Azərbaycanda nazir müavini vəfat etdi

9-04-2018, 14:14           
Azərbaycanda nazir müavini vəfat etdi
Azərbaycanda vəzifəli şəxs vəfat edib. Səhiyyə nazirinin müavini Abbas Soltan oğlu Vəlibəyov aprelin 8-də 71 yaşında vəfat edib. Onun qəfildən dünyasını dəyişdiyi bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a məlumatı təsdiqləyib.

Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb.1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub.

1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi.
Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah Rəhmət eləsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.