4 aydır boş qalan ABŞ səfiri postunun kimin tutacağı bilinmir

20-07-2018, 08:27           
4 aydır boş qalan ABŞ səfiri postunun kimin tutacağı bilinmir
Politoloq: “Bu, daha çox Konqresin verəcəyi bir qərardır”
Artıq 4 aydır ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Ötən günlərdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda ABŞ-ın Azərbaycandakı yeni səfirinin kim olacağı bilinmir: “Ümid edirəm ki, tezliklə ABŞ-ın diplomatik missiyasının yeni rəhbərinin adını biləcəyik”.

Onun sözlərinə görə, ABŞ Administrasiyası hökumətdə mövcud olan vakant yerləri doldurmaq istiqamətində iş aparır: “Bildiyim qədərilə, hökumət qısa zamanda səfir vəzifəsi üzrə boş qalan yerləri doldurmaq niyyətindədir”.

“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, burada başqa məqamlar da var: “Amerikanın durumu bir neçə ölkələrlə də eynidir. Türkiyədə də uzun müddətdir ki, Amerika səfiri təyin olunmayıb. Strateji baxımdan bu iki ölkə daim təmasda olmalıdır. Ancaq müşahidə edirik ki, orada da səfir postu boş qalıb. Başqa ölkələrdə də vəziyyət eynidir. Düşünürəm ki, bu cür gecikmələr Amerikanın maraqlarına mənfi təsir göstərir. Çünki Amerika müxtəlif dövlətlərdə, bölgələrdə öz varlığını göstərməlidir. Səfir postu da boş qalan zaman bu, rabitədə müəyyən problemlər yaradır. Azərbaycanı götürsək görərik ki, bir müddət Rusiyanın da səfir postu boş qalmışdı. Ancaq gördük ki, artıq təyinat həyata keçirildi və Rusiya Qazaxıstandakı keçmiş səfirini Azərbaycana göndərdi. Səfirin olmaması o demək deyil ki, iki ölkə arasında problemlər yaşanır. Bu müddət ərzində Amerikadan xeyli nümayəndə heyəti Bakıya səfər edib, görüşlər keçirib. Dövlət başçısı son aylarda bir daha vurğuladı ki, Azərbaycanın Amerika ilə əlaqələri inkişaf edir, Trampla münasibətlər yaxşıdır. Daha yaxşı olardı ki, Amerikanın yeni administrasiyası səfir təyinatı məsələsini də sürətləndirərdi. Bu, daha çox Konqresin verəcəyi bir qərardır.


Bəzən Konqresdə gecikmələr olur. Xatırladaq ki, bir zamanlar Azərbaycanda səfir postu 1 il müddətində boş qaldı. Sonra isə Metyu Brayzanı təyin etdilər, sonra geri çağırdılar və təsdiq olunmadı. Yenə də qeyri-müəyyən vəziyyət yarandı. Azərbaycan elə bir geostrateji məkanda yerləşir ki, burada Amerika, Rusiya, İranın kimi ölkələrin Azərbaycan uğrunda diplomatik savaşı gedir. Amerika da gərək ki, bu savaşda geri qalmaya. İki ölkənin səfiri var, Amerikanın da səfiri olmalıdır ki, bu işləri yüksək səviyyədə həyata keçirsin. Həm də Amerikaya rəqib olan ölkələr görəndə ki, səfir təyin olunmayıb, onlar daha da fəallaşıb, öz maraqlarını həmin ölkədə tətbiq etməyə çalışırlar”.

Politoloq hesab edir ki, səfirin təyinatının gecikməsi Trampın fəaliyyəti ilə əlaqəli deyil: “Keçmiş illərdə dediyimiz kimi səfir postu uzun müddət boş qalıb. Sadəcə olaraq, Tramp administrasiyası bu işi sürətləndirə bilər. Bilirik ki, Tramp digər prezidentlərə bənzəmir. Putinlə görüşü də götürsək görərik ki, nə qədər səs-küy yaratdı, ancaq öz dediyini deyir. Yəni Tramp bu məsələyə diqqət göstərib, təlimat verə bilər ki, səfir postları nə üçün boş qalmalıdır, Dövlət Departamenti təcili surətdə bu məsələni həll etsin. Belə olarsa, təyinat prosesi baş verər. O başqa məsələdir ki, Konqresdə yubanmalar var. Ancaq Tramp öz üzərinə düşən işi etməlidir ki, məsuliyyət Konqresdə qalsın. Konqres təsdiq etməyəndə artıq Trampın da əli Konqresə qarşı güclü olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.