Şabrandakı girov qalmaqalına nədən hüquqi qiymət verilmir... - Adı hallananlar isə şikayətə hazırlaşır...
27-08-2015, 20:58
Avqustun 22-də Şabran rayonunda “Savalan” restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisə yaşanıb. Xəbərlərdən aydın olurdu ki, restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb. (avrasiya.net)
26 avqustda isə tia.az saytı yazır ki, qaynananı girov götürən şəxs “Savalan” restoranın sahibi Hacı Ruslandır. O, rayonun icra başçısı Novruz Novruzovun oğludur. Hadisə vaxtı Hacı Ruslan orda olub. Xatırladaq ki, Cinayət Məcəlləsinin 215-ci maddəsi ilə adamları girov götürmə cinayət sayılır. Və Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Tia.az-ın yazdığı kimi restoran sahibinə qarşı cinayət işi açılıbmı..? Suala cavab tapmaq üçün Şabran polis idarəsi ilə əlaqə saxladıq. İdarə növbətçisinin köməkçisi Mərdanov bizə bildirdi ki, rayon ərazisində “Savalan” restoranı yoxdur və yazılanlar həqiqətə uyğyn deyil. Şabran RİH başçısının müavini Fikrət Nuşiyev isə polis əməkdaşının dediklərini inkar edərək Qafqaz Xəbər Agentliyinə bildirdi ki: “ Rayonumuzun ərazisində “Savalan” restoranı var, ancaq onun icra başçısının oğluna aidiyyəti yoxdur. Biz MŞ-nın sədri Əflatun Amaşova müraciət etməyə hazırlaşırıq. Restoranın sahibi Rizvan adlı şəxsdir”. Nuşiyev onu da qeyd elədi ki, icra başçısının oğlu dindar şəxsdir, onun restoranı, maqazini yoxdur.
Müxbirimizin “Restoranda kimisə girov götürüblərmi?” sualına başçının müavini belə cavab verdi: “ Müştərilərdən birinin üstündə pul olmadığı üçün, ona vaxt veriblər ki, pulu çatdırsın”. Nişiyev girov məsələsini nə təsdiq, nə də inkar edərək, bildirdi ki, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, polis əməkdaşları restoranların fəaliyyətinə nəzarət etmir. Müxbirimizin “ İcra başçısının müavini girov məsələsini inkar etmədi. Polis əməkdaşları isə girov götürülməsi ilə bağlı məlumatları olmadığını bildirirlər” xatırlatmasına Zahidovun münasibəti belə oldu: “ Yəqin ki, heç kim hüquq-mühafizə orqanlarına şikayət etməyib”. Müxbirimizin “ KİV-də dərc olunan yazılara polis reaksiya vermir?” sualına mətbuat rəhbəri belə cavab verdi: “ KİV-də dərc olunanların çoxu bulvar yazılarıdır”. Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, polis yüksək rütbəli məmurların övladlarının cinayətini gizlədir: “ Kimisə girov götürmək ağır cinayətdir və sərt cəzalandırılımalıdır”.