Amerikalı ekspert: Azərbaycan müxtəlif sahələrdə qlobal iştirakçıya çevrilib
24-03-2018, 09:15
Son 26 il ərzində Azərbaycan kənd təsərrüfatı, neft hasilatı və qaz sənayesi sahələrində böyük uğurlara nail olub və regionun əsas logistika mərkəzinə çevrilib.
Bunu Trend-ə Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.
O vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan qoşunlarının işğalı altında olmasına baxmayaraq, ölkənin iqtisadi artımı, qlobal layihələrdə getdikcə artan rolu böyük təsir bağışlayır.
Ekspertin sözlərinə görə, bütün maneələrə baxmayaraq, Azərbaycan bütün dünyaya nümayiş etdirib ki, ölkədə effektiv idarəetmə mövcuddur, azad ticarət və açıq bazarlar dəstəklənir, eyni zamanda ölkə regionda sabitliyin və təhlükəsizliyin dayağıdır. Bu isə öz növbəsində mövcud Azərbaycan hökumətinin səmərəli kursunun göstəricisidir:
“Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən inkişaf etmiş ölkəyə çevrilib. Son onillik ərzində Azərbaycan beynəlxalq ticarət, logistika parklarının yaradılması, neft və qaz hasilatı sahələrində qlobal iştirakçıya çevrilib”.
Azərbaycanın iqtisadi layihələrindən danışan P.Teys “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edib.
Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Azərbaycanın beynəlxalq arenada əldə etdiyi unikal imici daha da gücləndirir.
Ekspert onu da əlavə edib ki, bir müddət əvvəl işə salınmış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Mərkəzi Asiyadan Avropaya məhsul axınının cəlb olunması ilə Bakı və Ankara arasında daha fəal iqtisadi və ticarət əməkdaşlığını təmin edəcək.