Ermənistandan Qarabağa gələn könüllülərin avtobusu “gəzən sursat”la vuruldu – 5 ölü
4-04-2016, 23:46
Azərbaycan Ordusunun bu gün Ağdərə istiqamətində erməni hərbçilərini daşıyan avtobusu vurması nəticəsində düşmən ciddi itki verib.
“AzeriDefence”nin “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində hərbçiləri daşıyan avtobus vurulub. Nəticədə avtobusda Qarabağa könüllü şəkildə döyüşməyə gələn 5 nəfər ölüb.
Hraparak.am saytının məlumatına görə, avtobusda Ağdərə rayonuna döyüşə gedən Sünik dəstəsinin könüllüləri olublar.
Məlumatlara görə, erməni hərbçiləri daşıyan avtobusunun vurulması “gəzən sursat”la (loitering munition) həyata keçirilib. “Gəzən sursatlar” PUA-lar kimi üzərində elektro-optik kameralar daşıya, saatlarla havada qala, kəşfiyyat görüntülərini real vaxt rejimində operatora ötürə bilsə də PUA-lardan birdəfəlik istifadəsi və korpusunun içində özünü məhv edən partlayıcı başlığının olması ilə fərqlənir. Bu “kamikadze”lər hədəfləri tapır, izləyir və dəqiq zərbəylə taran edərək özünü və hədəfi də məhv edir. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir.
“Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. 135 kq çəkiyə malik “Harop” 13/23 kiloqram partlayıcı yükə sahibdir.