Baş həkimin komada olan uşağa yaşatdığı kabus – Xəstəxanaya qəbul etmir

5-05-2016, 22:57           
Baş həkimin komada olan uşağa yaşatdığı kabus – Xəstəxanaya qəbul etmir
Respublika Neyrocərrahiyyə Xəstəxanası16 gündür ki, komada olan 8 yaşlı Əsmər Haqverdiyevanı qəbul etmir.

Bu barədə uşağın atası, Qazax rayon sakini Nizami Qaraoğlu məlumat verib. N.Qaraoğlunun sözlərinə görə, Əsmər aprelin 19-da avtomobil qəzası keçirib və hadisə nəticəsində ağır travma alaraq Qazax rayon xəstəxanasına yerləşdirilib: “Rayonda ilkin müalicə öz effektini verib. Artıq uşağın hissetmə orqanları aktivləşib. Qazax xəstəxanasında həkimlər imkanları daxilində nə lazımdırsa edib. Həkimlər bundan sonra müalicənin Bakıda davam etdirilməsini məsləhət görüb. Deyirlər ki, Əsmər təclili olaraq Bakıya aparılmalıdır”.

N.Qaraoğlu bildirib ki, Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov 8 yaşlı Əsməri rəhbərlik etdiyi səhiyyə ocağına buraxmır: “Qazax xəstəxanasının həkimləri Kabus həkimlə əlaqə saxlayıb. Baş həkim mayın 4-ə kimi Əsməri qəbul etməyəcəyini deyib. Bildirib ki, mən bu uşağı xəstəxanaya qəbul edə bilmərəm. O, buna səbəb kimi Əsmərin ayağında olan qırıqları bəhanə edib. Deyib ki, balaca Əsmərin ikinci problemi olduğu üçün onu qəbul edə bilməzlər”.

Əlacsız qalan ata Qazax Rayon İcra Hakimiyyətinə üz tutub və onlardan balasının Neyrocərrahiyəyə götürülməsi üçün köməklik olunmasını xahiş edib: “Onların xahişindən sonra Kabus həkim insafa gəlib. Deyib ki, mən Əsməri xəstəxanaya götürə bilərəm. Amma bir şərtlə. Qoyun 5 gün keçsin. Əgər uşaq komadan ayılarsa, o zaman burada müalicə edərik. Bəlkə o günə kimi uşaq öldü? Mənim çabaladığım odur ki, uşaq komadan ayılsın. Qızdırması 39-40-dır, düşmür. Belə bir vəziyyətdə uşaq 4 günə sağ qala biləcəkmi?”

Nizami Qaraoğlu sonda əlaqədar təşkilatlara üz tutub Əsmərin həyatı üçün imdad diləyib: “Mənim balamın ölməsinə göz yummayın. Onu Bakı xəstəxanalarının birində yerləşdirilməsinə yardımçı olun. Qoymayın Əsmər ölsün”.

///AzNews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.