General oğlunun həbsində yeni məqamlar - İlginc
13-04-2015, 10:35
Ölkə mətbuatı aprelin 10-da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis generel-mayoru Şərif Əsədullayevin öz oğlu Tamerlan Əsədullayevi həbs etdirərək istintaq orqanlarına təhvil verməsi barədə yazır. Qısa xatırlatma üçün bildirək ki, general Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində dava saldığını, bir nəfəri döydüyünü və sonra da qaçıb gizləndiyini eşidib.Qafqaz Xəbər Agentliyi bildirir ki, dərhal oğlunu tapdıran və sonra da, necə lazımdırsa, tənbeh edən Əsədullayev bu özbaşınalığa göz yummayaraq, oğlunu öz əlləri ilə gətirib polisə təhvil verib və israrla da həbs olunmasını istəyib! Bizə çatan məlumata görə, artıq məhkəmə qərarı ilə Tamerlan Əsədullayevin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb. Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır. Qeyd edək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd ediblər. Lakin generalın oğlu onlara tabe olmayıb, polisləri söyüb və onları vuraraq hadisə yerindən uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Qafqaz Xəbər Agentliyinin məlumatına görə polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, polis bölməsinə aparılıb.
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) daxil olan məlumata görə, hadisə aprelin 10-da “Senator” restoranında baş verib. Hadisə zamanı Tamerlan Əsədullayev yeyib-içəndən sonra restoranın mühafizəçisini arxadan bıçaqlayıb. Mənbə bildirir ki, “Senator” restoranı “Azimport” şirkətinin sahibi Əli Əsədovundur. Əlbəttə, “atalar və oğullar” problemi yüz illərdir müzakirə olunur və hələ uzun müddət müzakirə olunacaq. Vaxtilə DİN-in idarə rəisi general Zakir Nəsirov həbs olunada onun oğlu DİO-da öz işini davam etdirdi. Çünki oğul atasının əməlinə görə cavab verməli deyil. Ancaq bu dəfə yerlər əksinədir. Ata cinayətkar oğluna görə cavab verməlidir, yoxsa yox..? Yaxın günlərdə bu sualın cavabını biləcəyik.