Akademiyada ara qarışıb - AMEA-da kütləvi istefalar

28-08-2015, 13:16           
Akademiyada ara qarışıb - AMEA-da kütləvi istefalar
Ötən gün AMEA Dilçilik İnstitutunun keçmiş direktoru Tofiq Hacıyevin istefa ərizəsini geri götürməsi ilə bağlı mediaya söylədikləri bir daha qalmaqallı olayı gündəmə gətirdi. Maraqlı məqamlardan biri də odur ki, Tofiq Hacıyev işinin başına dönməsini qəribə şəkildə izah edib: “O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".

Məsələnin hüquqi tərəfi barədə hələlik AMEA-dan açıqlama verilməyib. Belə ki, AMEA prezidenti və İdarə Heyəti üzvləri məzuniyyətdədir, akademik Tofiq Hacıyevin özü də yay məzuniyyətini hələlik başa vurmayıb. Bu baxımdan onun iyul ayının 24-də təqdim etdiyi və AMEA İH tərəfindən qəbul edilən istefa ərizəsini hansı formada geri götürdüyü bəlli deyil. Nəzərə alanda ki, istefa ərizəsinin qəbulundan sonra Dilçilik İnstitutuna artıq AMEA prezidentinin sərəncamı ilə əvəzedici də təyin edilib, onda bu hüquqi prosedur bir az da qabarıqlığı ilə ortaya çıxır.

Ancaq məsələnin hüquqi prosedurundan əvvəl artıq Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarından adının çəkilməsini istəməyənlər mediaya bəzi açıqlamalar verməyə başlayıblar.

Bu açıqlamalardan biri Azərfax-ın redaksiyasına ünvanlanıb. “Azərfax”ın gizli saxlamağı məsləhət bildiyi müəllifin qeydlərinin xüsusi maraq doğurduğunu nəzərə alıb, təqdim edirik:

“Tofiq Hacıyev 2013-cü ilin dekabrında İnstitutun direktoru vəzifəsinə təyin olunur. Bu necə baş verir – onun özü bunu yaxşı bilir. Bu vəzifənin fəlsəfəsindən xəbəri olmayan və heç zaman müəssisə rəhbəri işləməyən adamın işlərinin ağırlığı elmi işlər üzrə direktor müavini f.e.d.Məhəbbət Mirzəliyevanın öhdəsinə düşür. Hətta M.Mirzəliyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə baş tutan Beynəlxalq “I Sələflər və Xələflər” Simpoziumunda ancaq qonaq kimi iştirak edib "toy generalı" olan Tofiq Hacıyev yavaş-yavaş direktorluğun şirinliyini hiss edir. Ona əlaltıları başa salırlar ki, bu işin xeyli üstünlükləri və faydası var. O, Müdafiə Şurasının sədri təsdiq olunur. Amma bununla da kifayətlənmir və görkəmli dilçi alim, həqiqətən dünyaca tanınmış, etiraf edilmiş akademik Ağamusa Axundovun baş redaktoru olduğu “Türkologiya” jurnalını ələ keçirmək ehtirasına tutulur və bunu bacarır. Ağamusa müəllimdən istefa ərizəsi alırlar və T.Hacıyev baş redaktor olur.

Jurnal rusca çıxdığından normal adamlar başa düşmür ki, rus dilini primitiv səviyyədə bilən "dünyaca məşhur türkoloq" ona necə rəhbərlik edəcək? Ona deyirlər ki: "Hər işi biz görəcəyik, siz narahat olmayın. Təki bu jurnal əlimizə keçsin". Özü də bunu öz əlaltısı "Türkologiya" jurnalında işləyən, eyni zamanda, Dilçilik İnstitutunda Həmkar Təşkilatının sədri olan Solmaz Süleymanovanın vasitəsilə məkrlə həyata keçirir. İşi də yəqin ki, planı quran bu xanım görəcəkdi - elementar dilçilik savadı olmayan bir xanım... Soruşa bilərsiniz, Ağamusa Axundovun baş redaktorluqdan uzaqlaşdırılmasında planlı məkr nədən ibarət idi? Bu barədə də əlavə məlumat vermək mümkündür. Özünü vicdan dağarcığı sayanların iç üzü hökmən açılacaq. Heç nəyi çuvalda gizlətmək mümkün olmayacaq.

Bütün bunları “qazandıqdan” sonra artıq ona zaval olmadığını düşünən T.Hacıyev haqqında söhbət gedən şər yuvasının aktivistlərini – Solmaz Süleymanovanı, indiki müavini Baba Məhərrəmlini və elmi katib Aynel Məşədiyevanı başına yığaraq yeni məkrli planlar qurmağa başlayır. Elmə, alimə yaraşmayan arzu və istəklərini (bunlar ötəri söz deyil, hamısını yeri gəldikcə bir-bir açmaq olar) həyata keçirmək yolunda M.Mirzəliyevanı əngəl sayan direktor və onun şər qrupu Mirzəliyevanın 1 illik faydalı fəaliyyətini, kollektivin ona xüsusi rəğbətini nəzərə almadan onu işindən kənarlaşdırmaq fikrinə düşür. Olmazın şər və yalanlar Mirzəliyevanın və İnstitutda gedən prosesləri, haqqı və nahaqqı görüb susmaq istəməyənlərin üstünə yağdırılır.

Ortada kriminal da var: "Həmkarlar təşkilatının sədri Solmaz Süleymanovanın bilavasitə əlilə institutun baş mühasibi Alimpiada Linnik işdən azad edilir. Bərpa olunmaq üçün məhkəməyə müraciət edən Linnik stress və mənəvi təzyiqə dözməyib vəfat edir. Faktiki olaraq şər qrupu onun ölümünə səbəb olub. Stress və ölüm! Bu iş addım-addım izlənsə, nələr üzə çıxa bilər, düşündükdə heç də xoşagələn məsələlər ortaya çıxmır. Bu azğın adamlar nə üçün bu qədər irəliləyirlər? Bir səbəb var. Görünür, baş mühasib mövqeyi bu adamlara xüsusi lazım imiş. Dilçilik İnstitutuna işə götürülən Sabir adlı yeni baş mühasib isə BDU-dakı maxinasiyaları ilə ad çıxarmış bir şəxs olsa da, Tofiq Hacıyevlə ailəvi dostluğuna görə bu gün o, toxunulmazlıq statusuna malikdir. Bu yeni mühasibin kaprizləri üzündən İnstitutda uzun illər çalışmış səviyyəli mütəxəssis fil.ü.f.d. Rübabə Əliyeva da işdən azad olunur. Azad olunmaların siyahısı bununla heç də bitmir. Həmin Sabir 2014-cü ilin dekabrında işçilərin əmək haqlarını günlərlə (bəzən aylarla) yubatdığı üçün 20-yə yaxın əməkdaş ondan İnstitut rəhbərliyinə şikayət edir. Maaşları nə üçün yubatdığı da çox maraqlı və kriminala söykənən faktdır. Maraqlıdır ki, AMEA-da belə hal heç bir başqa institutda baş vermir. Şikayətlər haqlı olaraq direktor T.Hacıyevin diqqətinə çatdırılanda direktor öz dostu olan baş mühasibə qarşı olan bu haqlı münasibətdən əməlli-başlı hiddətlənir. Məktub müəlliflərini bir-bir otağına çağıraraq, onlara hədə-qorxu gəlir. Hətta Elmi Şurada haqlarını istəyən bəzi əməkdaşlara "Səni pəncərədən ataram" kimi hədə-qorxu gəlir. Şər qrupunun əli ilə növbəti mənəvi repressiya təşkil edilir… Burda atalar deyib: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı".

İnstitutun 15 nəfər əməkdaşı mənəviyyatsızlıq mühitinin güclənməsində aktiv rol oynayan və əməkdaşların hüququnu qorumaq əvəzinə direktorun kölgəsinə və şər qrupunun başçısına çevrilən Solmaz Süleymanovanın məsələsinin kollektivin açıq iclasında müzakirə edilməsi üçün AMEA Azad Həmkarlar Komitəsinə rəsmi müraciət edir. Müraciətə cavab olaraq, T.Hacıyev yenə də məsələni malalamaq niyyətilə ona yaltaqlanan insanlardan ibarət xüsusi komissiya yaradaraq Süleymanovadan şikayət edən imzası olanların hər birinin ayrı-ayrılıqda “məhkəməsini” qurdurur, onlardan təzyiq altında özlərinə uyğun izahatlar tələb edir və bununla da onları sındırmağa çalışır. Bu təzyiqlərə baxmayaraq, onlar fikirlərindən dönmür, ədalətsizliyə son qoyulmasını təkidlə tələb edirlər. Yenə də şər qrupunun təşviqi ilə artıq öz sözü və iradəsi olmayan direktor bu əməkdaşlara xəbərdarlıq elan edir, onlardan ikisinə elə ertəsi gün şiddətli töhmət, iki gün sonra isə işdən çıxarılmaları haqqında əmr verir.

“Səni pəncərədən ataram”. Bu, dilində kobud sözlər "çiçək açan" Azərbaycandan başqa heç yerdə tanınmayan "dünyaca məşhur türkoloq"un leksikonundan kiçik bir nümunədir. Bu sözlər isə başqaları ilə yanaşı, ömrünü dilçilik institutnda keçirmiş, həlim, saf, işgüzar və doğrudan da professional dilçi, riyazi dilçiliyin Respublikada tək-tük nümayəndələrindən biri, bəlkə də birincisi olan elmlər doktoru Kamilə xanım Vəliyevaya ünvanlanır. O Kamilə xanıma ki, onun atası görkəmli dilçi və müəllim Abdulla Vəliyevlə Tofiq Hacıyev Universitetdə uzun illər bir kafedrada çalışmışdılar. Budur direktorun, "dünyaca məşhur dilçinin" bugünkü durumu. Onu da xatırladaq ki, Dilçilik İnstitutu AMEA-nın 5-ci mərtəbəsində yerləşir.

Hadisələr sürətlə uçuruma doğru irəliləyir. Dilçilik İnstitutunun Elmi Şurasında öz rəhbərliyi ilə müzakirə olunub təsdiqlənmiş, mayda AMEA HİEB-də yenə də özünün iştirakı ilə keçirilən büro iclasında da təsdiqlənmiş attestasiyanı T.Hacıyev nədənsə özbaşına (yenə də şər qrupunun diqtəsi ilə) ləğv etmək qərarına gəlir. 2014-cü ilin fevralında öz əmri ilə Attestasiya Komissiyasının sədri qoyduğu M.Mirzəliyevaya qara yaxmaq, kollektivin saglam qüvvələrinin gözünü qorxutmaq niyyəti onu yeni bir səhvə sürükləyir: yenidən attestasiya keçirmək fikrinə düşür. Bu ancaq özbaşınalıq yox, həm də ciddi şəkildə iş bilməzlik kimi qiymətləndirilə bilər. Və sözsüz ki, özünə hörmət edən AMEA rəhbərliyi buna imkan vermir.

İntiqam hissi T.Hacıyevi və ətrafındakı şər qrupunu sakit buraxmadığından İnstitutda hökm sürən mənəviyyatsızlıqla barışmayan, haqq uğrunda mübarizəyə qalxan 2 gənc elmi işçi - institutun əyani aspirantları olmuş fəlsəfə doktorları Kamil Hüseynov və Emil İbadov əsassız ittihamlarla işdən azad edilirlər. Direktor hətta onların institutda 2011-ci ildən işlədiyini də bilmədiyindən saytlara verdiyi müsahibələrdə özünə haqq qazandırmaq üçün onların 2008-ci ildən çap işlərinin olmadığını göstərir. Təxminən bu zaman Məhəbbət Mirzəliyeva da öz ərizəsi ilə direktor müavinliyindən istefa edir. Beləliklə, meydan tamamilə açılır. Sağa-sola at sürmək, istədiyini etmək, əsl diktatura rejimi yaratmaq üçün əlverişli zəmin yaranır və İnstitutda intriqalar, şərləmələr, dedi-qodular baş alıb gedir.

AMEA rəhbərliyinin səbr kasasını isə "dünyaca məşhur türkoloqun" son "elmi" kəşfi doldurmuş oldu. Dünyaca məşhur türkoloq"un işdən çıxma səbəbini öyrənmək istəyənlər onun bu yaxınlarda çapdan çıxmış “Naxçıvan dialektoloji atlası”na yazdığı son dərəcə "elmi", "samballı" "kəşflərlə" dolu ön sözünü oxusalar, pis olmaz. Bu ön söz elə "dərin" elmi-məzmuna malik idi ki, Atlasın nəşr edilmiş nüsxələrini elə o dəqiqə məhv etdilər. Sərf edilmiş külli miqdarda məbləğ isə havaya atıldı. Yaxşı deyiblər ki, insanın özünün özünə elədiyini heç kim ona edə bilməz. Ona görə də doğru-dürüst adam günahı başqalarında yox, birinci növbədə özündə axtarmalıdır. Abrına qısılıb durmalıdır. Söhbətin nədən getdiyini bilənlər yaxşı bilir. Bu barədə ehtiyac olsa, geniş izahat verməyə və T.Hacıyevin nəinki antropologiya, etnoqrafiya, hətta dilçilik sahəsində də gülməli iddialarına işıq salıb araşdırmağa hazırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.