Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi cavab verməkdən imtina etdi

26-04-2017, 00:36           
Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi cavab verməkdən imtina etdi
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov hazırda həbsdə olan və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin sabiq rəisi, general Elçin Quliyevin cinayət işi üzrə sözügedən idarədə aparılan istintaqın yekunu ilə bağlı ittiham aktının zərərçəkənlərə verilməməsiylə bağlı sualı cavablandırmaqdan imtina edib.
Bu haqda Gununsesi.info-nun sorğusuna cavabında E.Əhmədovun köməkçisi bildirib.
O, bildirib ki, E.Əhmədov məşğuldur və bu sualın cavabını vermək niyyətində deyil.
Xatırladaq ki, hazırda həbsdə olan-ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi general E. Quliyevin cinayət işi üzrə maraqlı məqam yaranıb. Gununsesi.info-nun generalın işi üzrə zərərçəkənlərə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində aparılan istintaqın yekunu ilə bağlı İttiham Aktı iş üzrə zərərçəkənlərin bəzilərinə təqdim olunmayıb.
Belə ki, ittiham aktı məhkəməyə göndərilsə də, onlar ittiham aktı ilə tanış ola bilmirlər.
Zərərçəkənlər bildirirlər ki, prokurorluğun müstəntiqləri telefonlarını onların üzünə bağladığından əlavə məlumat da ala bilmirlər:
“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin qapısından isə bizi içəri almırlar”.
Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, E. Quliyevin məhkəməsi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək.
Prosesin hazırlıq iclası bu ayın 27-nə təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.