"Tramp yeni nüvə silahlanma yarışına səbəb ola bilər"
Bu gün, 12:34

"Avropa və digər bölgələrdə bir sıra rəsmi şəxslər öz nüvə silahına sahib olmaq arzusunu ifadə edib..."
"Soyuq müharibə" dövründə ABŞ və Sovet İttifaqı bir məsələdə razılığa gəlmişdi: nüvə silahının yayılması hamı üçün zərərlidir. Lakin bu inam Donald Trampın prezidentliyi dövründə heç vaxt olmadığı qədər zəif görünür.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu, ABŞ prezidentinin Rusiyaya yönəlməsi və NATO-ya laqeyd yanaşması ilə bağlıdır.
Bu, "köhnə müttəfiqlər"- Almaniya, Polşa, Cənubi Koreya və Yaponiyanı əvvəllər ağlasığmaz görünən bir məsələ haqqında düşünməyə vadar edir: ABŞ-ın nüvə qalxanından potensial imtina olacağı təqdirdə necə hazırlaşmaq lazımdır?
Müttəfiq ölkələrdə nüvə silahına maraq artır
Carnegi Fondunun analitik mərkəzindən Ankit Panda deyir: "Tramp fenomeni ABŞ-ın müttəfiq ölkələrində elə bir təkan yaradıb ki, artıq bəzi dairələr nüvə silahına sahib olmağın Amerika etibarsızlığının yaratdığı problemi əsaslı şəkildə həll etdiyini düşünür".
Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NSYM) əsasən, rəsmi şəkildə nüvə silahına malik olan dövlətlər BMT Təhlükəsizlik Şurasının beş daimi üzvüdür: ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya.
Hindistan, İsrail və Pakistan bu müqaviləni heç vaxt imzalamayıb və nüvə silahı hazırlayıb. Şimali Koreya isə NSYM-dən çıxaraq nüvə arsenalını inkişaf etdirən yeganə ölkədir. Analitiklər narahatdır ki, əgər NSYM dağılarsa, xüsusilə də ABŞ-ın nüvə zəmanətlərindən imtinası səbəbindən, dünyada nüvə silahına sahib ölkələrin sayı 15-25-ə çata bilər.
Almaniya
Almaniyanın gələcək kansleri Fridrix Mers bildirib ki, ölkəsi "nüvə bölüşdürmə məsələsini və ya ən azından Britaniya və Fransanın nüvə qalxanının Almaniyanı da əhatə edib-etmədiyini" araşdırmalıdır.
Almaniya 1983-cü ildən ABŞ-ın nüvə silahlarını ərazisində saxlayır. Hazırda Köln şəhərindən 100 km cənubda yerləşən Bixel aviabazasında ABŞ-ın təxminən 20 B61 nüvə bombası var. Bununla belə, alman rəsmiləri ABŞ-ın öz "nüvə qalxanını" geri çəkməyə dair heç bir niyyətinin olmadığını vurğulayır.
Almaniyanın Vaşinqtondakı keçmiş səfiri Volfqanq İşinqer xəbərdarlıq edib ki, əgər Berlin həqiqətən nüvə dövləti olmağa cəhd etsə, bu, Rusiya və Polşanın mühafizəkar "Hüquq və Ədalət" partiyasının sərt reaksiyasına səbəb olacaq. "Biz son beş-altı onillikdə İkinci Dünya müharibəsinin fəlakətindən sonra qurduğumuz etimadın böyük hissəsini itirmək riski daşıyırıq", - o, əlavə edib.
Polşa
Polşada nüvə silahı ilə bağlı müzakirələr daha sürətlə gedir. Baş nazir Donald Tusk bu məsələni açıq şəkildə gündəmə gətirən ilk lider olub və ölkənin ya öz nüvə silahını yaratmasını, ya da Fransa ilə birgə istifadə razılaşması əldə etməsini təklif edib. Prezident Andjey Duda isə ABŞ nüvə başlıqlarının Polşaya köçürülməsinin daha məqsədəuyğun olacağını bildirib.
Lakin Polşanın hələ ki nüvə enerjisi stansiyası yoxdur. O, on il ərzində bir stansiya tikməyi planlaşdırsa da, infrastruktur və texniki təcrübə baxımından digər Avropa ölkələrindən geri qalır. Duda etiraf edib ki, Polşanın öz nüvə silahını yaratması "onilliklər" tələb edəcək.
Cənubi Koreya
Şimali Koreyanın nüvə proqramında davamlı irəliləyişi, Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinlə yaxınlaşması və Trampın hakimiyyətə qayıtmaq ehtimalı Cənubi Koreyanın təhlükəsizliklə bağlı narahatlığını artırır.
Dövlətə bağlı "Koreya Milli Birləşmə İnstitutu"nun tədqiqatçısı Sanqsın Li deyir: "Cənubi Koreyanın nüvə silahına sahib olması ideyası getdikcə daha geniş və sərt dəstək qazanır".
Hələlik heç bir aparıcı siyasi partiya bu addımı açıq şəkildə müdafiə etmir, lakin həm müxalifət, həm də iqtidar "nüvə potensialı" yaratmağa çalışır ki, Seul istənilən vaxt öz silahını əldə edə bilsin.
Yaponiya
Yaponiya İkinci Dünya müharibəsində atom bombası hücumuna məruz qalan yeganə ölkə olduğu üçün nüvə silahına sahib olmaq məsələsi uzun müddət ciddi tabu hesab olunub. Yüksək vəzifəli bir yapon rəsmisi bildirib ki, bu mövzu əvvəlcə yalnız "aqressiv" siyasətçilərin dar bir çevrəsində müzakirə olunub. Lakin indi bu düşüncəyə qoşulanların sayı arta bilər.
Yaponiya NSYM-yə erkən qoşulsa da, 1990-cı illərdə uranın zənginləşdirilməsi üçün zavod açmaqla kifayət qədər nüvə materialı toplayıb ki, bu da silah istehsalına imkan verə bilər.
Tokiodakı Beynəlxalq Xristian Universitetinin professoru Stiven Naqi vurğulayır: "Hazırkı strategiya ABŞ-ın təminatına əsaslanır ki, Yaponiya hələ də onların nüvə qalxanı altında qalır". O, qeyd edir ki, Çin və ya Şimali Koreyanın hücumu halında Yaponiya təxminən beş dəqiqə əvvəl xəbərdar ediləcək, ABŞ isə 30 dəqiqə öncədən məlumat alacaq.
"ABŞ bir-iki şəhərə hücumu yaşasa da, varlığını davam etdirə bilər. Lakin Tokio və Osaka məhv olarsa, Yaponiya faktiki olaraq dövlət kimi mövcudluğunu itirər", - Naqi deyir. O, vurğulayır ki, Yaponiyada nüvə silahı ilə bağlı tabu təkcə tarixi səbəblərə görə deyil, həm də bu strategiyanın "tamamilə fərqli oyun qaydaları" tələb etməsinə görə davam edir.