Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir

Bu gün, 08:26           
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir
Rusiya ordusu avqustun 18-nə keçən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa vilayətinə hücum edib. Regionun hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, zərbə yanacaq-energetika infrastruktur obyektinə yönəlib. Onun sözlərinə görə, nəticədə güclü yanğın başlayıb və alovun söndürülməsi üçün “Ukrzaliznitsya”nın xüsusi qatarı cəlb olunub.

Yerli KİV-in məlumatına görə, dronlar Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus terminalı vurub. Bu məlumatı həmçinin Rusiyanın “Z” kanallar da təsdiqləyib. Rusiyanın “Troyka” teleqram-kanalının paylaşımında deyilir: “Azərbaycanın SOCAR şirkətinin Odessa vilayətinin Usatovo kəndində yerləşən neft bazasına yeni zərbə endirilib. Məqsəd prezident İlham Əliyevin arxayınlaşmamasıdır”.

Məlumatda bildirilir ki, dronların birbaşa zərbələri nəticəsində terminalın bütün 17 çəni, nasos stansiyası, operator otaqları və texniki binaları məhv edilib. Anbarda 16 min kubmetrdən çox yanacaq olub. Zərərin miqyası dəqiqləşdirilir, təcili bərpa işləri aparılır.

Bu, son 10 gün ərzində həmin neft bazasına edilən ikinci kütləvi hücumdur. Avqustun 8-də də rus hərbçilərinin bazanı PUA-larla vurması nəticəsində dizel boru kəməri zədələnmişdi, SOCAR-ın dörd əməkdaşı ağır yaralanmışdı. Bundan iki gün əvvəl isə Novoselskoye kəndində yerləşən “Orlovka” kompressor stansiyasına hücum olmuşdu. Bu stansiya vasitəsilə Azərbaycan qazı Trans-Balkan qaz kəməri ilə Ukraynaya ötürülür. Bundan sonra Caliber nəşrinə yaxın mənbələr Azərbaycan hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinə silah göndərmək məsələsini nəzərdən keçirdiyi barədə məlumat vermişdi.

Bundan başqa, prezident İlham Əliyev Ukraynaya əlavə olaraq 2 milyon dollarlıq humanitar yardım ayırdı və prezident Volodimir Zelenski ilə telefonla danışdı. Onlar Rusiyanın Azərbaycana bağlı olan obyektlərə məqsədyönlü hava zərbələrini qınayaraq, belə addımların heç bir halda ölkələr arasında enerji sahəsində əməkdaşlığın dayanmasına səbəb olmayacağını vurğulayıblar.

Maraqlıdır, Rusiya bununla nə əldə etmək istəyir? Bu hücumların Putinin xəbəri olmadan endirilməsi qətiyyən inandırıcı deyil. Halbuki, belə zərbələr vəziyyəti yalnız gərginləşdirir və Rusiya-Azərbaycan münasibətlərinin normallaşması perspektivini daha da uzaqlaşdırır.

Son hadisələrlə bağlı Pressklub.az-a danışan müstəqil analitik Rəşad Rzaquliyevin sözlərinə görə, dünyada baş verənlərin Azərbaycanı seçim qarşısında qoyduğunu anlamağın vaxtıdır.

“Ya biz dövlət və millət olaraq aktiv geosiyasi mərkəzlərin diktəsinə tabe olmadan öz maraqlarımızı müdafiə edirik, ya da kiminsə qeyri-müəyyən perspektivli əlaltısına çevrilməyə razı oluruq. Ən pisi isə müstəqilliyimizi və suverenliyimizi yeni dünya düzənindən əvvəlki geosiyasi xaosdan asılı vəziyyətə salmaqdır.

Azərbaycan, prezident İlham Əliyev rəhbərliyi və ictimaiyyətin dəstəyi ilə “geosiyasi komplimentarlığı” kənara ataraq öz müstəqil oyununu aparmağa başladı. Bəli, müstəqil siyasətimiz, öz maraq və prinsiplərimizin “qiymətini” ödəməli olacağıq. Bəli, ləyaqətli gələcək naminə “paralel itkilər” də olacaq. Təəssüf ki, bununla barışmaq lazım gələcək.

Rusiya Federasiyası, demək olar ki, “mental səviyyədə” militarizasiya olunur. “Bizimlə olmayan – bizə qarşıdır” Bibliya prinsipinin dəyişdirilmiş forması Rusiyada getdikcə daha çox özünü göstərir. Azərbaycan isə cəsarətlə bəyan edir ki, özünə və vətəndaşlarına qarşı imperiya saymazlığına dözməyəcək. Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla münasibətlərdə sürətli siyasi-diplomatik sıçrayış formatının təşəbbüskarı kimi çıxış etdi. Bu da Cənubi Qafqaz regionunun dinc gələcəyinə xidmət edəcək. Və əslində sübut etdi ki, Rusiyanın bölgədəki vasitəçiliyi nəinki qeyri-effektivdir, həm də zərərli və dağıdıcı xarakter daşıyır”, – ekspert vurğulayıb.

O xatırladıb ki, Azərbaycan Rusiya və İranın ərazilərindən yan keçən beynəlxalq nəqliyyat-logistika dəhlizinin formalaşdırılmasında fəal iştirak etməyə başlayıb. “Azərbaycan açıq şəkildə bəyan etdi ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi təcavüz aktıdır. Rusiyanın siyasi rəhbərliyinin mövqeyi bütün Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasına dağıdıcı təsir göstərir.

Nəticədə bu gün baş verənləri görürük. Rusiya öz ölkəsində Azərbaycan diasporunun fəallarını təqib edir, dövlət terrorundan və məhkəməsiz cəzalandırmadan belə çəkinmir. Rusiya Azərbaycanın neft və neft emalı sənayesinə qarşı diversiyalardan istifadə edir. Və bu, hələ başlanğıcdır.

Rusiya sürətlə düşmənə çevrilir. Bu vəziyyət bir vaxtlar mövcud olan yaxşı münasibətləri xatırlayanda təəssüf doğurur. Amma baş verənlərin geri dönüşsüz olduğunu da göstərir. Və əminlik yaradır ki, Azərbaycan müasir tarixin düzgün tərəfini seçib. Həqiqət və ədalətin yalan və zorakılığa qarşı duran tərəfini”, – Rzaquliyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru