Cavid Hüseynovun vəkili Azərbaycanın xarici işlər nazirinə müraciət edib
21-08-2015, 12:49
Hazırda həbsdə olan "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.
Bu barədə "Report"a A.Məmmədov məlumat verib.
Müraciətdə deyilir:
"Bildirirəm ki, mən bu yaxınlarda jurnalist olduğu bildirilən mərhum Rasim Əliyevlə "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun bir qrup fanatı arasında baş vermiş məlum insident üzrə başlamış istintaq araşdırmalarında təqsirləndirilən şəxs Cavid Hüseynovun vəkiliyəm.
Hüquqlarını müdafiə etdiyim şəxsin işini araşdırarkən müəyyən etdim ki, baş vermiş bu hadisə ilə bağlı istər ölkəmiz daxilində və istərsə də xarici ölkə mətbuatında kobud şəkildə saxtalaşdırılmış və həqiqəti əks etdirməyən informasiyalar yayılmaqdadır ki, bunun da mənbəyi Avropa Şurasıdır. Həmin saxtalaşdırmanın dövlətimizin imicinə əhəmiyyətli zərbə vurduğunu nəzərə alaraq, vətəndaşlıq mövqeyindən çıxış edib əldə etdiyim faktları sizin diqqətinizə çatdırmağı vacib bildim.
Avropa Şurasının baş katibi TurbyörnYaqlandın 10.08.2015 tarixdə bu insidentlə bağlı yaydığı və indiyə qədər də AŞ saytının ön səhifəsində duran (http://www.coe.int/en/web/portal/-/secretary-gener... bəyənatında deyilir: “Mən "Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu"nun direktoru Rasim Əliyevin ölümündən şokdayam...”. Bəyənatın sonunda isə izah olunur ki, “RATİ - jurnalist və KİV nümayəndələrinin hüquqlarını müdafiə edən QHT-dir”.
Bildirmək istəyirəm ki, bu bəyənatda göstərilən faktlar məqsədli şəkildə dövlətimizin əleyhinə saxtalaşdırılıb.
Belə ki, əvvəla - mərhum Rasim Əliyev indiyə qədər heç vaxt heç bir qəzetdə məqalə dərc etdirməyib. Çünki o, jurnalist yox, fotoreportyor olub, yəni müxtəlif qəzet və televiziya kanalı üçün (o cümlədən, son olaraq ANN.az internet televiziya kanalı üçün) şəkil və videolar çəkib. Baş vermiş insidentsə Rasim Əliyevin peşə fəaliyyəti ilə, yəni çəkdiyi şəkil və videoya görə deyil, rəsmi mətbuatda dərc edilməyən və dərc edilməsi də nəzərdə tutulmayan şəxsi internet yazışmasına görə baş verib ki, bu da birmənalı olaraq onun ölümünün peşə fəaliyyəti ilə əlaqələndirilməsini mümkünsüz edir.
İkincisi isə - Avropa Şurasının baş katibi həmin bəyənatında mərhum Rasim Əliyevi "Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu"nun (RATİ) direktoru kimi təqdim edib və bəyanatının sonunda da xüsusi qeydlə bildirib ki, həmin institut jurnalistlərin və KİV əməkdaşlarının hüquqlarını müdafiə edən bir QHT-dir. Bununla da Yaqland məqsədli şəkildə faciəni siyasiləşdirərək, bütün dünya mətbuatının diqqətini bu hadisəyə yönəldib və müdafiə etdiyim şəxsin hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə ağırlaşdırıb. Həqiqətdə isə adıçəkilən təşkilatın direktoru, hazırda İsveçdə yaşayan Emin Hüseynov adlı bir şəxsdir və mərhum Rasim Əliyevin bu təşkilatla heç bir əlaqəsi olmayıb.
Güman edirəm ki, cənab Yaqlandın bu davranışı siyasi motivlərdən irəli gəlib və dünya ictimaiyyətində Azərbaycan əleyhinə rəy formalaşdırmaq məqsədi daşıyıb. Buna görə də, müvafiq diplomatik kanallarla cənab Yaqlandın bu saxtakarlığını qabartmaq və Avropa Şurasından bu bəyənatla bağlı təkzib tələb etmək elə bilirəm ki, bu məqamda dövlətimizin maraqları baxımından çox əhəmiyyətli olardı".
Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "facebook" səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus "iPhone-5" markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu" şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.