Bakı Qərbin və Rusiyanın çarpaz diqqətində - kritik gəlişmə

9-11-2017, 10:23           
Bakı Qərbin və Rusiyanın çarpaz diqqətində - kritik gəlişmə
Azərbaycan regional xaba, Ermənistan tullantı ölkəyə çevrilir; Ölkəmizin regionda vazkeçilməz və açar rolu güclənir; alman ekspertlər ABŞ və Avropanın bölgədə daha aktiv olmağa çağırdılar: “Əks halda boşluğu Moskva dolduracaq...”

Üzücü Dağlıq Qarabağ probleminə rəğmən, Azərbaycan özünün əlverişli geostrateji mövqeyindən uğurla istifadə edərək, bölgə və Qərb üçün öz önəmini artırır.

Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tiflis-Ərzurum qaz xətti, tikilməkdə olan Cənub Qaz Dəhlizi (TAP, TANAP), təzəcə istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryolu və qurulmaqda olan “Şimal-Cənub” nəqliyyat dəhlizi, habelə Xəzərlə bağlı cızılan yeni transmilli layihələr təkcə iqtisadi əhəmiyyət daşımır, ən əvvəl Azərbaycanın iqtisadi, siyasi müstəqilliyinin və təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın mərkəzində durduğu bu meqa-layihələr habelə qardaş Türkiyənin, Gürcüstanın və Avropa ölkələrinin təhlükəsizliklərinə, o cümlədən energetik təhlükəsizliyinə mühüm töhfələrdir. Beləcə, Azərbaycan özü və dost-müttəfiq ölkələrlə yanaşı, Avropanın, Qərbin də maraqlarına uyğun kursu davam etdirir. Bu kurs isə həm bölgənin, həm də Avropanın ilk növbədə Rusiyadan enerji-kommunikasiya asılılığının, deməli, elə siyasi asılılığının da minimuma enməsinə aparır.

Təbii ki, Azərbaycanın artan dəyəri onu sadalanan sahələrdə özünə rəqib bilən güclərdə, o sırada qonşu Rusiyada və onun satelliti, bütün iri regional layihələrdən öz günahı üzündən kənarda qalmış işğalçı Ermənistanda ən çox narahatlıq və qıcıq yaradır. Ancaq situasiyanın bir maraqlı özəlliyi də Qərbin ağır sanksiyaları altında sıxılan Rusiyanın get-gedə ölkəmizə daha çox ehtiyac duyması ilə bağlıdır. Noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin “Şimal-Cənub” nəqliyyat dəhlizi, digər ortaq iqtisadi layihələrlə bağlı bir araya gəlməsini həm də bu kontekstdə qiymətləndirmək lazım gəlir.

*****

Beləcə, Azərbaycanın regionda vazkeçilməz və həlledici (açar) rolu gündən-günə möhkəmlənir. Bunu indi Rusiyadakı analitiklər də, Qərb politoloqları da görür və xüsusi vurğulayırlar.

Məsələn, bu arada tanınmış alman ekspertləri Ştefan Mayster və Daniel Xamilton Alman Xarici Siyasət Cəmiyyəti (DGAP) üçün növbəti məqalələrində Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı” Proqramına üzv ölkələrdə mövcud situasiyanı analiz ediblər və Azərbaycanın hazırkı və perspektiv önəminə məxsusi diqqət yönəldiblər.

Musavat.com-un məlumatına görə, “Şərqdən səslər: Qərb eşidirmi?” başlıqlı materialda əsasən yerli ekspertlərə istinadən edən müəlliflər Qərbin onların səsinə daha diqqətlə qulaq verməsinin vacibliyi qeyd edilir.

Məsələn, azərbaycanlı ekspertlərdən belə bir sitat gətirilir: “Qərb Dağlıq Qarabağ məsələsində daha güclü müdaxilə etməli, daha böyük məsuliyyət göstərməlidir. Rusiya bu münaqişədən istifadə edərək, tərəfləri bir-biri ilə toqquşdurur. Qərb daha fəal şəkildə vasitəçilik etməlidir. Çünki ABŞ-ın passivliyi, AB-nin isə zəifliyi regionda böyük vakuum yaradır ki, bunu da Rusiya doldurmağa çalışır. Lakin Rusiya inkişaf, tərəqqi və effektli idarəçilik əvəzinə, durğunluq və daimi gerilik və edir”.

Məqalədə britaniyalı politoloq, Vaşinqtondakı Kornegi Fondunun aparıcı eksperti, “Qara və bağ” kitabının müəllifi Tomas de-Vaalın fikirlərinə də yer verilib. Tomas de Vaal öz növbəsində məsləhət görür ki, Dağlıq Qarabağa dair “texniki ekspert qrupu” yaradılsın.

“Bu qrup sülhməramlı missiyanın, nəqliyyat əlaqələrinin bərpası və yenidən qurulması və daxili köçkünlərin qayıdışına kömək üzrə ssenarilər üzərində işləyə bilərdi” - məqalədə vurğulanır. De-Vaalın fikrincə, Cənubi Qafqazda Qərbin əsas fəallığı strateji alyansların qurulmasına yox, dövlət quruculuğuna yardıma köklənməlidir.

“İndiki məqamda Azərbaycanın iqtisadi və siyasi modeli neft-qazın ucuzlaşması səbəbindən çətinliklərlə üzləşib. Yaxşı olardı ki, Qərb regionda özünün ”yumşaq güc"ün möhkəmlənməsi və Azərbaycanda dəyişikliklər edəcək yeni nəslin formalaşmasından ötrü akademik mübadilə proqramlarını daha aktiv şəkildə maliyyələşdirəydi, təhsil sahəsində Azərbaycan birgə layihələr həyata keçirəydi; eyni zamanda Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyi ilə rəqabət üçün infrastruktur və nəqliyyat layihələrinə sərmayələr yatıraydı. Bu layihələr Azərbaycanı və Gürcüstanı Asiya, Mərkəzi Asiya və Avropa arasında regional xaba çevirə bilər". Bu da sözügedən analitik məqalədəndir.

*****

Zatən, Azərbaycan belə bir xaba artıq çevrilmək üzrədir. Adekvat şəkildə Ermənistan bölgənin iqtisadi tullantı-ölkəsinə çevrilməkdədir. Bu fonda isə işğalçı ölkənin əsas müttəfiqi Rusiyanın mümkün davranışı və atacağı addımları hesablamaq az əhəmiyyət kəsb eləmir.

Politoloq, keçmiş diplomat Fikrət Sadıqova görə, Moskva bir tərəfdən İrəvana dəstək verir, digər tərəfdən isə Azərbaycanla tərəfdaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək istəyir (Axar.az): “Reallıq odur ki, Qərb Rusiyanı küncə sıxışdırıb. Ciddi sanksiyalar qarşısında qalan Rusiya hazırda yaranmış vəziyyətdən çıxış yolu axtar. Ancaq Rusiyada Azərbaycanın etibarlı tərəfdaş olduğunu gözəl anlayırlar. Bunu Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda zirvə toplantısı da təsdiq etdi. Azərbaycan BTQ-dən sonra tezliklə ”Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşmasında maraqlıdır. Moskva çox güman ki, belə bir vəziyyətdə Qarabağ məsələsində müəyyən irəliləyişə təkan verə bilər. Ancaq Vladimir Putin çalışacaq ki, bu, Moskva və İrəvanın maraqlarına zidd olmasın. Çox çətin bir missiyadır. Əgər Moskva Bakıdan müəyyən layihələrdə iştirak etməyi tələb edirsə, onda ilk addımı özü atmalıdır".

Politoloq Arzu Nağıyev isə Ermənistan prezidenti Serj Sətrkisyanın qarşıdakı Moskva səfərinə həm də İrəvanın güclənən nəqliyyat izolyasiyasından çıxış yolunun axtarışı kontekstində baxır. “Çox güman ki, Moskvada Sərkisyan və Putin Bakı-Tiflis-Qarsla bağlı danışıqlar aparılacaqlar. Bakı-Tiflis-Qars xəttinə qoşulmaq İrəvanın çoxdankı arzusudur. İrəvan bir sıra istiqamətdə siyasi gedişlərə əl ataraq Moskvadan təlimatlar almağa səy göstərəcək”, - deyə politoloq təxmin edib.

*****

Rusiyanın özünün iqtisadi göstəriciləri isə getdikcə pisləşməkdədir. “Rusiyada hazırkı situasiya qeyri-stabildir”. Bunu “Obozrevatel” saytına müsahibəsində rusiyalı eks-deputat Konstantin Borovoy söyləyib: “İndiki situasiya uzun müddət davam etməyəcək. Öz büdcəsini təmin edə bilməyən dövlət mövcud ola bilməz. Rusiyada böyük dəyişikliklər olacaq. Sanksiyalar şəraitində hər şey çətindir. Sanksiyalar təzyiqi artır. Sonuncu sanksiyalar paketi bir həftədir ki, tətbiq olunur və o, çox ciddi təsirlər yaradır. Neft qiymətlərinin artması da Kremlin resurslarının kompensasiyasına şərait yaratmayacaq”, - deyə o bildirib.

Demək, Azərbaycanın izləməli və diqqətə almalı olduğu, onun regional xab roluna təsirsiz ötüşməyəcək yeni və mühüm gəlişmələr qabaqdadır. Bu sıraya noyabrın 24-də Brüsseldə Bakının AB ilə münasibətlərinə konkretlik gətirəcək “Şərq tərəfdaşlığı” sammiti də daxildir. Yeri gəlmişkən, bu məsələ (çərçivə sazişi) ilə bağlı AB-yə üzv ölkələrin təşkilatdakı səfirləri bir ayda artıq ikinci dəfə Bakıya gəliblər.

Azərbaycan Qərbin və Rusiyanın çarpaz diqqət mərkəzindədir...

Analitik xidmət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.