"Missiya"nın hədəfi təxribatın detallarını formalaşdırmaqdır - ŞƏRH

Bu gün, 00:08           
"Missiya"nın hədəfi təxribatın detallarını formalaşdırmaqdır - ŞƏRH
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyasının Laçın və Zəngilan istiqamətlərində fəaliyyətinin yeni görüntüləri yayılıb. Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir. Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Qəribəsi odur ki, bütün günü müşahidə aparanlar erməni təxribatlarını da "görmürlər".

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının "müşahidə missiyası" adı altında Ermənistana gətirdiyi hərbçilərin, təhlükəsizlik işçilərinin əsas məqsədi bu bölgədə tərəflər arasındakı prosesləri izləmək deyil.

Ekspert vurğulayıb ki, Aİ-nin "müşahidə missiyası"nın əsas məqsədi qarşı tərəfin, yəni Azərbaycanın hansısa "təxribatla" ittiham etməkdir:

"Kağız üzərində Aİ-nin "müşahidə missiyası" hər iki tərəfin şərti sərhədlərdəki fəaliyyətinə nəzarət etməlidirsə, reallıqda onların nəzəri birbaşa Azərbaycan üzərindədir. Məlumdur ki, Aİ missiyası sənəd üzərindəki anlaşmaya uyğun hərəkət etmir. Ümumiyyətlə, Azərbaycan tərəfi həmin missiyanın fəaliyyətinə, bölgədə uzun müddət qalmasına rəsmi icazə verməyib. Missiya məsələsində Bakının razılığı alınmayıb. Yəni missiyanın ilk qanunsuz hərəkəti icazə olmadan şərti sərhədlərdə "müşahidə" aparmasıdır. Digər yandan missiya nümayəndələri erməni tərəfinin təxribatlarını görürlər və susurlar. Ermənistan silahlı qüvvələrinin təxribatları illərdir davam edir və missiyanın fəaliyyət müddətində də dəfələrlə təkrarlanıb. Lakin Aİ-nin missiyası bunu "görməyib".

Analitikə görə, Aİ-nin "müşahidə missiyası"nın əsas hədəfi Azərbaycana qarşı təxribatın detallarını formalaşdırmaqdır:

"Nəticədə erməni silahlılarının birbaşa təxribatını, atəşkəsi pozması hallarını görməzdən gəlirlər, ancaq Azərbaycan Ordusunun təxribata cavab tədbirlərini dərhal qabardırlar. Beləliklə Azərbaycanın aktivinə bir "minus" yazılır. Əlbəttə, bu qəbuledilməz addımdır. Ermənistana görə Avropa İttifaqı bu qədər ağılsız addım atırsa, bunun arxasında Fransanın davamlı təzyiqləri dayanır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.