Heydər Əliyev: “Hamınızdan tələb edirəm, ona kömək edin” - VİDEO

2-07-2015, 12:07           
Heydər Əliyev: “Hamınızdan tələb edirəm, ona kömək edin” - VİDEO
Bu gün - 2 iyul Azərbaycanda polis işçilərinin peşə bayramıdır. Yazıçı Markesin obrazlı təbirincə desək, ədəbiyyat olmasaydı, dünya zərrə qədər dəyişməzdi, amma polis olmasaydı, kainatın mənzərəsi başqa olardı. Dünən də, bu gün də və sabah da ictimai asayişin qorunmasında, təhlükələrin qarşısının alınmasında bu sahənin mövcudluğu nəinki mütləqdir, güclənməsi vacibdir. Daxili işlər orqanları ölkələrin təhlükəsizliyinin təminatında ən müstəsna əhəmiyyət daşıyır.

Axar.az arxivə nəzər salaraq xəbər verir ki, Azərbaycanda polis sisteminin təşəkkülü hələ ötən əsrin 20-ci illərinə gedib çıxır. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra bir sıra vəzifələr təsis olundu.
Bu mühüm postlardan biri də daxili işlər naziri vəzifəsi idi. Azərbaycan birinci dəfə müstəqillik qazananda hökumətdə ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin mayın 28-dən iyunun 17-nə qədər bu vəzifəni icra edib.
Sonra Behbudxan Cavanşir, Xəlil bəy Xasməmmədov bu postda olub. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Məhəmməd Əsədov ilk daxili işlər naziri vəzifəsini daşıyıb. Lakin o bu vəzifəyə hələ Azərbaycan SSRİ-nin tərkibindən çıxmamış təyin olunmuşdu. 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Qarakənddə vertolyotun vurulması nəticəsində ölənlər arasında M.Əsədov da vardı. Ardınca Tofiq Kərimov, Tahir Əliyev, İsgəndər Həmidov, Abdulla Allahverdiyev, Vaqif Novruzov daxili işlər naziri vəzifəsini icra edib. 1994-cü ildən isə DİN rəhbəri general-polkovnik Ramil Usubovdur. R.Usubov 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb. 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi olub. 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. Ondan sonra da müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub. Nəhayət, 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsi ona etibar edilib. Nazirin bütün bu avtobiqorafiyası isbat edir ki, onun nazir postuna qədər yüksəlişi heç də təsadüfi olmayıb. Və etiraf olunmalıdır ki, məhz onun sayəsində hazırda DİN vətəndaşların güvəndiyi quruma çevrilib. R.Usubovun nazir fəaliyyəti dövründə ən çox diqqət çəkən məqam məsələlərə olduqca həssas yanaşmasıdır. Əgər bir vətəndaş polisdən şikayət etdisə, mətbuatda ictimailəşdirilməsindən asılı olmayaraq, araşdırma aparılır və həmin vətəndaşın iştirakı ilə tam ədalətli qərar verilir. Daxili İşlər Nazirliyi istisna nazirlikdir ki, hansısa işçisinin rüşvət aldığı ehtimal edilən video və yaxud fotosu mediada, sosial şəbəkələrdə yayılan kimi dərhal araşdırılır.
Bu araşdırmalar təsdiqlənirsə, həmin şəxs polis sıralarından xaric edilir. Eyni zamanda, “102” xidməti ən aktiv şəkildə işləyir, ictimai müraciətlər daim diqqətdədir. Bu, general-polkovnik Ramil Usubovun şəxsi keyfiyyətindən irəli gələn həssaslıqdır ki, polis sistemində özünü müsbət mənada göstərməkdədir. R.Usubovun bütün vətəndaş müraciətlərinə, o cümlədən Qarabağ qaziləri və şəhid ailələrinə xüsusi həssaslığı isə ayrıca vurğulanmalıdır. Hazırda DİN-in cinayətkarlığa və kriminal ünsürlərə qarşı mübarizəsi, narkomaniyanın aradan qaldırılması və s. sahədə statistic göstəriciləri ən sivil ölkələrdən də yüksəkdir. R.Usubovun xalqın gələcəyini məhv edən narkomaniyaya qarşı heç bir güzəşt tanımayan siyasəti isə dəfələrlə təqdir olunub. Ən nəhayət, I Avropa Oyunlarının keçirildiyi günlərdə həm yol polisinin, həm mühafizə, həm post-patrul xidməti əməkdaşlarının ən yüksək səviyyədə işləməsi, bu böyük tədbir zamanı yollarda heç bir tıxacın olmaması, ictimai asayişin yüksək səviyyədə təmin edilməsi, hər hansı təxribat xarakterli mümkün addıma qarşı ayıq-sayıqlıq təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Axar.az ekspertlərin müşahidələrinə əsaslanaraq qeyd edir ki, Qərb ölkələrindən gələnlər, həmçinin erməni idmançıları, turistlər paytaxtda heç bir problemlə qarşılaşmadı. Xatırladaq ki, 21 il öncə Ramil Usubovu bu vəzifəyə təyin edən Prezident Heydər Əliyev “Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm və sizin hamınızdan tələb edirəm ki, ona bu vəzifədə işləməsinə kömək edəsiniz” deyə məmurlara tapşırıq vermişdi…
[media=https://www.youtube.com/watch?v=SyXhGzqqvGE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.