Azərbaycan-İran sərhədində atışma olub, ölən var

19-06-2020, 00:04           
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunmuşdur. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı av­tomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həya­tına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri güllə yarası almış və İİR ərazi­sinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölmüş­dür. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxa­rılmışdır. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olmasından istifadə edərək geri qaçmış və İİR sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılmışlar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru