Baş prokurorluq DYP işçilərinin döyülməsi barədə MƏLUMAT YAYDI
24-02-2016, 20:03
Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilmişlər. Bu barədə Teref/info-ya baş prokurorluqdan məlumat verilib.
Belə ki, fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ 2107” markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq sürücü yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar masisivində avtomobilini saxlamışdır.
Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetirmişlər.
V.Abbasov aldığı xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilmiş, C.Ağayevə isə ambulator tibbi yardım göstərilərək evə buraxılmışdır.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış və məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nətiəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.