“Uğrunda can qoyduğum bu vətəndən bir parça torpaq çatmırsa...” - Qarabağ qazisi

18-08-2015, 13:22           
“Uğrunda can qoyduğum bu vətəndən bir parça torpaq çatmırsa...” - Qarabağ qazisi
QAZİLER.AZ saytına Lerik rayonunda doğulmuş, 1992 - 1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam - Füzuli istiqamətlərində erməni quldurlarına qarşı vuruşan, yaralanaraq 2-ci qrup Qarabağ qazisi (əlil) olan Cəlal Məmiyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı məktub daxil olub. Məktub sahibi həmin müraciətin saytımızda yayılmasını istəyir. C.Məmiyev bildirir ki, o bu qərara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışında sonra gəlib.

Qarabağ qazisinin Prezidentə müraciətini təqdim edirik:
“Hörmətli cənab Prezident!

Heç kəsə sirr deyil ki, Azərbaycanın mərhum Prezidenti Ümummilli liderimiz Heydər Əliyev daim Qarabağ əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına diqqət və qayğı göstərib. Bu istiqamətdə bir sıra vacib qanunlar və fərmanlar imzalayıb. Onun davamçısı kimi Siz də bu siyasəti uğurla davam etdirirsiniz. Şəxsən Sizin sərəncamlarınız, tapşırıq və tövsiyələriniz sayəsində biz Qarabağ əlillərinin həyat şəraiti yaxşılaşır. Şəxsən mən də bir Qarabağ əlili kimi dövlət tərəfindən pulsuz avtomobillə, mənzillə təmin olunmuşam. Sizin tərəfinizdən müharibə insanlarının problemlərinin həlli istiqamətində gördüyünüz işlər bizi çox sevindirir. Biz bunu həmişə çox böyük minnətdarlıqla qeyd edirik. Amma bir sıra problemlərimiz də var ki, onun həlli üçün Sizə böyük ümid bəsləyirik.

Cənab Prezident!

Mən 1992 - 1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam - Füzuli istiqamətlərində erməni quldurlarına qarşı vuruşmuşam. 1994-cü ilin martında Füzuli rayonunun Horadiz kəndi yaxınlığında ağır yaralanmışam və nəticədə 2-ci qrup əlil olmuşam. Yeri gəlmişkən, Qarabağ əlillərinin və şəhid balalarının təhsil haqlarının dövlət hesabına ödənilməklə ali və orta ixtisas məktəblərində təhsil almaları üçün Sizin 18 mart 2014 - cü il tarixli sərəncamınıza görə də minnətdaram! Maliyyə imkansızlığı ucbatından təhsili yarımçıq qalmış biri kimi bu sərəncamın mahiyyətinə çox gözəl dərk edirəm! Çünki mən 1997 - 99-cu illərdə Bakı Biznes Universitetində - hüquq fakültəsində - tələbə olmuşam. Təhsil haqqını ödəyə bilmədiyimə görə, Universitetdən xaric edilmişəm. Bununla bağlı Sizə də yazılı müraciət etmişəm. Amma təəssüflər olsun ki, köməklik edən olmadı ki, mən də təhsilimi davam etdirib gələcəkdə bir işin qulpundan yapışım.

Bundan başqa, bu ölkədə mənim bir qarış şəxsi torpağım yoxdur ki, heç olmasa orada əkim, becərim, bir parça çörək qazanım. Dəfələrlə müraciət etmişəm ki, mənə torpaq verilsin, amma verilməyib - pulum yoxdur, ona görə! Deyirlər ki, dövlət sənə ev, maşın verib, bəsindir. Mən başa düşürəm, bəziləri elə düşünür ki, əgər mənim evim, avtomobilim varsa, deməli, problemim yoxdur. Axı aldığım az miqdarlı pensiya ilə mən evdə ac otura bilmərəm. İşləmək istəyirəm! İstəyirəm ki, iki balamın qarnı tox olsun, sağlam böyüsün, yaxı təhsil alsın. Bu mənim atalıq borcumdur! Bax bu baxımdan mənim işləməyimə ehtiyac var. İş isə yoxdur!

Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırova deyirəm ki, heç olmasa 20-30 kvadrat yer verin, orada çörək qazanmaq üçün nəysə bir iş görək. Vermirlər!

Və nəhayət, son müraciətim olub ki (özü də dəfələrlə, ən azı beş ildir) bizə 20-30 kvadratlıq bir yer verin orada kiçik bir çay evi tikək, əlillərimiz, veteranlarımız orada asudə vaxtını daha rahat və daha mənalı keçirsin. Bununla əlaqədar şifahi şəkildə bütün səlahiyyətli şəxslərin razılığını almışam, amma Lerik rayon icra başçısı Rövşən Bağırov razılıq vermir. Pulum yoxdur deyə, istəyimi reallaşdıra bilmirəm. Əgər mənə uğrunda can qoyduğum bu vətəndən bir parça torpaq çatmırsa, Sizcə mən nə edim?

Hörmətli cənab Prezident!

Bir daha müraciət edərək Sizdən rica edirəm ki, bu məsələnin müsbət həll olunmasında mənə yardımçı olun! Bizim ümidimiz Sizədir!

15 avqust 2015-ci il

Əlaqə telefonu: 055 760 82 70”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.