“Bələdiyyələrin ayırdığı 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb…” –Ədliyyə Nazirliyində iclas

27-07-2018, 00:03           
“Bələdiyyələrin ayırdığı 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb…” –Ədliyyə Nazirliyində iclas
Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Teref.az Ədliyyə Nazirliyinin saytına istinadən bildirir ki, İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər ətraflı təhlil edilib.

Məlumat verilib ki, 2018-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına dair 550-dək normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 960-dan çox belə akt hüquqi ekspertizadan keçirilib. Əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına (e-qanun.az, huquqiaktlar.gov.az) müraciət edənlərin sayı 70 faizdən çox artaraq 627 minə çatıb.

İclasda bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 6500-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb: “Notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib və bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.

Eyni zamanda, notariat kontorlarını vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli asanlaşdırmaqla vətəndaşlara daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini təmin edir. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq, bir çox dövlətlər, o cümlədən cari ildə rusiyalı notariuslar müsbət təcrübəmizdən bəhrələniblər.

Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində ədliyyə sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin təxminən 43 faizi bu mərkəzlərdə fəaliyyət göstərən qeydiyyat və notariat orqanlarının payına düşür.

Yüksək vətəndaş məmnunluğu doğuran “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi nəzərə alınaraq həmin mərkəzlərdə təşkil ediləcək notariat kontorlarında, habelə bölgələrdə vakant notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə avqustun 1-dən etibarən sənədlərin qəbuluna başlanılacaq”.

Qeyd edilib ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4300-ə yaxındır, KİV-lərin sayı isə 5200-dən çoxdur.

İclsada vurğulanıb ki, yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb: “Həmçinin qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib”.

Kollegiyada bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb, cari ildə 336 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 226 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır.

İclasda dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər qeyd olunub. Bildirilib ki, Sərəncamın icrası ilə bağlı ötən ilin sonunda cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərə uyğun olaraq 6500 şəxs barədə sənədlərə məhkəmələrdə baxılıb və məhkumların bir çoxunun cəza müddəti azaldılıb, yaxud cəzası daha yüngül cəza ilə əvəz edilib, 1550 məhkum isə cəzalardan azad olunub. Eyni zamanda, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb, məhkumların faydalı əməklə məşğul olmaları üçün zəruri şərait yaradılıb.

Bununla yanaşı, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə yaradılmış Probasiya xidmətinin fəaliyyəti təmin edilib, məhkumlar üzərində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə elektron monitorinq xidməti istifadəyə verilib.

Bununla yanaşı, Probasiya xidmətinin fəaliyyəti ilə bağlı icra qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələn inzibati tənbehin, habelə ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların səmərəli icrası ilə bağlı tədbirlər müzakirə olunub, kollegiyada islah işləri növündə cəzanın icrası qaydalarına müvafiq dəyişikliklər edilib. Sərəncamda nəzərdə tutulan bütün tədbirlərin dürüst, mütəşəkkil və müəyyən edilmiş müddətdə həyata keçirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud problemlər və çatışmazlıqlar müzakirə olunub, Azərbaycan Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı tələbləri diqqətə çatdırılıb. Eyni zamanda, nizam-intizamın möhkəmləndirilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, müasir İKT-lərin geniş tətbiqi, istintaq işinin yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, penitensiar müəssisələrdə qadağan olunmuş əşyaların dövriyyəsinin qarşısının alınmasına diqqət artırılması, bu sahədə maarifləndirmənin genişləndirilməsi ilə bağlı aidiyyəti üzrə konkret göstərişlər verilib. Həmçinin normativ hüquqi aktlarla işin təkmilləşdirilməsinə dair hesabat dinlənilib, nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan qanunvericiliklə iş sahəsində icra intizamının gücləndirilməsi, bu sahədə müasir İKT-lərin imkanlarından istifadə edilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.

Eyni zamanda, Kollegiyada Nazirlər Kabinetinin həmin gün keçirilmiş iclasında dövlət başçısının müvafiq fərmanlarına uyğun olaraq milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrası, habelə 2019-cu ildə ölkədə əhalinin növbəti siyahıya alınmasının keçirilməsi ilə bağlı verilmiş tapşırıqlar müzakirə edilib, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən görülmüş işlər qeyd olunaraq qarşıda duran vəzifələrin vaxtında və dürüst icra olunması tapşırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.