Azərbaycanda ŞOK OLAY: - saxta sürücülük vəsiqəsi verib əslini aldı
28-08-2024, 18:46
Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə əsl vəsiqə alan şəxsə cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, vətəndaş Samir Ələkbərov (ad və soyad şərti) Rusiyada pul müqabilində saxta sürücülük vəsiqəsi əldə edib. O, Azərbaycana qayıdandan sonra həmin saxta sənəd əsasında orijinal sürücülük vəsiqəsi almaq istəyib.
Bu məqsədlə həmin saxta sənədi Bakının Nərimanov rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinin aidiyyatı şöbəsinə təqdim edib. Bununla da əsl sürücülük vəsiqəsini ala bilib.
Bundan başqa S. Ələkbərov əldə etdiyi əsl sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddətini yeniləməkdən ötrü bu dəfə Sumqayıt şəhərindəki “Asan Xidmət” Mərkəzinə yaxınlaşıb. O, bu dəfə də istəyini reallaşdıra bilib və vəsiqəsinin etibarlılıq müddətini artırıb.
Ancaq onun bu cinayət əməlləri məlum olub və barəsində Cinayət Məcəlləsinin 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Samir İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 29-da baş tutacaq.
Samir Ələkbərov barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.