Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var - NƏ BAŞ VERİR?

Bu gün, 12:58           
Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var - NƏ BAŞ VERİR?
Hakimiyyətə gəlmədən öncə Rusiya-Ukrayna müharibəsini bir aya, hətta bir günə bitirəcəyini deyən Donald Trampın ABŞ prezidenti seçildikdən sonrakı iki ay müddətdə ciddi irəliləyişə nail ola bilməməsi diqqət çəkir. Onun inaqurasiyadan dərhal sonra Panama, Kanada və Qrenlandiyaya ərazi iddiası ilə çıxış etməsi xüsusi narahatlıq doğursa da, hazırda bütün səylərini Ukrayna müharibəsinin həllinə yönəltdiyi bildirilir.

Seçkilərdən öncə bəzir ekspertlər Donald Trampın qalib gəldikdən sonra Yaxın Şərq regionu və Rusiya-Ukrayna münaqişəsinə o qədər də əhəmiyyət verməyəcəyini söyləyirdi. Onun hətta İranla da məşğul olmayacağı, bütün diqqəti adını çəkdiyi üç ərazinin ABŞ-a birləşdirilməsinə cəmləyəcəyi iddia edilirdi. Trampın qərarları nəticəsində müharibənin Amerika qitəsinə çatacağı da səsləndirilən fikirlərdən biri idi.

Hazırda vəziyyət necədir? Tramp səlahiyyəti müddətində verdiyi vədləri yerinə yetirə biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Donald Trampın hər 3 ərazi ilə bağlı verdiyi bəyanatlar böyük ehtimal aldadıcı xarakter daşıyırdı:

“Çünki bu ölkələrin ABŞ tərəfindən ilhaq edilməsi bərabərində ciddi problemlər gətirə bilər. Məsələn, Kanada müstəqil dövlətdir. Dünyanın inkişaf etmiş ölkələrindən biridir. Demək olar buradakı bütün siyasi partiyalar ABŞ-ın təbrikinə qatılmağı arzu etmirlər. Həmçinin nəzərə alaq ki, Kanada Britaniya Millətlər Cəmiyyətinin üzvüdür. Bu dövlətin rəsmi başçısı Birləşmiş Krallığın monarxıdır.

ABŞ-ın sözügedən məsələdə Birləşmiş Krallıqla üz-üzə gəlməsi inandırıcı deyil. Doğrudur, Vaşinqtonun Kanadaya da təsirləri çox güclüdür. Ölkədə əsas sərmayə məhz ABŞ-a məxsusdur, ancaq bunlar bəs etmir. Onun bu ölkəni işğal etməsi utopiyadan başqa bir şey deyil”.

Politoloq bildirib ki, Panama kanalının ələ keçirilməsi ideyası digərlərinə baxanda daha mümkün görünür:

“Burada Çinin böyük sərmayəsi var. Panamanın 3 ən büyük strateji limanı Pekinin nəzarətindədir. Yəni oranı ələ keçirmək üçün ABŞ Çinlə mübarizəyə girməlidir. Vaşinqton xeyli maliyyə itirsə belə, bu mübarizədən qalib çıxa bilər. Ancaq əsas sual odur ki, bütün bunlar Panama kanalının alınmasına dəyərmi?

Qrenlandiya məsələsi isə daha mürəkkəbdir. Bu ada Danimarkanın ərazisidir, müstəqil dövlət deyil. Birincisi, Qrenlandiyanın Danimarkanın ərazisi olması onun həm də NATO-nun nəzarətində olduğunu deməyə əsas verir. Bu halda ABŞ öz müttəfiqinin torpağını işğal etmiş sayılacaq ki, normal yanaşma deyil. Ağ Evin sözügedən addımı alyansın dağılmasına səbəb ola bilər. Ona görə də Qrelandiyanın ilhaqı da inandırıcı görünmür.

Ancaq ABŞ ehtimal ki, Çin və Avropanın üzərinə bəzi həmlələr edəcək. Bunun üçün Rusiyanı öz tərəfinə çəkməlidir. Trampın hazırkı güzəştlərinin əsas səbəbi də budur. O, Rusiyadan istifadə edərək Avropa və Çini bəzi məsələlərdə güzəştə məcbur etmək istəyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.