Mərkəzi Bankın dollar “simicliyinin” səbəbi üzə çıxır
26-02-2016, 11:43
Mərkəzi Bankın fevralın 24-də keçirdiyi hərracda bankların dollara olan tələbatını tam ödəməməsi cəmiyyətdə narahatlıq yaradıb. Təhlillər bu durumun bazarda dollar qıtlığına və dolayısı ilə dolların bahalaşmasına səbəb olacağı ehtimalı üzərindədir.
Qeyd edək ki, Mərkəzi Bank hərracda cəmi 30 milyon dollar məbləğində vəsait satışa çıxarıb. Hərracda iştirak edən 14 bank isə 66,760 milyon dollar almaq istəyib. Mərkəzi Bank valyuta sifarişinin cəmi 44,9 faizi təmin edib. Yəni dollara olan tələbatın heç yarısı da ödənilməyib. 4 milyard dollara yaxın valyuta ehtiyatlarına malik olan Mərkəzi Bankın 37 milyon dollara yaxın vəsaiti bazara çıxarmamasının səbəbləri bəlli deyil.
Cəmiyyəti isə bir sual maraqlandırır. Mərkəzi Bank bu addımı ilə nə etmək istəyir? Dolların növbəti dəfə bahalaşması üçün şərait yaradır, yoxsa vəsaitlərinə qənaət etmək istəyir? Bu qurum bazarda yaranan dollar qıtlığının hansı nəticələrə səbəb olacağını, “qara bazarın” canlanacağını gözə alırmı?
İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın hərracları manatın məzənnəsinin formalaşmasına birbaşa təsir edir və son hərrac dolların möhkəmlənməsinə şərait yaratdı: “Xatırlayırsınızsa, hərrac yeni başlayanda 30-dan çox bank iştirak etmişdi. Dollara kifayət qədər tələbat var idi. Sonradan zaman ötdükcə, hərracda iştirak edən bankların sayı əhəmiyyətli dərəcədə azaldı. Belə bir təəssürat yaranırdı ki, Mərkəzi Bank böyük həcmdə valyutanı, konkret desək, 200 milyon dolları satışa çıxarırdı, tələbat tam şəkildə ödənilirdi və artıq da qalırdı. Son vaxtlar isə alış 20-30 milyon dollar səviyyəsinə düşmüşdü. Ancaq son hərracda Mərkəzi Bank həmişəkindən fərqli olaraq satışa 30 milyon dollar çıxardı. Məbləği birdən-birə 200 milyon dollardan 30 milyona saldı, tələbat da əvvəlki ilə müqayisədə xeyli artdı. Elə oldu ki, eyni gündə həm təklif azaldı, həm də tələbat çoxaldı və tələbat tam ödənilmədi. Bu da dolların manata olan rəsmi məzənnəsinin bahalaşmasına gətirib çıxardı. Çünki manatın dollara olan məzənnəsi Mərkəzi Bankın təşkil etdiyi hərracın nəticələri əsasında formalaşır”.
Ekspertin sözlərinə görə, Mərkəzi Bank müəyyən inzibati metodlardan istifadə edərək, manatın məzənnəsini sabit saxlamağa çalışır: “Əvvəlki hərraclarda tələbatın getdikcə aşağı düşməsinin səbəbi o idi ki, bazarda pul kütləsi az idi. Mərkəzi Bank dəfələrlə bildirmişdi ki, pul qıtlığı var. Bunun səbəbi həm də manata təzyiqi azaltmaq idi. Təsəvvür edin ki, bu gün pul kütləsi buraxılsa, dollar alışına yönələcək. Bu da manatın məzənnəsinə çox böyük təzyiq olar və manatın ucuzlaşmasına gətirib çıxarar. Buna görə də Mərkəzi Bank bu inzibati metodlardan istifadə etməklə hələ ki manatın məzənnəsini sabit saxlamağa çalışır. Biz də dəfələrlə demişik ki, bu metodun müvəqqəti effekti olsa da, uzunmüddətli effekti olmayacaq.
Sual olunur ki, Mərkəzi Bank hərraca çıxarılan valyutanın həcmini niyə birdən-birə 200 milyon dollardan 30 milyona saldı. Burada bir nüans var ki, manat devalvasiyaya uğrasa belə, biz görürük ki, Mərkəzi Bankın valyuta ehtiyatları əriməkdə davam edir. Deməli, devalvasiya valyuta ehtiyatlarının azalmasına kömək etmir.
Mərkəzi Bank bununla onu demək istəyir ki, mənim valyuta ehtiyatlarım məhdud bir həcmə gəlib çatıb və bundan sonra çox məhdud həcmdə dollar satışı həyata keçirəcəyəm və lazım gəlsə, manatın növbəti dəfə ucuzlaşmasına gedəcəyəm. Yəni Mərkəzi Bank valyuta ehtiyatlarını qorumağı üstün tutur, nəinki manatın məzənnəsini saxlamağı. Mərkəzi Bank bunu demək istəyir. Həm də artıq cəmiyyəti üzən məzənnə siyasətinə hazırlayır.
Yəni qarşıdakı dövrlərdə ola bilər ki, manat bu gün möhkəmlənsin, sabah isə ucuzlaşsın, yəni artıq manat saxlanılmaya bilər. Mərkəzi Bank manatı dollara nisbətdə məzənnəsinin oynamasına hazırlayır.
Mən hesab edirəm ki, manatın indiki məzənnəsi müvəqqətidir, milli valyutanın bahalaşması üçün iqtisadi zəmin yoxdur. Əksinə, iqtisadi vəziyyət manatın əleyhinədir. Manat əgər tam sərbəst buraxılsa, sürətlə ucuzlaşa bilər. Mərkəzi Bank yəqin ki, tədricən manatı ucuzlaşdırmaqda davam edəcək. Hər bir halda, bu onların qərarıdır. Hər halda, mən manatın məzənnəsi üçün yaxın vaxtlarda optimist bir durum görmürəm".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə yaxın zamanlar üçün devalvasiya ehtimalını istisna etdi: “Mən bunu devalvasiya ilə əlaqələndirməzdim. Devalvasiya proqnozu vermək hazırda çox tezdir. Ancaq proseslər belə davam edərsə, ciddi iqtisadi islahatlara gedib nəticələr əldə edilməzsə, müəyyən problem yarana bilər. Ancaq mən hələ ki, bu çevikliyi görmürəm. Digər tərəfdən, neftin qiyməti də artıb-azalmır, 30 dollar civarında qalıb. Mərkəzi Bankın da valyuta ehtiyatları azalıb. Mərkəzi Bank ehtiyatlarını qoruyub saxlamaq üçün valyuta bazarına müəyyən müdaxilələr edir. Bütün bunlar faktdır. Lakin mən hesab etmirəm ki, yaxın vaxtlarda devalvasiya olsun.
Mərkəzi Bankın bu addımının səbəbi odur ki, dollarlaşma prosesi gedir, manatı dollara çevirib, sonradan banka yatırmamaq problemi aktualdır. Biz əmanətlərin tam sığortalanması haqqında qanun qəbul etdik. Ancaq o qanun hələ imzalanmayıb. O qanun vaxtında imzalansa idi, müəyyən qədər bu problemlərin də qarşısı alınmış olardı. Deyirlər ki, banklar birləşir, bank sektorunda təmərküzləşmə prosesi gedir, ona görə də müəyyən qədər gecikir. Ancaq bu qanun nə qədər tez imzalansa, bir o qədər yaxşı olar".