Tovuzda əsgəri kürəyindən 3 güllə ilə kim vurub?! - İTTİHAM
9-11-2015, 14:12
“Zəng vurdular, dedilər, özünü güllə ilə vurub. Meyiti açanda gördük ki, kürəyində 3 güllə yarası var. Adam özünü kürəyindən 3 güllə ilə necə vura bilərdi?”
Bunu “Azadlıq” radiosuna Ağdaş rayon sakini Fikrət İsrailov deyib.
F.İsrailov Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə xidmət edən qardaşı oğlu, 19 yaşlı Məhəmməd Siraclının noyabrın 7-də qətlə yetirildiyini deyir.
Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub: “Dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, bu, özünü necə vurub ki, güllə izləri kürəyindədir. Adam öz kürəyinə necə atəş aça bilərdi? Sinəsinin sağ tərəfində, dodağında, boynunda qaraltılar vardı. Suallarımızı cavabandırmağa bir səlahiyyətli adam tapılmadı. Meyiti götürüb gəldik”.
Fikrət İsrailov deyir ki, Məhəmməd gözdən əlil kimi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatda imiş. Hətta əlil kimi təqaüd də alırmış. Hərbi xidmətə isə könüllü gedib: “Çox istəyirdi ki, o da əsgər olsun, vətənə xidmət etsin. Aparmaq istəmirdilər, özü bir neçə dəfə hərbi komissarlığa getdi. Nəhayət, bu il aprelin 10-da hərbi xidmətə yollandı. Vətənə xidmətə getmişdi, ancaq onu öldürdülər. Nəşini götürüb kəndə qayıtdıq. Yuduq, kəfənlədik... Hərbi hissədən bir neçə əsgər gəlmişdi. Hərbi hissə rəhbərliyindən heç kəs gəlməmişdi. Fikrimizdə vardı ki, bir rəsmi adam ortaya çıxıb məsələyə aydınlıq gətirməyənədək dəfn etməyək. Ancaq mərhumun nəşini incitmək istəmədik, günortadan sonra torpağa verdik”.
Əmisi deyir ki, Məhəmməd hərbi xidmətdə olduğu 7 ay ərzində heç vaxt şikayətlənməyib.
Ağdaşın Şor Dəhnə kəndindən olan 19 yaşlı Məhəmməd Siraclı ailənin yeganə övladı idi.
Noyabrın 8 və 9-da qeyri iş günləri olduğuna görə əsgərin ölümü ilə bağlı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mövqeyini əldə etmək mümkün olmayıb.