"Kartlar yenidən paylanır"... "ABŞ Ukraynaya sülh, Qərb müharibə vəd edir, Rusiya "qələbə" gözləyir"

18-02-2025, 08:44           
"Kartlar yenidən paylanır"... "ABŞ Ukraynaya sülh, Qərb müharibə vəd edir, Rusiya "qələbə" gözləyir"
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev itirilmiş əraziləri heç vaxt Rusiya kimi tanımayacaq, lakin NATO-ya qoşularsa, onları diplomatik yollarla geri qaytaracaq. "Biz bunu heç vaxt etməyəcəyik" dedi. "Biz onları diplomatik yollarla geri qaytarmalıyıq. Bəli, edə bilərik. Əgər biz NATO-dayıqsa, o zaman bunun niyə diplomatik yollarla edilə biləcəyi aydındır". Zelenski əlavə edib ki, bu məsələdə prioritet “insanları itirməməkdir”. Eyni zamanda, onun fikrincə, Ukrayna hələ də münaqişədə hərbi yolla qalib gələ bilər, “lakin bu, böyük itkilərlə nəticələnəcək”. “Tərəfdaşlarımız bizə kömək etməsə və dəstəkləməsə, çətin olacaq. Bu çox vaxt aparacaq. Ola biləcəyindən daha uzun" deyə Zelenski bildirib. Kreml Rusiyanın qələbəsinin mübahisəsiz olduğunu qeyd edib. Pentaqonun rəhbəri Pete Hegseth bildirib ki, Ukrayna 2014-cü ildən əvvəl mövcud olan sərhədlərə qayıda bilməyəcək. Trampın xüsusi nümayəndəsi Ukraynanın “potensial ərazi itirdiyini” etiraf edib.
Rusiya prezidenti Vladimir Putin, münaqişənin alovlanmasının səbəblərindən biri kimi Ukraynanın NATO-ya üzv olmaq istəyini göstərib. 2024-cü ilin yayında danışıqlara başlamaq üçün şərt kimi o, beş rayonun Rusiya ərazisi kimi tanınmasını, Ukrayna qoşunlarının Donbass, Zaporojya və Xerson vilayətlərindən çıxarılmasını, Kiyevin Şimali Atlantika Alyansına qoşulmaqdan imtina etməsini və Qərb sanksiyalarının ləğvini irəli sürüb. Zelenskinin sözlərinə görə, bu təşəbbüs “etibar edilməz bir ultimatumdur”.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və göründüyü kimi Amerika prezidenti Donald Tramp və ətrafı atəşkəsə nail olmaq istəyir, həmçinin sülh danışıqları istiqamətində ikitərəfli və ya dördtərəfli formatda danışıqların aparılmasında maraqlıdır. Politoloqun fikrincə, xüsusilə, burada Ukraynanın mövqeyi əsasdır, çünki Ukraynanın mövqeyi konkret olaraq həlledici faktordur.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Volodimir Zelenski atəşkəsə razılıq verə bilər: “İlk növbədə Ukraynanın NATO-ya üzv olması istiqamətində atılan addımları mütləq şəkildə Kiyevi qane etməlidir və söz verilməlidir, bundan sonra ərazilərini qaytarmaq üçün danışıqlar prosesinə gedə bilər”.

Politoloq hesab edir ki, burada Avropa İttifaqının da mövqeyi əsasdır.

“Avropa İttifaqı Zelenskiyə bundan sonra da hərbi və maliyyə dəstəyi verəcək. Əgər Donald Tramp birtərəfli şəkildə yalnız ABŞ və Rusiya maraqlarını burada üstün tutarsa, Ukrayna və Avropa maraqları üzərindən xətt çəkərsə müharibə davam edəcək. Zelenski və Avropa dövlətləri müharibəni davam etdirəcək”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, torpaqların işğaldan azad edilməsi üçün müharibə daha da uyğun variantdır və bunun üçün ilk növbədə Avropa dövlətləri Ukraynaya qoşun yeritməlidir.

Politoloqun fikrincə, sülh danışıqları sual doğurur.

“Bu, qaranlıq məqamdır. Rusiyada güclənəcək. Torpaqların diplomatik yolla qaytarılması müqabilində Ukraynanın 80 faizinin təhlükəsizlik təminatı və NATO-ya üzvlüyünə Amerika razı olmayacaq. Xüsusilə, NATO məsələsində. Ona görə də həlledici faktor yalnız müharibə meydanında həll olunacaq”-deyə Məhəmməd Əsədullzadə bildirib.

İradə Cəlil












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.