"Özlərini partladan 7 qəhrəman xüsusi təyinatlı kəşfiyyatçı şəhidimizin adı əbədiləşdirilsin" Qənirə Paşayeva

17-11-2017, 21:32           

Millət vəkili Qənirə Paşayeva düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman xüsusi təyinatlı kəşfiyyatçı şəhidimizin və ölümündən sonra orden və medalla təltif olunan qəhrəman şəhidlərimizin bölgələrdə xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırıb

BakuPost.az xəbər verir ki, Qənirə Paşayeva bunun qəhrəman şəhidlərimizin ailələrinin xahişi olduğunu diqqətə çatdırıb: "Görüş zamanı onlar xahiş etdilər ki, övladlarının adı küçələrdən, meydanlardan, məktəblərdən, təşkilat və müəssisələrdən birinə verilərək əbədiləşdirilsin. Mərhum prezident Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək onları "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib. "Azərbaycan Bayrağı" ordeni statusuna görə ən ali ordenlərdən biridir. Ailələrin xahiş və təkliflərini burda səsləndirmək istəyirəm. 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanunda küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adlarının verilməsi vurğulanır. Bu ailələrin xahiş və təkliflərini səsləndirərək vurğulamaq istəyirəm ki, qanunun bu maddəsinə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək”.

Deputat əlavə edib ki, bu gün bölgələrimizdə çoxlu sayda küçələr, meydanlar var, bu küçə və meydanlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri üçün deyil, bütün cəmiyyətimiz üçün vacib bir məsələdir: "Cənab Prezidentin daima şəhidlərimizə və qəhrəmanlarımıza yüksək səviyyədə münasibətini xüsusi vurğulayaraq inanıram ki, 1997-ci ildə qəbul olunmuş "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanuna bir sıra əlavələr ediləcək və bölgələrdə küçələrə, meydanlara, məktəblərə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə ölümündən sonra bir dəfə ordenə layiq görülmüş qəhrəmanların adlarının da verilməsi qanunda öz əksini tapacaq və yaxın zamanda həyata keçəcək. Qəhrəman şəhidlərimizin ailələri Milli Məclisdə bu xahiş və təkliflərini çatdırmağımızı xahiş etdilər və biz bu təklifin əsaslı olduğunu nəzərə alaraq inanırıq ki, Milli Məclisdə qısa zamanda bu istiqamətdə addımlar atılacaq. Eyni zamanda həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfər yaralı olaraq xilas olub və həmin xəstə qardaşımıza daha yüksək səviyyədə qayğının göstərilməsinin vacibliyini buradan səsləndirmək istəyirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.