Bu gün Milli Qəhrəman Ramiz Qəmbərovun ad günüdür!!

2-07-2015, 11:04           
Bu gün Milli Qəhrəman Ramiz Qəmbərovun ad günüdür!!
Ramizin könüllü batalyonu

Qarabağ torpaqları uğrunda gedən savaşlarda canını qurban verən qəhrəman oğulların işıqlı xatirəsi bir örnək, bir ümid yeridir. Bu, həm də millətin haqq davasında yeni tarix üçün stimul verən bir amildir. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov da belə qəhrəmanlarımızdandır. Qarabağ döyüşlərində misilsiz xidmətləri olan Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulmuşdur. O, 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır.
1986-cı ildə daxil olduğu Azərbaycan Inşaat Mühəndisləri Institutunu bitirməyə macal tapmamışdı. Çünki erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdi. Şuşanın başını qara buludlar aldığı, fitnə-fəsad dumanı yolları bağladığı bir məqamda o bir vətənpərvər olaraq necə dayana bilərdi? Vətən torpaqlarında alovlar qalxmağa başlamışdı. Hamı dincliyini itirmişdi. Belə vaxtda hünərli oğullar meydana çıxdı. Ramiz Qəmbərov kimi igidlər doğma yurd yerlərinin keşiyində, sakinlərin müdafiəsində dayanmaq üçün səfərbər oldular.
Ramiz Qəmbərov 1988-ci illərdə Xalq Hərəkatına qoşuldu. Ermənilərin ata-babalarımızdan qalan torpaqlarımıza təcavüzü ilə barışa bilməyən qəhrəman 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratdı və bu batalyonun başçısı oldu.
Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu.
Həmin vaxt ərazidəki Ramiz Qəmbərovun könüllü özünümüdafiə batalyonunda ümumilikdə 500-ə yaxın könüllü vuruşurdu. Burada kərkicahanlı Islam və Fəxrəddin Səfərovun dəstəsi də xüsusi cəsurluqlar göstərirdi. Əsas müdafiə mövqelərindən birində Müdafiə Nazirliyinin bir briqadası və 777-ci əlahiddə tabor (komandir Elçin Məmmədov) dayanmışdı.

Ehtiyatda olan zabit Nazim Hüseynov:
“Səkinə anaya minnətdaram ki, o cür vətənpərvər, cəsarətli oğul yetişdirib. Kərkicahanın və Kosaların müdafiəsində bir yerdə olmuşuq. Quşçular zonasında mən olmasam da, eşidirdim ki, o tez-tez gedir, vəziyyətlə tanış olmaq üçün döyüş yoldaşı Dadaşla bir yerdə meşəliklə gedib-gəlirdilər. Ramiz demək olar ki, Kərkicahanın müdafiəsində çox işlər gördü. Inanmaq olmurdu ki, Şuşa, Kərkicahan alınacaq. Çünki onun Ramiz kimi qəhrəman oğulları vardı. Laçın, Qubadlı, Kəlbəcərin və digər rayonların işğalına inanılmırdı. Ramiz Cavad xan kimi cəsur və qorxmaz bir insan idi. Ramiz şəhid olmasaydı, Şuşanı müdafiə etmək olardı. Amma təəssüflər ki, bu belə olmadı”.

Dost xatirəsi

Jurnalist Kərim Kərimlinin Salatın Əsgərovaya həsr etdiyi “Xatirə” adlı yazısından:
“...Mitinqdə rəhmətlik Ramiz Qəmbərov da çıxış etmək istəmişdi, lakin mitinqi idarə edən Azərbaycan komsomolunun lideri ona söz verməmişdi. Çox təkid etsələr də, məqsədlərinə nail ola bilmədiklərini gördükdə, Gülağa birtəhər tribunaya qalxmış və bıçağı çıxararaq, mitinqi idarə edənin ”boş böyrünə" dirəyərək, Ramiz Qəmbərova söz verilməsini tələb etmişdi. Lider “çəm-xəm” eləmək istəyəndə, Gülağa sakitcə, təmkinlə, lakin ötkəmcəsinə demişdi: “Əgər indi, bu dəqiqə Ramiz Qəmbərova söz verməsən...”.
Canının qorxusundan əsməcə tutan həmin şəxs dərhal Ramiz Qəmbərovu tribunaya dəvət edərək, mikrofonu ona vermişdi. Sonralar Şuşa ətrafında qəhrəmancasına həlak olan və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, AXC Şuşa şöbəsinin sədri, Şuşa Könüllülər batalyonunun komandiri Ramiz Qəmbərov isə Salatın Əsgərovanın qətli, meyitinin Şuşada gizlədilməsi və vertolyot tərəfindən “müsadirə” edilməsi barədə həqiqətləri mitinqdə söyləyərək, məmurları ifşa etmişdi. Bundan sonra mitinq iştirakçıları da xeyli hiddətlənmişdilər. Orada iştirak edənlərin dediyinə görə, Ramizin çıxışından bərk əsəbiləşən QXYK-nin rəhbərlərindən biri ona hücum edərək, yaxasından və şərfindən tutaraq, demişdi: “Bax, bu paltonu da, bu şərfi də sənə mən vermişəm, mənim pulumla almısan!”. Bu sözlərlə o, QXYK-nin Şuşaya göstərdiyi yardımları Ramizin “başına qaxaraq”, töhmət eləmişdi. Ramiz isə özünəməxsus şuşalı yumoru ilə gülə-gülə demişdi ki, müəllim, papamın, Sizin canınız üçün, bu palto kiçik qardaşım Ilyasın, bu şərf isə böyük qardaşım Eyvazındır. Onlara da bunları Sizin aldığınızdan mənim xəbərim yoxdur.
...Bu həqiqətən də belə idi. O zaman başı ictimai işlərə çox bərk qarışdığından, özü haqqında düşünməyə belə macal tapmayan Ramizin də bir normal paltarı yox idi. Və Bakıya yola düşmək lazım olanda o, bizim gözümüzün qarşısında kiçik qardaşı rəhmətlik Ilyasın (bir neçə il bundan əvvəl o da Bakıda vəfat elədi) o zaman dəbdə olan “yoloçnu” paltosunu və böyük qardaşı Eyvazın “maxrovı” şərfini alıb geymişdi ki, soyuqda Bakıya gedib-gələ bilsin...".

“Erməni mənim meyitimin üstündən Şuşaya girə bilər”


Onun ölümünün yeddisi günü Şuşa işğal edildi... Mayın 7-sindən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri 11 minlik qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkən deyilən yerdən, Daşaltı, Qaybalı yolu, Şuşikənd istiqaməti və Hacıtalasından hücuma keçdilər. Təkcə “Zastava” deyilən posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi qalxmışdı. Səhər saat 7-yə yaxın əsas istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən biri - Kirs dağında Ermənistan Silahlı Qüvvələrinin artilleriya briqadası oturmuşdu. 12 saat ərzində Şuşa şəhər ətrafına düzülmüş topların atəşinə məruz qaldı.
Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Xocalıdan keçdi. Bütün bunlara baxmayaraq, Şuşanın işğalına heç kəs inanmırdı, ağlına belə gətirmirdi. Ancaq bu hadisə baş verdi və Şuşa 1992-il mayın 8-də erməni və rus işğalçıları tərəfindən işğal edildi. Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir...
Şuşa təkcə cənnət məkanı deyil, həm də hərbi strateji əhəmiyyət kəsb edən bir alınmazlıq, basılmazlıq qalası olmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdı. Düşmənlərə, yadellilərə göz dağıydı...

Növrəstə Yusifova(döyüşçü):
“Ramiz Qəmbərovu vurmuşdular. Xəstəxanada gördüm... Onu xilas etmək mümkün olmadı, heyf. Məni Şuşadan birinci dəfə ezamiyyətə göndərəndə Ramiz Qəmbərov ora gəlmişdi, komandirimizə dedi ki, bu xanımın potensialından döyüşçü kimi yaxşı yararlana bilmirsiniz, onu mənim sərəncamıma verin...”.
29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum etmişdilər, köməyə gələn Ramiz Qəmbərovun taboru döyüşə atılmış, düşmən xeyli itki vermişdi. Amma onlar geri çəkilmək fikrində deyildilər və bu ağır döyüşdə də cəsur komandir ağır yaralandı... bir gün sonra 30 apreldə də şəhid oldu. Şuşa şəhərində dəfn edildi.
Fədakar döyüşçü ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Bakı şəhərindəki küçələrdən biri qəhrəmanın adını daşıyır.
Ustad Xan Şuşinskinin bu gözəl mahnısı indi insanın qəlbinə közü köz üstə basıb. Yaraları təzələyir. Şuşanın başından qara buludların nə zaman dağılacağını kimsə bilmir. Babalarımızın bizə o müqəddəs əmanəti qaniçənlərin əlində əsir qalır. Alınmaz qala sayılan Şuşa indi viran şəhərə çevrilib. Burada Azərbaycanın ən böyük şəxsiyyətlərinin məzarları, ruhları, torpaqları əsirdir. Burada canını vətən naminə fəda etmiş Ramizlərin ana ocağı, baba mülkü tapdaq altındadır. Onların ruhu nigarandır və hər gün Şuşanın dumanlı göylərinə ulduz kimi qonaraq bu müqəddəs şəhərə işıq salmağa çalışır, o işıqla bizi qisasa səsləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.