Keçmiş nazir və polis generalının oğlu həkim nəzarətindədir - AÇIQLAMA

22-05-2015, 22:00           
Keçmiş nazir və polis generalının oğlu həkim nəzarətindədir - AÇIQLAMA
Bir müddət öncə 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev və Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin müalicə müəssisəsinə yerləşdirilməsi ilə bağlı məlumat vermişdik.

Modern.az saytı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən həm Nicat Quliyevin, həm də Tamerlan Əsədullayevin səhhətləri ilə maraqlanıb.
İdarənin müalicə işinin təşkili rəisi, baş idarə rəisinin müavini İftixar Qurbanlı hazırda Nicat Quliyevin səhhətinin normal olduğun bildirib: “Onun səhhətində təhlükə daşıyan patologiya aşkar olunmayıb.

Müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Nicat Quliyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ətraflı müayinə məqsədi ilə köçürülüb. O, cəza çəkdiyi müəssisəyə müayinələr yekunlaşandan sonra qayıdacaq”.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Polis generalının oğlunun səhhəti barədə məlumat verən idarə rəsmisinin sözlərinə görə, Tamerlan Əsədullayevin səhhəti stabildir: “Hazırda onun səhhəti ilə bağlı problemi yoxdur. Tamerlan Əsədullayevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında tibb sanitar hissəsi fəaliyyət göstərir. O, həkim nəzarətindədir”.

Tamerlan Əsədullayev Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Baş Prokurorluğun məlumatına görə, aprelin 10-da Bakının «Senator» restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb.

Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.