Xırdalanda sahibsiz itlər qadını parçaladı - Açıqlama - VİDEO
8-04-2024, 12:33
Xırdalanda 20-ə yaxın sahibsiz it Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Rəmayə Oqtay qızı Mehdiyevaya hücum edərək, onu yaralayıblar.
Bu barədə Bakupost.az -a Xırdalan sakinləri bildirib.
Qeyd edək ki, bu, son vaxtlar Xırdalanda yaşanan ikinci belə hadisədir. Bundan öncə - mart ayında dördüncü sinif şagirdi sahibsiz küçə itlərinin hücumuna məruz qalmışdı.
Bakupost.az ötən həftə Xırdalanda sahibsiz küçə itlərinin sürü halında gəzdiyi və hər an insanlara zərər verəcəyi barədə material dərc etsə də, təəssüf ki, müvafiq qurumlar heç bir tədbir görmədilər. Nəticədə dünən daha bir nəfər itlərin hücumuna məruz qaldı.
Görəsən, heç olmasa, bu hadisədən sonra insanların təhlükəsizliyi üçün tədbir görüləcəkmi?
Məsələylə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli Bakupost.az -a bildirdi ki, hazırda Xırdalanda sahibsiz küçə itlərinin saxlanması üçün sığınacaq yoxdur:
“Bunu nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub".
S.Qasımbəyli qeyd edib ki, layihənin smeta xərcləri hazırlanıb və artıq tikinti üçün maliyyə vəsaiti ayrılıb:
"Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq, Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən onun tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanacaqdır”.