Xəstə qızına dərman almaq üçün qəpik və “Kapital” satan ata... - FOTO
18-08-2015, 17:49
Pul qazanmaq üçün bir yol da qədimdə deyildiyi sözlə ifadə etsək, sərraflıqdır, yəni pul satmaq. Elxan Teymurovun etdiyi kimi...
“Malakan” bağında oturub uşaqlıqdan yığdığı qəpikləri kolleksionerlərə, numizmatika həvəskarlarına satan Elxan bəy deyir ki, məqsədi xəstə qızının müalicəsini davam etdirmək üçün əlavə pul qazanmaqdır.
“Mən əslində Heydər Əliyev adına Sarayda işləyirəm. Amma indi konsert mövsümü olmadığından əlavə iş kimi burada pul satıram. Qızım skolioz xəstəliyindən əziyyət çəkir deyə ona kömək etmək istəyirəm” - deyə Elxan Teymurov virtualaz.org saytına açıqlamasında bildirdi.
Bu metal pullar arasında sovet dövrünün qəpikləri, Azərbaycanın müstəqillik illərində buraxılan pullar, hətta metro jetonları da var. Ən maraqlıları isə sovet dövründə müharibənin bitməsi, yaxud da ayrı-ayrı şəxslərin, məsələn, Nizami Gəncəvinin yubileyi münasibətilə buraxılan dəmir pullardır.
E.Teymurov deyir ki, müştəriləri olur: “Çox adam yaxınlaşır, baxır. Almasalar da maraqlanırlar. Ən çox maraqlananlar isə qızlardır. Bir vaxtlar ən çox axtarılan pul 1961-ci ildə buraxılmış 1 manatlıq sikkə idi. Camaatın arasında belə fikir dolaşırdı ki, bu pulun tərkibində qızıl var. Onun tərkibində qızılın olub-olmadığını heç kim dəqiq bilməsə də o pul demək olar ki, tükənib, heç yerdə tapılmır”.
Söhbətimizin bu yerində bir şəhər sakini gəlib II dünya müharibəsindən sonra Almaniyadan gətirilən dəmir pulların qiymətini soruşur. Həmin qəpik burada tapılmasa da Elxan bəy bizə məlumat verir ki, o, əslində bahalı puldur. Sən demə, biri 150 manata satılırmış. Belə görünür ki, kolleksionerlik bahalı hobbidir.
Daha bir nəfər isə 1929-cu ilin 50 qəpiklik sikkəsini axtarır. Tapa bilməyib aralanır, yoluna davam edir.
Elxan bəy izah verir: “Belə pulları yığmaqla məşğul olan adam çoxdur, ona görə maraqlanırlar. Amma mən dəqiq qiymət demirəm. Bəyənən, almaq istəyən nə qədər ödəyirsə, ödəyir. Təkcə pul satmıram, məsələn, sabah gətirib kitab satacağam. Artıq məni tanıyırlar, bəziləri kitab da sifariş verir ki, bunu tap gətir. Məsələn, Karl Marksın “Kapital” kitabı ilə çox maraqlanırlar. Gəlib onu məndən alanlar da olub”.
...Qəpiklərlə “Kapital”ı satıb qızının müalicəsi üçün bir qədər kapital əldə etməyə çalışan Elxan Teymurovu onun müsahibəsinin bitməsini gözləyən müştəriləri ilə baş-başa buraxıb ayrılırıq. Yalnız bir arzu ilə ki, kaş alveri yaxşı gedə, bu köhnə qəpiklər onun xəstə övladının müalicəsinə yardım edəcək məbləğdə manatlara çevrilə...