.
Xatırladıram ki, ötən seçkilərdə Gürcüstanda seçicilərin 90%-i elektron formada səs vermişdi. İdentifikasiyanın böyük hissəsi rəqəmsal formada olub.
Digər qonşu öləkələrdə də səsvermə prosesində rəqəmsal texnologiyalardan istifadə olunur.
Ağlasığmaz bir vəziyyətdir, biometrik identifikasiyaya əsaslanan SİMA imzan ola, dövlət resursundakı şəxsi məlumatlarının "rəsmi sənəd" statusu ola, amma MSK bunu qəbul etmək istəmir.
Heç kim də səsini çıxarmır.
Görünən odur ki, bu formada "rəqəmsal sənəd" ideyası çox çətinliklə irəliləyir.
Belə olan halda isə düşünürəm ki, DİN və İRİA-nın hər bir vətəndaş üçün rəqəmsal İD hazırlaması və onun hüquqi əsasını yaratması daha məntiqli olardı.
Amma bu prosesin özü, yəni yüz minlərlə vətəndaşımızın eyni bir gündə rəqəmsal sənədlərdən istifadəsi bütövlükdə ölkədə rəqəmsal transformasiyaya xeyli müsbət təsir göstərərdi.
Təəssüf ki biz transformasiyanı sürətləndirmək üçün belə imkanlardan yetərincə faydalana bilmirik.
Ümumiyyətlə, çox da uzatmadan, tam əminliklə bir daha qeyd etmək istərdim ki, bizdə seçki prosesinin rəqəmsallaşma vəziyyəti ölkədəki rəqəmsal transformasiya proseslərindən çox-çox geridə qalıb.
İstənilən halda, İRİA-nın susmağına rəğmən, bildirmək istərdim ki, seçki məntəqələrinə gedən vətəndaşlarımızdan fiziki şəxsiyyət vəsiqəsi tələb olunduqda onlar telefonlarında, myGov-da olan şəxsi məlumatlarını təqdim edə bilərlər.
MSK-nın bunu qəbul etməməsi, bu məlumatları rəsmi sənəd olaraq tanımaqdan imtinası qanuna ziddir.
Osman Gunduz
TEREF