Cavid Hüseynovla bağlı 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranlarından müraciət.
21-08-2015, 15:26
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları tərəfindən
MÜRACİƏT
Bu müraciəti vətənimizin dilbər güşəsi Cəbrayılın işğalının 22-ci ildönümü günündə ünvanlayırıq. Biz aşağıda bu müraciəti imzalayan 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları dövlətimizin, millətimizin və müqəddəs qanunlarımız qarşısında məsuliyyətimizi dərk edirik. Bizim hərbi hissə hələ özünümüdafiə dəstəsi kimi fəaliyyət göstərdiyi gündən Milli Ordu yaranan günədək şanlı döyüş yolu keçmişdir. Cəbrayılla həmsərhəd Hadrut rayonunun 15 kəndinin erməni quldurlarından azad etmiş, Cəbrayıl işğal olunan günədək 1 qarış da torpağımızın işğalına yol verməmişdir. Döyüşlərdə alayın yüzlərlə döyüşçüsü şəhid və əlil olmuşdur, 6 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Rayon işğal olunandan sonra alayın döyüşçüləri Ağdam istiqamətinə göndərilmiş və burada da qəhrəmancasına döyüşmüşdür. Həmin döyüşlərdə şəhid olanlardan biri də bu gün mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində şübhəli şəxs qismində saxlanılan “Qəbələ” futbol komandasının kapitanı və milli komandamızın üzvü Cavid Hüseynovun atası 896 saylı Hərbi Hissənin Batalyon komandiri Abbasov Şakir Hüseyn oğludur.
Şakir Abbasov erməni təcavüzü başlayandan müəllim qələmini silahla əvəz etmişdir. O, Cəbrayılda yaradılan ilk özünümüdafiə dəstəsinin 35 üzvündən biri idi və həmin dəstənin komandir müavini olmuşdur. Sonralar 704 saylı hərbi hissənin komandir müavini, daha sonra 896 saylı hərbi hissənin məhşur Sirik batalyonunun komandiri olmuşdur. Şakir müəllim həmin 15 erməni kəndinin erməni quldurlarından azad edilməsində, Cəbrayılın və qonşu rayonların müdafiəsində, əsir və girovların azad edilməsində, həmçinin şəhid meyitlərinin ermənilərdən alınaraq doğmalarına qaytarılmasında müstəsna xidmət göstərmişdir. Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə ağır yaralansa da döyüş meydanını tərk etməmiş, döyüşlərdə rəhbərliyi davam etdirmiş və növbəti dəfə təkrar ağır yaralanaraq şəhid olmuşdur. Onun qəhrəmanlığı Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli, 1552 nömrəli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şakir müəllim qeyrətli bir vətən oğlu olmaqla bərabər, gözəl ailə başçısı idi. Şəhid olduğu zaman Şərafəddinin 6, Cavidin 4, qızı Nigarın 1 yaşı var idi. Həyat yoldaşı Xalidə müəllimə öz övladlarını şəhidin adına, dövlətinə, millətinə sadiq bir övlad kimi böyütmüşdür. Məcburi köçkün həyatı, ağır maddi-mənəvi durum bu ailəni bir an olsun belə bu müqəddəs yoldan döndərə bilməmişdir.
Cənab Ali Baş Komandan!
Biz Qarabağ döyüşçüləri, şəhidlik zirvəsinə ucalmış qardaşlarımızı torpağa tapşırarkən məzarları başında söz verərək demişik: “Rahat yatın qardaşlar, intiqamınızı alacağıq, üçrəngli bayrağımız Xankəndidə dalğalanacaq. Ailəniz və övladlarının bizə əmanətdir, onlara öz övladlarımız kimi baxacağıq.”
Cənab Ali Baş Komandan, sizin bu gün əsgərləriniz olaraq bu anda həmişə sadiqik və siz əmrinizlə istənilən vaxt torpaqlarımızı azad etməyə hazırıq. Bu zaman inanın ki, Şakir müəllimin hər iki oğul övladı bizimlə birlikdə olacaq və Allah o günü bizə qismət edəcəkdir.
Ancaq çox təəssüf ki, adi məişət zəmnində baş vermiş bir hadisəyə görə bizim şəhid qardaşımızın oğlu Cavid Hüseynovun adı qanunsuz və əsassız olaraq hallandırılır. Bəzi dırnaq arası jurnalistlərin səyi nəticəsində bu məsələ qabardıldı və Azərbaycan dövlətinin imicinə böyük zərbə dəydi. Hətta Avropa Şurasının Baş Katibi Turbyörn Yaqland və bəzi beynəlxalq qurumlar məsələni araşdırmadan saxta bəyanatlar verərək adi məişət zəmnində baş verən hadisəni siyasiləşdirmiş və bundan Azərbaycana təzyiq kimi istifadə etməyə başlamışdır. Hətta ölkə daxilində bəzi müxalif qurumlar da bundan istifadə edərək Azərbaycanda söz azadlığınaqarşı baş vermiş bir hadisə kimi dəyərləndirmişdir.
Cənab Prezident, çox yaxşı oldu ki, bu işi dərhal nəzarətə götürdünüz. Biz inanırıq ki, günahkarlar öz layiqli cəzasını alacaq.Mərhum jurnalist Rasim Əliyev də bir atanın, bir ananın övladı idi, bacısı və nişanlısı var idi, yaxınlarda toyu olacaqdı. Bütün bu adamların Rasimlə bağlı böyük arzuları var idi. Rasimin dəfni mərasimini izləmək adamı dəhşətə gətirirdi.
Çox heyif ki, adi bir anlaşılmazlıq, sosial şəbəkələrdə iki gəncin yersiz mübahisəsi ölümlə nəticələndi, Əlbəttə bunu heç kəs istəməzdi. Ancaq bəzi vətən xainləri bu faciədən öz maraqları üçün istifadə etməyə başlamış və qismən də olsa ictimai fikri düzgün olmayan istiqamətə yönəltməyə nail ola bilmişdir.
Biz bununla bağlı Baş Prokuror Zakir Qaralova da müraciət etmişik. Həmçinin bildirik ki, bizim bu müraciət istintaqa təzyiq kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq biz əminik ki, Cavidin bu işdən xəbəri yoxdur. Çünki Şakir Hüseynov kimi qəhrəman bir döyüşçünün, şəhidin oğlu və bu ruhda böyüyüb tərbiyə almış bir vətən övladı öz millətindən olan qardaşının ölümünə səbəb ola bilməz. Lakin sözsüz ki, bütün bu faktlar hər biri istintaqın yekununda müəyyənləşəcək və ictimaiyyət əsl həqiəti öyrənəcəkdir. Biz Cənab Baş Prokurordanxahiş edirik ki, Cavidin şəhid övladı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, anasının ağır səhhətini, onun Azərbaycan futbolu qarşısında xidmətlərini nəzərə alaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərsin.
Biz 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranlarısöz verib Sizi əmin edirik ki, Cavid Hüseynov bu müddət ərzində istintaqa yaxından hərtərəfli kömək göstərəcək, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Hörmətlə:896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ
müharibəsinin əlil və veteranları
İmzalar:
1. Şirinov Tehran Xəlil oğlu.
2. Həsənov Təvəkkül Namaz oğlu.
3. Mustafayev Tofiq Alim oğlu.
4. Hüseynov Ziyafət Məhərrəm oğlu.
5. Mirzəyev Səxavət Osman oğlu.
6. İsmayılov Azər Yusif oğlu.
7. İsmayılov Faiq Yusif oğlu.
8. Babayev Rufulla Hüseyn oğlu.
9. Allahverdiyev Tahir Bəbir oğlu.
10. Allahverdiyev Mahir Bəbir oğlu.
11. Novruzov Maarif Arif oğlu.
12. Hüseynov Elxan Zəkəriyyə oğlu.
13. Quliyev Fuad Şəhriyar oğlu.
14. Quliyev Fikrət Şəhriyar oğlu.
15. Sabirov Sabir Əli oğlu.
16. Sabirov Valeh Əli oğlu.
17. Əmirov Elçin Ağakişi oğlu.
18. Əliyev Vaqif Adışirin oğlu.
19. Quliyev Əkrəm Əliəkbər oğlu.
20. Hüseynov Valeh Hüseyn oğlu.
21. Hüseynov Mustafa Hüseyn oğlu.
22. Hüseynov Kərəm Ərşad oğlu.
23. Quliyev Nəbi Qurban oğlu.
24. Hüseynov Mehman Əli oğlu.
25. Məmmədov Müşfiq Hüseyn oğlu.
teref.az