lahiyyatçı-araşdırmaçı Zaur Şüküroğlundan Türkiyə səfirliyinin dini xidmətlər müşaviri Kamil Günəşə çətin suallar!
10-08-2017, 09:21
Bu il BDU İlahiyyat fakültəsinin dinşünaslıq ixtisasına qəbulun dayandırılması qərarını təəssüflə qarşılayan Türkiyə səfirliyinin dini xidmətlər müşaviri Kamil Günəş bu günlərdə bu xəbərlə bağlı bir yazı paylaşmış, adı çəkilən fakültənin bu günə qədər məzun etdiyi tələbələrin sayından tutun bir çox məzunun müxtəlif dövlət qurumlarında çalışmalarına və rəhbər mövqe tutmalarına qədər diqqət çəkən açıqlamalara yer vermişdi. Kamil Günəşin İlahiyyat fakültəsinin Türkiyə, Azərbaycan və Kipirdə olmaqla bir çox ölkədə çalışan 50-yə yaxın elm adamı yetişdirdiyini, hal-hazırda 50 nəfərin də magistratura və doktorantura təhsili aldığını söyləməsi, həmçinin fakültənin 800 nəfərlik məzunundan 100-ünün bir neçə il içində beynəlxalq səviyyəli elm xadimi olacaqlarına dair iddialı bir fikir səsləndirməsi həmin açıqlamadakı ən diqqət çəkən məqamlardan idi.
İlahiyyatçı-araşdırmaçı Zaur Şüküroğlu da bir neçə gün öncə paylaşdığı bir yazıda məhz bu iddiadakı saylarla bağlı Kamil Günəşə çətin suallar ünvanlayıb. Qeyd edək ki, Zaur Şüküroğlu da BDU İlahiyyat fakültəsinin məzunudur və suallarının arasındakı açıqlamalarından elə başa düşülür ki, həmin fakültənin ən ləyaqətli tələbələrindən və ən başarılı məzunlarından biri olduğu halda haqsızlıqla üzləşib, fakültənin rəhbərliyi də ona sahib çıxmayıb. Belə ki, magistratura və doktorantura təhsili üçün Türkiyə Diyanət Vəqfi tərəfindən Türkiyəyə aparılan məzunlar arasında yer aldığı halda doktorantura təhsilini uğurla davam etdirdiyi əsnada Diyanət tərəfindən haqsızlığa məruz qalıb və kariyerasına zərbə vurularaq yarı yolda buraxılıb. Onu da qeyd edək ki, Z. Şüküroğlunun sözü gedən yazısında Diyanətin BDU İlahiyyat fakültəsinin üzərindən Azərbaycanla bağlı yürütdüyü məzhəbçi siyasətə və ölkəmizlə bağlı fəaliyyətlərində dövlətimizin nəzarətindən necə yayındığına ciddi işarələr var. Bu baxımdan önəmli məqamlara diqqət çəkdiyini düşündüyümüz Z. Şüküroğlunun yazısını dərc etməyi məqsədə uyğun hesab etdik və olduğu kimi təqdim edirik:
“ ‘BDU İlahiyyat fakültəsindən indiyə qədər 800-ə yaxın tələbə məzun olub.
Fakültə başda Türkiyə, Azərbaycan və Kipr olmaqla bir çox ölkədə çalışan 50-yə yaxın elm adamı yetişdirib; hal-hazırda isə 50 nəfər magistratura və doktorantura təhsili almaqdadır. Təfsir, Hədis, İslam Hüququ, Kəlam, İslam Fəlsəfəsi, Din Sosiologiyası, Din Psixologiyası, Təsəvvüf, Dinlər Tarixi və başqa sahələr üzrə mütəxəssis olan müəllim yetişdirilib.
Bu isə o deməkdir ki, bir neçə il içində sayları 100-ə çatacaq beynəlxalq səviyyəli azərbaycanlı elm xadimləri bu ölkənin qürur qaynağı və zənginliyinə çevriləcək. Bu zənginliyin qaynağı da Bakı Dövlət Universiteti İlahiyyat fakültəsidir.’
Yuxarıdakı cümlələr Türkiyənin Bakıdakı səfirliyinin dini xidmətlər müşaviri Kamil Günəşə aiddir. O, BDU İlahiyyat fakültəsinin dinşünaslıq ixtisasına bu il tələbə qəbulunun dayandırılması qərarına üzülərək bir neçə gün öncə verdiyi açıqlamaya adı çəkilən fakültəni yuxarıdakı sözlərlə mədh edərək başlayıb. Çox gözəl, çox pakizə. Madam elə, o zaman biz də hörmətli Kamil Günəşə aşağıdakıları sual edirik:
- BDU İlahiyyat fakültəsinin yetişdirdiyini və Türkiyə, Azərbaycan və Kipirdə çalışdıqlarını söylədiyniz 50-yə yaxın elm adamının adlarını açıqlaya bilərsinizmi?
- Hal-hazırda magistratura və doktorantura təhsili aldıqlarını söylədiyiniz 50 nəfərin adlarını da açıqlamanız mümkündürmü?
- Bir neçə il içində saylarının 100-ə çatacağını, Azərbaycanın qürur qaynağı və zənginliyinə çevriləcəyini iddia etdiyiniz həmin beynəlxalq səviyyəli elm xadimlərinin arasında 1997-ci ildən etibarən hər il məzunlardan seçib magistratura və doktorantura təhsili üçün Türkiyəyə apardığınız, sizin din siyasətinizə tabe olanları hər tərəfli dəstəkləyib doktorluq titulu qazandırdığınız, Türkiyə və Azərbaycan universitetlərində, eləcə də BDU İlahiyyat fakültəsində müəllim olmalarına şərait yaratdığınız; sizin din siyasətinizə yox, Azərbaycana gərəkli olan həqiqi din anlayışına bağlı olanları isə yarı yolda qoyub haqsızlıq etdiyiniz, kariyeralarını bitirdiyiniz ilahiyyatçılar da varmı? Ümumiyyətlə siz bu tələbələrin aqibətləri barədə indiyədək Azərbaycan dövlətinə hesab verdinizmi? Bu gün fakültəyə tələbə qəbulu dayandırıldı deyə Diyanətin Azərbaycandakı nümayəndəsi olaraq açıqlama vermə ehtiyacı hiss etdiyiniz kimi bu günə qədər Türkiyəyə apardığınız tələbələrin aqibətləri barədə də Diyanət olaraq dövlətimizə məlumat vermə ehtiyacı hiss etdinizmi? Xatırladım ki, sizin də şəxsən çox yaxşı bildiyiniz kimi həmin tələbələrin arasında bu sətirlərin müəllifi də vardı və yuxarıda qeyd etdiyiniz sahələrdən təsəvvüf sahəsində Türkiyədə doktorantura pilləsində təhsilimi davam etdirirdim. Məni də siyasətinizə uyğun görməyib düz 10 il bundan əvvəl məqsədli şəkildə yarı yolda qoyduğunuza görə təsəvvüf sahəsində yetişdirdiyiniz elm adamlarının adlarını açıqlaya bilərsinizmi?
Hörmətli Kamil Günəş! Sizi yuxarıdakı suallarıma səmimiyyətlə cavab verməyə dəvət edirəm. ”
Zaur Şüküroğlu
Qarşı tərəfinfikirlərini işıqlandırmağa hazırıq!
teref.az