Oğurluğu bir nəfərin boynuna atırlar...
1-07-2015, 20:13
Hörmətli həmkarımız Elşad Mirinin teref.azya göndərdiyi məktubu sizə təqdim edirik!
Oğurluğu bir nəfərin boynuna atırlar...
Evimizdəki oğurluq hadisəsindən artıq 5 ay ötür. Bu ay ərzində müstəntiqin səriştəsizliyi, ilkin istintaq işlərinin qüsurlu həyata keçirilməsi, binamızın tam ortasında yerləşən sahə müvəkkilliyinin məsuliyyətsizliyi ucbatından bu günə kimi irəliləyiş olmamışdı.
Müxtəlif dövlət qurumlarına yazdığım şikayət məktubları da birləşdirilərək eyni quruma göndərilir və cavablar da standart olurdu... İllərlə bu sahələrdə çalışmış millət vəkili dostlarım da işin gedişatından sonra ən yaxşı halda oğurlananlardan "əlimi üzməyimi" məsləhət görmüşdülər.
Mediada müstəntiqlə bağlı iradlarımı təkrar bildirəndən sonra Daxili İşlər Nazirliyindən, daha sonra Binəqədi rayonu Polis İdarəsindən zəng etdilər. Görüşmək istədiklərini bildirdilər. Binəqədi rayon Polis İdarəsinə getdim. İdarənin rəisi ilk anda mənimlə elə tonda danışmağa start verdi ki, özümü müttəhim hesab etməyə başlayırdım ki, etirazımı bildirdim və qarşısındakının onun işçisi olmadığını xatırlatdım. Sonra məni dinləməyə başladı. Elə bildim ki, hadisə dünən olub və rəis də məni buna görə dəvət edib. Təsəvvür edin ki, rəisin hadisədən, ümumiyyətlə, xəbəri yox idi və bunu da "500 cinayət işi olur, hansı birini yadda saxlayım" sözləri ilə özünə haqq qazandırmağa çalışdı. Mən müəyyən qüsurları sadaladım. Haqlı olduğumu bildirib, müstəntiqlərə bir az əvvəlki səs tonuyla dedi ki, sizin qüsurlarınızın nəticəsidir ki, vətəndaş mənimlə belə danışır. Nə isə... Nəticədə müstəntiq dəyişdi və oğurluq ərəfəsində evimizə gəlib-gedənlərin siyahısını istədilər, düz 5 ay sonra...
Yenə bir müddət keçdi... Şübhələnmədiyimiz şəxslərin dindirildiyini öyrəndim.
Bu dəfə isə ölkədən kənarda idim. Telefonuma zəng gəldi. Polis bölməsinin rəisi idi. Cinayətkarı (!) həbs etdiklərini bildirdi. Və evdə olmağımızı istədi. Dərhal ailəmə zəng etdim ki, evə qayıdın. Özüm də səhərisi gün artıq evimizdə idim. Bölmə rəisinə zəng etdim, evdə olduğumu dedim. Özünün gələ bilməyəcəyini və köməkçisi ilə birlikdə cinayətkarı (!) hadisə yerinə göndərəcəyini bildirdi. Gəldilər. Amma mən özüm də kamera götürüb evimə daxil olanları çəkməyə başladım.
Deməli, oğru Gürcüstan vətəndaşı imiş (!). Həm də 1 nəfər. Oğru Gürcüstandan gəlib bizim evimizi güdübmüş... 5 yaşlı oğlum dedi ki, ata bu qədər əşyanı bir nəfər apara bilməz... Amma hələlik bircə nəfər tutulub (!) və iddia olunan da budur. Oğrunu gətirənlərin heç biri də rus dilini bilmirdi. Nə müstəntiq, nə də digərləri... Çox maraqlı, daha doğrusu gülməli, əslində isə ağlamalı vəziyyət idi. Onlar bilmirdilər ki, ailəmin hamısı rus dilini mükəmməl bilən fərdlərdən ibarətdir. Oğruya rus dilində (başqa dil bilmirdi) istiqamətləndirici suallar verdik və təbii ki, 90 faizinə yanlış cavablar aldıq. Və orada dedim ki, gəlin oyun oynamayaq. Bunu bilmirəm hansı səbəbdən həbs etmisiniz, amma bunun boynuna qoymayın. Öyrədib gətirməyin də heç bir yeri yoxdu. Maraqlı bir-iki məqamı qeyd edim ki, oğru 2000 Azn evdən götürdüyünü iddia edir... Kameraları 250 dollara Gürcüstanda satıbmış. Amma nədənsə kameraların içində nə olduğunu oğru yox, polis iddia etdi... Gömrükdən necə keçirdiyi isə çox maraqlıdır.
Burada da çox qaranlıq bir neçə məsələ var. Sadəcə yazıb onlara arqument vermək istəmirəm. Bütün bunların hamısını kameraya çəkmişəm. Amma cinayət işini bağlamaq üçün bu cür yol(lar)a əl atmalarına baxmayaraq bu işin bu cür yekunlaşdırılmasına imkan verməyəcəm. Ölkə başçısına, müxtəlif qurumlara bir daha yazacam. Bir daha müraciət edəcəm. Bütün qüsurları bir-bir ətraflı izah edəcəm. Ta ki, ədalət bərqərar olana kimi... Kiminsə boynuna qoyub işin bağlanmasına imkan verməyəcəm. Təbii ki, hələ də ədalətin olduğuna inanaraq...
***
--
Hörmətlə,
Elşad MİRİ