Azərbaycanlı biznesmenin əmlakına həbs qoyuldu, cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:58
Rusiyanın Krasnodar vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı biznesmen Novruzov Şahlar Novruz oğlunun fəaliyyəti ilə bağlı araşdırmalara başlayıb. Bu günlərdə N.Novruzovun nəzarətində olan strukturların ofislərində və onun yaxın silahdaşlarının yaşayış ünvanlarında axtarışlar aparılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlərin fikrincə, Novruzov dələduzluq sxemlərindən istifadə edərək, icarəyə götürdüyü Tuapse dəniz ticarət limanının əmlakını ələ keçirməyə və oğurlamağa cəhd edib.
Bundan əlavə, o, Krasnodar vilayətinin Tuapse rayonunun Nebuq kəndində elit mehmanxana kompleksi tikir. Tikinti işlərinin gedişatının yoxlanılması nəticəsində Krasnodar vilayətinin prokurorluğu Rusiya Federasiyasının qanunvericiliyinin çoxsaylı pozuntularını müəyyən edib. Arxeoloji abidə tamamilə dağıdılıb, qaya və sahil xəttinə gedən yol dağıdılıb.
Məlumata əsasən, Novruzovun hərəkətləri Krasnodar diyarının ekologiyasına 850 milyon rubldan çox ziyan vurub. Hazırda tikinti işləri dayandırılıb, N.Novruzovun nəzarətində olan şirkətlərin hesablarına və əmlakına həbs qoyulub. Faktla bağlı cinayət işi açılıb.
Qeyd olunur ki, Novruzovun yaxın çevrəsindən bir neçə köməkçi Rusiya ərazisini tərk edib.