Minlərlə azərbaycanlının gözlədiyi məsələ risk altında – Nə baş verəcək?
Bu gün, 12:37

“Green Card” lotereyası ABŞ-da yaşamaq və işləmək istəyən minlərlə azərbaycanlının maraq dairəsindədir. Lakin oktyabrın 1-də federal hökumətin qismən fəaliyyətinin dayandırılması və Prezident Donald Trampın miqrantlara qarşı sərtləşən siyasəti bu prosesin gələcəyini sual altına alır.
“Green Card” tamamilə ləğv edilə bilərmi?
Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, ABŞ Prezidenti Donald Trampın miqrasiyaya yanaşması sərt qaydalar üzərində qurulub:
“O, qanunsuz miqrasiya ilə mübarizənin gücləndirilməsini dəfələrlə vurğulayıb. Xüsusən Meksika ilə sərhəd ştatlarda ABŞ hökuməti miqrantlara qarşı sərt siyasət həyata keçirib, kütləvi deportasiya halları da baş verib. Bu, Trampın mövzuya həssas yanaşdığını və çox vaxt kəskin mövqedən çıxış etdiyini göstərir. O, bəzən yerli qurumları həddən artıq humanist davranmaqda ittiham edib. Ümumilikdə Tramp administrasiyası miqrantlara mənfi yanaşır, xüsusilə cinayət törətmiş belə şəxslərin sayının artmasını ABŞ cəmiyyəti üçün təhlükə hesab edir”.
Deputat qeyd edib ki, “Green card” ABŞ üçün mühüm vasitədir:
“Proqram formal olaraq lotereya adlansa da, seçim meyarları təsadüfi deyil. Daha çox gənc, təhsilli, maliyyə imkanları olan şəxslərə üstünlük verilməsi təsadüf kimi görünmür. Bu, Dövlət Departamentinin ABŞ iqtisadiyyatına fayda verə biləcək insanları cəlb etməkdə praqmatik yanaşmasını göstərir. Son illərdə müraciətlərin sayında artım müşahidə olunsa da, qalib elan edilənlərin sayının azaldılması mümkündür. Bu da Tramp administrasiyasının sərt miqrasiya siyasəti ilə izah olunur. Bununla belə “Green card” proqramının tamamilə ləğv olunması gözlənilmir, çünki o, əmək bazarındakı boşluqları doldurmaq və müxtəlif iqtisadi sahələrin inkişafını təmin etmək üçün vacibdir. Hazırda ABŞ-da antimiqrant ritorika güclənib və bu, ictimai rəydə də özünü göstərir. Halbuki ABŞ miqrant ölkəsidir: artıq bir neçə nəsil əvvəl gəlmiş ailələrin övladları tam şəkildə amerikalı kimliyi qazanıblar. Reallıq isə ondan ibarətdir ki, hər il ölkəyə üz tutanların sayı artır. Sərt siyasət müəyyən azalmaya səbəb olsa da, ABŞ hələ də miqrantlar üçün əsas hədəf ölkə olaraq qalır”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti DV-2027 müraciət dövrünü 3 oktyabr – 6 noyabr 2025 tarixləri arasında elan edib. Hələlik 2026-cı ilin tarixləri açıqlanmayıb. Ancaq əvvəlki illərdə olduğu kimi müraciətlərin yenə də oktyabrda başlayıb noyabrda bitəcəyi gözlənilir.