Deyir, məğlubiyyət yetimdir. Qələbəni sahiblənən çox olar.

Bu gün, 09:04           
Deyir, məğlubiyyət yetimdir. Qələbəni sahiblənən çox olar.
Deyir, məğlubiyyət yetimdir. Qələbəni sahiblənən çox olar. Birinci müharibənin nəticəsi olaraq da yetim Azərbaycan əsgəri (ümumiləşdirib, əsgər yazmışam. Əsgər deyəndə zabit, gizir, MAXE, əsgər hamısını nəzərdə tuturam) idi. Görünən odur ki, 44 günlük müharibədən sonra da yetim qalan yenə Azərbaycan əsgəridir.
Müharibə zamanı, ondan sonrakı dövrdə elə fikir formalaşmışdı ki, sanki müharibəni udan "Bayraktar" olub. Azərbaycan əsgərləri kobud yazacam, lülə qurudurmuş. İndi də deyirlər, yarmanı həyata keçirmək mümkün deyilmiş, İsraildən xüsusi sistemlər alınıb, ondan sonra vəziyyət dəyişib. Bu cümlədən çıxan nəticə nədir? 30 il müharibəyə hazırlaşan ölkə müharibəyə başlayır, ayılır ki, çoxqatlı müdafiə var, onu keçə bilmir, tez gedib hansısa bir ölkədən sistem alır. Bu həm də o deməkdir ki, Azərbaycan ordusunun kəşfiyyatı, ölkənin kəşfiyyat qurumları yeyib yatıb, qarşı tərəfdən düzgün informasiya ala bilməyib, yaxud zabitlər o qədər savadsız olublar ki, aldıqları informasiyaları düzgün təhlil edə bilməyiblər və qərar veriblər ki, İsraildən yeni sistemlər alsınlar. Başqa sual ortaya çıxır. Sənin zabitlərin informasiyanı təhlil edə bilmir, ancaq yarmanı həyata keçirmək çətin olanda, alınacaq sistem hansı olduğu tez ağlına gəlir?
Sistem gətirmək və onu qurmaq o qədər asandır? Azərbaycan S-300-ü alandan sonra onun quraşdırılması 7 aya yaxın vaxt almışdı. Türkiyə S-400 alıb, hələ də sistemə oturda bilməyib. Hansısa bir sistem mərmi deyil ki topa qoyub atasan. İddiaya bax. Azərbaycanın təlim görmüş operatorları İsraildən alınan bu sistem vasitəsi ilə REM, radar və HHM sistemlərinin yerini tipini və xarakteristikasını təsbit edib. Sual yaranır. Sənin olmayan şeyin operatorunu necə və niyə yetişdirmisən? Əslində dolayısı ilə deyirsən ki, İsraildən olan mütəxəssislər müharibədə iştirak edib? Mən qarşı tərəfin kəşfiyyatçısı olsam, bu iddiadan ancaq bu nəticəni çıxararam. Kimin bacısı oğlusunuz?
Baxıram, içlərində zabitlər də var. Müharibənin ilk günü verilən itkilərin çoxluğundan gileylənirlər. Heç bir hərbi təhsilim yoxdur. Nə bilirəmsə, oxumaqla, təcrübə keçməklə əldə etmişəm. Müharibələrdə qüvvələr nisbəti anlayışı var. Hücumda nisbət necə olmalıdır? NATO standartı 3:1 deyir. Ərazi möhkəmlədirilmiş, dağlıq, meşəlikdirsə 5:1, 6:1. Sovet/Rusiya sistemində hətta dağlıq ərazidə 8:1 də götürülür. Hücumdasansa minimum düşmənin 1 əsgərinə qarşı 3 əsgər göndərməlisən. Hücuma cəlb etdiyin qüvvələrin sayı sənə nə qədər itki verəcəyin sayını da deyir. Hətta şəhidin sayına görə əlil və digər yaralıların sayını da müəyyən edir. Bu məsələ bu günün kəşfi deyil, bir neçə min ildir ki, belədir və belə də davam edəcək. Sadə düsturdur. Başın işləmir, başı işləyən internetdəki axtarış sistemlərinə, süni intellektə suallar ver, cavabını öyrənəcəksən.
Bizim kimi özünə düşmən kəsilən, özününkünü görməzdən gələn, yadı göylərə qaldırıb, özündən olanı yerin dibinə soxan ikinci bir toplum tanımıram. Xaricilərlə görüşəndə fikir vermişəm, şəxsən mənə ilk verdikləri sual bu olur: - Siz o relyefdə 44 gün ərazində necə qələbə qazandınız? Heç biri sual vermir ha, hansı raket atdınız, hansı dron qaldırsınız, hansı bombadan istifadə etdiniz. Hamısını maraqlandıran bir şey var, necə bacardınız? Gəlirsən, Azərbaycana İsrail sistemləri, Türkiyə dronlar. Rusiya da çıxıb kənardan desin ki, rus tankı, avtomatı, təyyarəsi, nə bilim nəyi. Onda sənə nə qalır?
Bir ölkə müharibəyə hazırlaşırsa, qarşı tərəfi dəyərləndirir, ona uyğun silahlar alır. Bu silahı İsraildən almayacaq gedib Cibutidən alacaq, Harop almayacaq, gedib Dəvə alacaq. Türkiyədən almayıb gedib Türkmənistandan alacaq. Adı "Bayraktar" olmayacaq, qaşqaldaq olacaq. Bunun fərqi var? Ermənistan Hindistandan silah alır. Ermənilər və bizimkilər deyir, rus silahından imtina edirlər. Alınan silahların lisenziyasına baxırsan, hamısı Rusiyanındır.
Müharibəyə bir vücud kimi baxmaq lazımdır. Bir orqanda problem çıxırsa, bədən, vücud çökər. "Qarabağ" "Kopenhagen" üzərində qələbə qazandı. Heç deyən olur ki, Zubirin sol ayağı, Addainin sağ ayağı qalib gəldi? Boksçu rinqdə sağ yumuruğu ilə vurub rəqibini nakaut edir. Medalı sağ əlinə taxırlar?
Müharibədə əlində olan bütün vasitələrdən istifadə edirsən, önəmli olan onun kimin istehsal etməsi yox, hazırda kimə məxsus olması, səni nəticəyə aparmasıdır. Almısansa, sənindir! Müharibə gedir. Qarşıdan tank gəlir. Məsafə 300-400 metr. Əlində qumbaraatanın var. Deyirsən ki, yox, bu rusundu, bunla vurmayaq, qoy İsrailin "Spike" ilə vuraq? Adama deməzlər "səni azdıranın kəndinin aşığını?".
Səxavət Məmməd












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru