Artur Rəsizadənin yerinə kimi təyin edirlər? - İDDİA
5-05-2016, 17:17
Baş nazir Artur Rəsizadənin yaşlanması səbəbindən artıq vəzifələrini icra edə bilmədiyi sirr deyil. Hökumət illərdən bəri onun görəvindən alınacağı və yerinə bir başqasının təyin ediləcəyini gözlədiyi halda, proses qəribə şəkildə yubanmaqdadır. Amma bunun da sonunun olacağı şübhəsizdir. Çünki Rəsizadənin özü artıq işləmək istəmədiyini dəfələrlə rəsmi qurumlara çatdırıb.
JAM.AZ xəbər verir ki, ölkənin ikinci şəxsi olmaq uğrunda hakimiyyət içində mübarizə aparan məmurlar da az deyil. Bu sırada xeyli sayda adamların adını çəkmək olar. Düzdür, onlardan bir çoxlarının şansı artıq yoxdur. Bəziləri isə özünü baş nazir postunda görür.
Etibarlı mənbələrdən JAM.AZ-a verilən məlumata görə, baş nazir olmağa hazırlaşan və buna əmin olduğunu yaxın çevrəsinə bildirən vergilər naziri Fazil Məmmədov artıq komandasını da qurmağa başlayıb. Mənbə bildirir ki, Məmmədovun komandasında çox maraqlı fiqurlar var və bu baş tutarsa, elə ciddi dəyişikliklərin də olacağı qaçılmaza çevriləcək.
Məlumatda vurğulanır ki, Fazil Məmmədov baş nazir olacağı təqdirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi özünə müavin aparacaq. Aydın Əliyevi əvəzləyəcək kadr isə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov olacaq. Xatırladaq ki, Alimpaşa Məmmədov vergilər nazirinin ən etibarlı adamlarından biri sayılır və onun Şəmkirə icra başçısı göndərilməsi də məhz bu etimaddan irəli gəlib.
Bəs, Alimpaşa Məmmədovu kim əvəzləyəcək? JAM.AZ-a məlumat verən mənbə iddia edir ki, Şəmkirin yeni icra başçısı Mahir Rəfiyev olacaq. Vergilər nazirinin müşaviri postunu tutan Rəfiyevin artıq bir neçə aydın Şəmkirə gedib gəldiyi və işləri təhvil aldığı vurğulanır.
Məsələ ilə bağlı araşdırmamız davam edir.