MTN-də qanunsuzluqla üzləşən sahibkarlar istintaqa çağırılır

20-10-2015, 20:10           
MTN-də qanunsuzluqla üzləşən sahibkarlar istintaqa çağırılır
Oktyabrın 17-də MTN-də başladılan xüsusi əməliyyat və həbslərlə bağlı məlumatların ardı-arası kəsilmir. Baş prokurorluğun yaydığı rəmi məlumata görə, işdən çıxarılaraq həbs edilən yüksək rütbəli MTN əməkdaşlarının sayı 7 nəfərdir.

Musavat.com-a etibarlı mənbədən daxil olan məlumata görə, hazırda “MTN işi” üzrə zərərçəkən sahibkarların siyahısı hazırlanır. Həmin şəxslərdən bir neçəsinin yaxın saatlarda ifadə verəcəyi də gözlənilir. Həmin sahibkarlardan biri redaksiyamıza bildirib ki, 2 ay əvvəl MTN-in Antiterror Mərkəzinə dəvət olunub. Orada iş adamına “istəsək səndən bin Laden, narkobaron da düzəldə bilərik” deyiblər. Qarşısına Bakıda olan obyektinin, restoranının, maşınlarının, övladının təhsil aldığı məktəbin və ona aid olan digər məlumatları qoymaqla konkret rəqəm səsləndiriblər – 250 min manat.

Sahibkar deyib ki, orada həmin məbləği ödəməsə, barəsində cinayət işi başlanılacağını bildiriblər. Məcburiyyət qarşısında qaldığından tələb olunan məbləği ödəmək üçün obyektini yarı qiymətə satıb.

“Obyektimə görə beh kimi aldığım 120 min manatı verdim, məni azad etdilər. 130 min manatı isə sonrakı ay ərzində obyekti satdığım şəxsdən hissə-hissə alaraq verib canımı qurtardım”.

Sahibkar “həmin dövrdə niyə şikayət etmirdiz” sualına “nəslimi kəsərdilər” cavabını verib.

Qeyd edək ki, həyata keçirilən xüsusi əməliyyat zamanı MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev, Əməliyyat-Texniki İdarəsinin rəisi general-mayor Natəvan Mürvətova, nazir müavini, general-leytenant Hilal Əsədov, idarə rəisi general-mayor Akif Çovdarov və digər 2 şəxsin saxlanılması haqda məlumat var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.