Azərbaycanda kəskin bahalaşma olacaq - Həyəcan təbili

23-01-2018, 18:41           
Azərbaycanda kəskin bahalaşma olacaq - Həyəcan təbili
Azərbaycanda kəskin bahalaşma olacaq - Həyəcan təbili
Tarix: Bu gün, 17:15 | Çap et
Azərbaycanda kəskin bahalaşma olacaq
“Bütün hallarda idxal məhsulları üzrə aksiz vergisinin artırılması bahalaşma ilə nəticələnəcək”.

Yenicag.az xəbər verir ki, ölkədə xaricdən idxal olunan premium markalı yanacağa, tütün məmulatları və alkoqollu içkilərə qoyulan aksiz markalarının qiyməti yenidən artırılıb.

Hökumətin ötən ay qəbul etdiyi bu qərar artıq qüvvəyə minib və sözügedən dəyişiklik daxili bazarda yeni bahalaşma dalğasının anonsu kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, idxal məhsullarına qoyulan aksiz vergisinin bahalaşması ilə bazarda bir çox məhsulların qiymət artımı qaçılmaz olacaq:
“Bildiyiniz kimi, bahalaşma prosesi xaricdən idxal olunan yüksək premium markalı yanacağa qoyulan aksiz vergisində özünü göstərəcək. Həmçinin alkoqollu içkilərlə tütün məmulatları da aksiz markası bahalaşan məhsullar sırasında yer alır. Yanacaq və sürtkü materiallarının qiyməti dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişir. Ona görə də həmin məhsulla bağlı qiymət tendensiyasını Azərbaycan Tarif Şurası tənzimləmir.

Belə vəziyyətdə həmin məhsula qoyulan aksiz markasının dəyərinin artması ilə onun qiyməti təbii qaydada bir qədər bahalaşacaq. Lakin onun təsiri daha keyfiyyətli mühərriklərə malik avtomobillərdə özünü göstərəcək. Yəni sadəcə, elitar təbəqəyə aid insanlar yanacağa qoyulan aksiz markalarının bahalaşmasının təsirini hiss edəcəklər.

Yəni bu məhsulun qiymət artımı əhalinin sosial vəziyyəti aşağı olan hissəsinə hər hansı bir ciddi təsir göstərməyəcək. Alkoqollu içkilərə, tütün məmulatlarına, digər yarımfabrikatlara, avtomobil detallarına qoyulan aksiz vergisinin bahalaşması isə daxildə həmin məhsulların qiymətinin artmasına səbəb olacaq.

Bu halda qiymət artımının təsirinə məruz qalmaq istəməyən insanlarımız yerli məhsullardan istifadə edə bilərlər. Əslində, aksiz markasının əsas fəlsəfəsi də məhz əhalinin seçimi dəyişdirməsinə yönəlib. Hökumət bu yolla əhalini daha çox yerli məhsul almağa həvəsləndirmək istəyir.

Lakin Azərbaycanda istehsal edilən həmin məhsullar xarici məhsullarla rəqabət aparacaq keyfiyyətdə deyil. Ona görə də əhali xaricdə istehsal edilmiş məhsullara daha çox üstünlük verməkdədir. Bütün hallarda idxal məhsulları üzrə aksiz vergisinin artırılması bahalaşma ilə nəticələnəcək.

Qarşıdakı iki ayda bu prosesin təsiri ilə bazarda ümumi bahalaşma tendensiyası özünü göstərəcək. Hətta bu bahalaşma alkoqollu içkilərdən, tütün məmulatlarından, avtomobildən istifadə etməyən əhali qrupuna da təsir göstərəcək. Çünki bəzi məhsulların bahalaşması bazarda ümumi qiymət artımına səbəb olur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.