Bakı bazarlarında mövsümə xas olmayan bahalaşma: qiymətlər niyə qalxır?
29-07-2017, 09:48

Ötən ilin bu dövründə 4 kiloqramı 1 manat olan pomidorun kiloqramı indi 1 manatdır
Yay mövsümünün meyvə-tərəvəz sarıdan ən bol dövrü olsa da, qiymətlər “od tutub yanır”. Xüsusən də mövsümün ən çox tələbat olan məhsulları - pomidor, şaftalı, qarpızın qiyməti nəzərəçarpacaq dərəcədə artıb.
“Yeni Müsavat”ın müxbiri bazardakı son durumu və bahalaşmanın səbəblərini öyrənmək üçün “8-ci kilometr” bazarına üz tutub. Qiymətlərin hansı həddə olmasından asılı olmayaraq bazarda alıcılıq yüksəkdir. Xüsusən qış tədarükünə hazırlaşanlar bu bazara üz tutaraq topdansatışdan lazımi meyvə-tərəvəzi alırlar.
Qiymətlərə gəlincə, artım olmasını satıcılar da etiraf edirlər.
Müşahidəmiz zamanı öyrənə bildik ki, ən çox istifadə olunan tərəvəzlərdən kartofun kiloqramı 30-50 qəpik, qırmızı soğan 60-70 qəpik, ağ soğan isə 40 qəpikdir. Bu məhsullarda bahalaşma yoxdur. Hətta topdansatışda kisə ilə aldıqda soğanın kiloqramı 30 qəpiyə enib.
Bazarın topdansatış yarmarkasında kartofun kiloqramını 35-37 qəpikdən, soğanı isə 18-20 qəpikdən almaq mümkündür.
Digər məhsullardan kələmin 1 kiloqramı 50 qəpik, xiyar 50, çuğundur 50-70 qəpik, kök 70 qəpik, qarğıdalının 1 ədədi 30, pomidorun kiloqramı isə 80 qəpik-1 manat arasında dəyişir.
Topdansatışda pomidorun 32-33 kiloqramlıq yeşiyinin qiyməti 17 manatdır. Ötən ilin bu dövründə 4 kiloqramı 1 manat olan pomidorun kiloqramı indi 1 manatdır. Sarımsaq qış dövrü ilə müqayisədə ucuzlaşıb, kiloqramı 4-4,5 manata təklif olunur. Armudun kiloqramı 80 qəpik -1 manat, gavalı 60 qəpik, ərik 2-2.50 qəpiyədir.
Satıcılar deyir ki, ötən illə müqayisədə bu il qarpız bahadır. Topdansatışda kiloqramı 18 qəpikdən aşağı qarpız yoxdur. Qiymətlər üzrə ən ucuz yer “8-ci kilometr bazarı” hesab olunur. Burada pərakəndə satışda qarpızın kiloqramı 25 qəpikdən satılır. Bundan əlavə, alıcılar qeyd edir ki, əvvəlki dadı da qalmayıb. Rəngi qırmızı olsa da, şirinliyi az olur.
Onu da qeyd edək ki, “8-ci kilometr bazarı”ndakı qiymətlər marketlərdən və xırda dükanlardan ucuzluğu ilə fərqlənir. Yaşayış məhəllələrindəki meyvə-tərəvəz dükanlarından bu qiymətlər 30 faiz, bəzən 50 faiz baha təklif olunur.
Satıcı Yavər İsmayılov bizimlə söhbətində dedi ki, benzinin bahalaşması qiymətlərə təsir edir: “Sabirabaddan qarpızın kiloqramını topdan 15-16 qəpikdən alırıq. Bakı bazarlarında topdan 20 qəpikdən satırıq. Kilo-kilo isə 25 qəpikdir. Bu il qarpızın bahalaşmasının səbəblərindən biri benzinin qalxmasıdır. Digər səbəbi isə məhsulun azalmasıdır. Çalışırıq ki, dizellə işləyən yük maşını götürək. Çünki qarpızı almaq üçün kəndləri qapı-qapı gəzirik. Buna görə də çox yanacaq sərf edirik. Hələ ki Sabirabaddan gətiririk, ancaq bir neçə gündən sonra Bərdə qarpızları bazarlara çıxarılacaq. Bu il Bərdədə qarpız bol olacaq. Bu da təbii ki, qiymətin düşməsinə səbəb olacaq”.
Satıcı onu da bildirdi ki, fermerlərdən yerindəcə mal alıb Rusiyaya ixrac edənlərin sayı artıb və bu da daxili bazarda bahalaşma yaradır: “Əvvəllər Rusiyaya mal daşıyan alverçilər bazarlardan mal alıb aparırdılar. İndi əksinə, bostanlara gedib, kəndlinin özündən alırlar. Özü də yaxşı pul verirlər. Belə olanda da biz məcbur olub baha qiymətə alırıq”.
Satıcıların ümumi rəyindən belə bəlli oldu ki, qarpız və pomidorun bahalaşmasının əsas səbəbi bu məhsulların Rusiyaya ixracının artması ilə əlaqəlidir: “Ötən illə müqayisədə bu il pomidor və qarpızın qiymətində kəskin bahalaşma müşahidə olunur. Bunun əsas səbəbi kəndlinin məhsulunu yerli bazarlara satmamasıdır. Əvvəllər hamı öz məhsulunu baha satmaq üçün Bakı bazarlarına gətirirdisə, indi öz bostanlarında rahatlıqla Rusiyaya mal aparan alverçilərə satırlar. İri yük maşınları birbaşa bostanlardan malları yığıb, Rusiyaya aparırlar. Bu da təbii ki, kəndliyə sərf edir. Yol xərcindən və əlavə xərclərdən azad olurlar. Bunun nəticəsidir ki, iki-üç gün əvvəl pomidorun qiyməti 60-70 qəpik bahalaşdı. Təsəvvür edin ki, 32 kiloqramlıq pomidor 26-27 manata qalxdı. İndi hələ ki qiymətlər düzəlib. Böyük ehtimalla yenidən bahalaşma olacaq”.
Digər satıcı Əsəd Qarayev bildirdi ki, yaxın günlərdə pomidor ucuzlaşa bilər: “Pomidorun bahalaşması normal haldır. Bu aylar bir neçə günlük durğunluq olur. Ən çox pomidor becərilən rayon Xaçmazdır. Bildiyim qədər orada pomidorun yetişməsi gecikir. Bugünlərdə məhsul yığımı başlamalıdır. Pomidor gəlirli olduğundan sahibkarlar yüz hektarlarla pomidor əkiblər. Bir neçə gündən sonra bazarda pomidor su qiymətinə olacaq. Ancaq ötən illə müqayisədə təbii ki, bahadır. Bir manata 3 kiloqram pomidor alırdıqsa, indi bir kiloqram alırıq”.
Qeyd edək ki, yay aylarında adətən ətin qiyməti ucuzlaşsa da, hazırda bunun əksi müşahidə olunur.
Qəssabxanalarda mal və qoyun ətinin qiyməti 11 manat, marketlərdə isə 12 manata təklif olunur. Bunun səbəbini isə qəssablar yemin baha olması ilə əlaqələndirirlər.
Mövzunu şərh etmək üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O bildirdi ki, kənd təsərrüfatı məhsullarının mövsümə xal olmayan şəkildə bahalaşmasının bir neçə səbəbi var: “Əsas səbəblərdən biri ötən ildən başlayaraq texniki bitkilərə üstünlük vermək şərti ilə əkin sahələrinin azaldılması oldu. Ətin bahalaşmasının da əsas səbəbi budur. Regionlarda yem qıtlığı yarandı, ot kifayət qədər bahalaşdı. Bu da ətin qiymətinə ciddi təsir göstərdi. Digər səbəblərdən biri də kənd təsərrüfatı məhsullarının istehsalının artmadığı bir şəraitdə ixracata üstünlük verilməsi oldu. Bu addım ölkəyə valyuta gətirsə də, daxili bazarda məhsulların çeşidinin və həcminin azalmasına səbəb oldu. Nəticədə qiymətlərə mənfi təsir göstərdi. Digər səbəb isə ölkə daxilində istehlakın artmasına səbəb olan turist axınıdır. Doğrudan da bəzi ölkələrdən gələn turist sayında nəzərəçarpacaq dərəcədə artım var. Ərəb ölkələrindən gələn turistlərin sayı ötən ilə nisbətən 20 dəfəyə yaxın artıb. Turist sayının artması isə istehlakçı sayının artması deməkdir. Bazarlarda məhsulun həcminin dəyişmədiyi, istehsalın artmadığı bir şəraitdə istehlakın artması qiymətlərə təsir göstərir”.
İqtisadçının sözlərinə görə, başqa bir səbəb yaxın günlərdə Aİ 92 markalı benzinin 70 qəpikdən 90 qəpiyə qədər bahalaşmasıdır: “Doğrudur, kənd təsərrüfatı məhsullarının istehsalında əsasən dizel yanacağından istifadə olunur. Ancaq həmin məhsulların daşınmasında, kənd təsərrüfatının logistikasında çox zaman Aİ 92 markalı benzinlə çalışan avtomobillərdən də istifadə olunur. Bu da qiymətlərə təsir göstərən mühüm amillərdən biridir. Digər məsələ isə makroiqtisadi problemdir. Digər sahələrdə daxili istehsal olmadığından əksər sahələrdə qiymətlər artıb. Bu da aqrar sahədə çalışan insanların xərclərini artıb. Fermerlər artan xərclərini ödəmək üçün bazara çıxartdıqları məhsulların qiymətini də artırmaq məcburiyyətində qalırlar. Məsələn, bu yaxınlarda bəzi universitetlərin təhsil haqqı artdı. Bəzi fermerlərin, kənd təsərrüfatında çalışan insanların övladları pullu təhsil alırsa, deməli, onların büdcəsinə də təsir göstərir. Yəni bir çox amillər var ki, onlar birləşəndə mövsüm üçün xarakterik olmayan qiymət artımını müşahidə edirik. Əgər məhsul bolluğu şəraitində bu baş verirsə, payızın sonu , qışın əvvəllərində (Yeni il öncəsi qiymət artımın da olacağını nəzərə alsaq) daha kəskin qiymət artımı ilə qarşılaşa bilərik”.



