Söyüş və təhqir siyasi uğur gətirməz, amma “cəhənnəmin qapıları”nı açar...

24-03-2018, 11:39           
Söyüş və təhqir siyasi uğur gətirməz, amma “cəhənnəmin qapıları”nı açar...
Qəribə dövrə gəlib, çıxdıq. Söyüşün, təhqirin ön plana çıxdığı, hətta ictimai-siyasi sferada az qala hökmran olmağa başladığı dövrlə üz-üzə qalmışıq...

Hətta ölkənin siyasi-ictimai məkanında xüsusi söyüş və təhqir ənənəsi, metodları yaranmağa da başlayıb. Bu xoşagəlməz halın məhz siyasət arenasında daha aktual olması, əlbəttə ki, çox üzücüdür.

Çünki siyasi rəqiblər öz platformaları, məsələn, sosial-iqtisadi proqramları sayəsində bir-birləri ilə yarışmalıdırlar. Ancaq indi bunun tam əksini – bəzilərinin siyasi rəqabəti sadəcə, söyüş və təhqir müstəvisinə endirməyə çalışdıqlarını müşahidə edirik.

Əlbəttə ki, bu, yolverilməzdir. Siyasətin öz mübarizə alətləri var. Və o alətlərin sırasına söyüş və təhqir elementləri daxil deyil.

Təbii ki, belə vəziyyətdə istər-istəməz sual ortaya çıxır: Siyasi mübarizə arsenallarında söyüş və təhqirdən başqa heç nə olmayan o bəziləri siyasi-ictimai arenaya necə yol tapa, necə “yüksələ” biliblər?

Siyasi və ictimai fəaliyyət istisnasız olaraq, intellektli insanların öhdəsindən gələ biləcəkləri fəaliyyət növüdür. Çünki bu fəaliyyət növüylə məşğul olan insanlar cəmiyyət qarşısında da kifayət qədər ciddi məsuliyyət daşıyırlar. Onlar cəmiyyətin və dövlətin inkişafını, insanların rifahının yüksəlişini təmin edə biləcək proqramların hazırlanmasında da mükəlləfdirlər.

Hər halda, cəmiyyətin dəstəyini qazanmaq istəyən hər hansı bir ictimai-siyasi xadim belə proqramlara sahib olmağa borcludur. Üstəlik, o, öz sosial-iqtisadi və s. proqramlarının siyasi rəqibinin analoji layihələrindən daha yaralı olduğuna da cəmiyyəti inandırmağı da bacarmalıdır. Əks halda, bütün bunları etməyənlər cəmiyyətin nəyinə lazımdırlar və niyə dəstəklənməlidirlər?

Təbii ki, söyüş və təhqir ritorikasından başqa siyasi mübarizə alətləri olmayanların cəmiyyətə hər hansı siyasi-ictimai, sosial-iqtisadi, hüquqi, humanitar və s. sahələr üzrə proqramlar təqdim edə biləcəklərinə inanmaq sadəlövhlük olardı. Çünki belə adamların “intellekti” məhz söyüş və təhqiramiz ifadələrlə məhdudlaşıb, çərçivələnib. Adamların bundan artığına “intellekti” çatmaz.

Əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki siyasi mübarizə arenasında, siyasi-ictimai məkanda söyüşün və təhqirin ön plana keçirilməsi, əsas mübarizə alətinə çevrilməsi məhz savadsız və intellektsiz adamların metodudur.

Siyasi rəqibin hazırladığı inkişaf proqramlarına alternativ layihə ortaya çıxara bilməyəndə, intellektli rəqibin ağıllı arqumentləri qarşısında beyin heç nə istehsal etmədiyi üçün pərt vəziyyətə düşüldüyündə bu adamların yeganə sığınacaq vasitəsi məhz söyüş və təhqir metodu olur.

Yəni, söyüş və təhqir ritorikası yalnız və yalnız intellektsiz və savadsız şəxslərin yararlana biləcəyi, ancaq uğur qazanması mümkün olmayan alətdir. Söyüş və təhqir güclülərin deyil, zəiflərin metodudur.

Hər hansı bir müzakirədə iştirak etmək qabiliyyəti olmayanlar, bunun üçün intellekt imkanları çatmayanlar “qələbə”ni söyüş və təhqir ritorikasında axtarırlar. Bu, Facebook sosial şəbəkəsində son dövrlərdə aktual olan bir metod da uyğundur: Bəziləri “əgər arqumentin bitdisə, söy, bloka at” prinsipi ilə davranırlar.

Maraqlı məqamlardan biri də odur ki, söyüş və təhqir ritorikasının əsirinə çevrilmiş şəxslərin əksəriyyəti özünü çox cəsarətli adam hesab edir. Halbuki bu adamlar öz söyüşcüllüklərinin və tərbiyəsizliklərinin arxasında bir yalakalığın, yarınmaq cəhdinin yatdığını etiraf etmək istəmirlər.

Hər halda, bu söyüşcül adamların əksəriyyətinin kimisə təhqir etməsində əsas məqsədin məhz hansısa “səhnəarxası patron”a xoş gəlmək cəhdinin olduğu hamıya məlumdur. Yalakalıq, yarınmaq məqsədiylə başqalarını söymək, təhqir etmək isə sadəcə, kiminsə tərəfindən istifadə edilən obyekt durumuna düşməkdən başqa bir şey deyil.

Və nəhayət, söyüş və təhqir ritorikası siyasi məkanda heç vaxt uğur vəd edən metod hesab olunmayıb. Əgər, bu, daha geniş vüsət alarsa, “cəhənnəmin qapıları”nı açmaqdan başqa heç nəyə yaramaz.

Elçin XALİDBƏYLİ,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.