Maliyyə bazarı uğrunda savaş güclənir

29-07-2017, 15:59           
Maliyyə bazarı uğrunda savaş güclənir
Rüfət Aslanlıya qarşı çıxan qüvvələrin arxasında kimlər dayanır?
Problemli kreditlərin həcmi 1,8 milyard manata çatıb. Bu göstərici maliyyə-bank sektorunun böhranlı durumda qalmaqda davam etdiyini göstərir. 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyadan sonra həcmi artan kredit borclarının ödənilməsi ilə bağlı yaranmış problemlər həllolunmaz məsələyə çevrilib. Bunun əsas səbəblərindən biri ölkədə köklü iqtisadi islahatların aparılmamasıdır. Problemli kreditlərin həlli istiqamətində hökumət vətəndaşlara heç bir güzəşt etmədi. Hətta mütəxəssislərin təklifləri belə nəzərə alınmayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması isə sadəcə görüntüyə xidmət edib. Ekspertlərin fikrincə, MBNP fəaliyyət göstərdiyi müddətdə ciddi qərar qəbul edə bilməyib. Bank sektoru vəzifəli şəxslərin inhisarında qalmaqda davam edir. Ona görə də bank-vətəndaş münasibətlərindəki böhran istənilən vaxt maliyyə sistemində növbəti iqtisadi partlayışa gətirib çıxara bilər.

Sözügedən problemin mövcud olmasının digər səbəbi maliyyə-bank sistemində korrupsiyaya qarşı mübarizənin aparılmamasıdır. Nəticədə bank sektorunu əlində saxlayan müxtəlif vəzifəli şəxslərin getdikcə varlanması sadə vətəndaşlar, o cümlədən kredit götürən fiziki şəxslər arasında yoxsulluğun artması ilə müşahidə olunur. Ayrı-ayrı məmurlar isə şəxsi biznesini artırmaq üçün qeyri-rəsmi sahibi olduqları şirkətləri dövri olaraq müflis elan etməklə həm külli miqdarda kreditləri qaytarmaqdan imtina edir, həm də vergidən yayınmaqla milyonlarla gəlir əldə edir.

İqtisadçıların rəyinə görə, Azərbaycanın maliyyə sistemindəki özbaşınalığın əsas səbəblərindən biri Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyində baş verən ziddiyyətlərdir. İlk dəfə bu barədə açıqlamanı gündəmə gətirən hüquqşünas Əkrəm Həsənov MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə İdarə Heyətinin sədri İbrahim Alışov arasında ciddi rəqabətin getdiyini bildirmişdi. Ekspert hesab edir ki, maraq toqquşması MBNP-na maliyyə sahəsində sistemli siyasətin həyata keçirilməsinə mane olur.

“Yuksəlis.info”nun apardığı araşdırma zamanı əldə etdiyi məlumatlara görə, Maliyyə Bazarlarına Nəzarət Palatasındakı ziddiyyətlər Rüfət Aslanlı və İbrahim Alışovla yekunlaşmır. Bu rəqabət həm də Rüfət Aslanlı ilə Direktorlar Şurasının digər üzvləri arasında da gedir. Əslində isə baş verənlər palatanın rəhbərliyində təmsil olunan şəxslərin deyil, onların arxasında dayanan və bank sektoruna nəzarət uğrunda mübarizə aparan hökumət üzvlərinin öz arasında gedir. Belə ki, Rüfət Aslanlı maliyyə naziri Samir Şərifova yaxın şəxs sayılır. Əvvəl Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edən E.Aslanlının MBNP-a sədr təyin olunmasında da Samir Şərifovun təqdimatı mühüm rol oynayıb. Lakin maliyyə naziri ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov arasındakı mübarizə bu qurumda da davam edir. İbrahim Alışovun da arxasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dayandığı bildirilir. Ancaq əldə etdiyimiz məlumata görə, bu nüfuz savaşında əsas fiqurlar pərdə arxasındadır. Belə ki, İbrahim Alışova dəstək məsələsində Elman Rüstəmovun güvəndiyi qüvvə baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olduğuna dair məlumatlar var.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müavini Nigar Məmmədova “Azəriqaz” İB-nin sədri Çingiz Əsədullayevə yaxın şəxs olduğu iddia edilsə də pərdəarxası oyunçu kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir. Direktorlar Şurasının üzvü İlqar Muradov isə “Paşaholdinq” şirkətlər qrupuna daxil olan “Kapitalbank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin adamı sayılır. Buradan belə mənzərə aydın olur ki, maliyyə bazarlarına nəzarət uğrunda hazırda maliyyə naziri Samir Şərifov, baş nazirin müavini Əli Həsənov, vergilər naziri Fazil Məmmədov və “Kapitalbank”ın rəhbərliyi arasında ciddi mübarizə gedir. Əli Həsənovun və Fazil Məmmədovun yaxın perspektivdə struktur islahatları çərçivəsində tutduğu postları itirəcəyi ehtimalı artır. Deməli əsas rəqabət maliyyə naziri ilə “Paşaholdinq” arasında gedəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.